Modern.az

«Hakimiyyət «dəyişikliyi biz özümüz də həyata keçirə bilərik» mesajını vermək istəyir»

«Hakimiyyət «dəyişikliyi biz özümüz də həyata keçirə bilərik» mesajını vermək istəyir»

8 Fevral 2011, 12:51

Hacı Tahir Abbaslı: «Dövlət başçısı korrupsiyanın aradan qalxmasını istəyirsə demokratik seçkilər yolu ilə heç kimdən asılı olmayan parlament formalaşdırılmasına və  məhkəmə hakimiyyətinə nail olmalıdır»

Dövlət başçısının göstərişinə əsasən, Koorupsiyaya qarşı Mübarizə Komissiyasının, ardıncada müxtəlif nazirlik və təşkilatların toplantılar keçirib bu məsələni müzakirə etmələri, bəzi şəxsləri cəzalandırmaları və digər tədbirlər ictimai-siyasi qüvvələr tərəfindən birmənalı qarşılanmır.
Bəziləri bunun Tunis və Misirdə baş verən üsyanlardan doğan narahatçılıq kimi qiymətləndirir. Bəziləri isə hökumətin həqiqətən də korrupsiyaya qarşı mübarizəyə start verdiyini deyir.
Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı da bu fikirdədir ki, Azərbaycan hakimiyyəti müəyyən mənada ərəb ölkələrində baş verən inqilablardan ehtiyat edir: «Təbii ki, hakimiyyət Azərbaycanda dəyişiklik istəyən güc dövlətlərinin hərəkətə keçə biləcəyindən ehtiyat edir. Ona görə də, «dəyişikliyi biz özümüz də həyata keçirə bilərik» mesajını vermək istəyir».

Bununla belə AİDP sədri hesab edir ki, dövlət qurumlarında tabeçilik və nəzarət baxımından bir boşluq var: «Məncə dövlət başçısı bu yolla həmin boşğulu da doldurmaq istəyir. Hər kəsə bəllidir ki, hakimiyyətin daxilində imkanları xeyli artan qruplar yaranıb. Onlar hərəsi bir sahəyə nəzarət edir və bu da birinci şəxs üçün problemlər yaradır».

Bununla belə T.Abbaslı hesab edir ki, atılan addım effektli olmayacaq. Onun fikrincə, ölkədə bütün işlərə yalnız bir nəfərin, yəni prezidentin nəzarət etməsi, məhkəmə hakimiyyətinin müstəqil, parlamentin sözünün keçərli olmaması bu prosesin başa varmasına mane olacaq və aşağı məmur təbəqəsinin cəzalandırılmasından o tərəfə keçə bilməyəcək: «Məncə dövlət başçısı korrupsiyanın aradan qalxmasını istəyirsə, demokratik seçkilər yolu ilə heç kimdən asılı olmayan parlament formalaşdırılmasına nail olmalıdır. Həmçinin müstəqil məhkəmə hakimiyyəti yaranmalıdır. Əks təqdirdə, korrupsiyaya qarşı mübarizə effekt verməyəcək. Və sonda xalqın narazılığına və inamsızlığına səbəb olacaq».


Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı