Modern.az

"Ovçular" kolbasası və sosiskaları ilə bağlı nöqsanlar aşkarlanıb

"Ovçular" kolbasası və sosiskaları ilə bağlı nöqsanlar aşkarlanıb

Təhsil

7 Fevral 2011, 17:49

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, 40 ünvanında "Ovçular ət və ət məhsulları" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı nöqsanlar aşkarlanıb.

Belə ki, yoxlama zamanı "Servelat halal", "Ovçular halal", "Həvəskar", "Hinduşka" kolbasalarının və "Moloçniye" sosiskalarının gigiyenik sertifikat və müvafiq reseptura olmadan, "Ruskaya", "Servelat", "Moskovskiy servelat", "Oxotniçaya", "Lyubitelskaya", "Doktorskaya", "Halal bərəkət", "Halal", "Domaşniy", "Halal ovçular" kolbasalarının isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, "Domaşniy" və "Halal ovçular" kolbasalarının etiketində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin göstərilmədiyi, habelə kolbasaların və sosiskaların üzərində yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan göstərildiyi müəyyən olunub.

Bundan başqa, yoxlama zamanı müəssisənin anbarında saxlama müddəti ötmüş Almaniya istehsalı olan "Sorbat R" adlı qılaftəmizləyici maddə aşkar edilib.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar, kolbasa və sosiska istehsalının dayandırılması, uyğunluq və gigiyenik sertifikatları olmadan istehsal edilmiş 2,2 ton ət məhsullarının satışının qadağan edilməsi və müəssisə tərəfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, habelə saxlama müddəti ötmüş 6 kq qılaftəmizləyici maddənin məhv edilməsi barədə "Ovçular ət və ət məhsulları" MMC-yə icrası məcburi göstəriş verilib.

 Araşdırmalar davam etdirilir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ət məhsulları alarkən diqqətli olmağı tövsiyə edir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər