Modern.az

Şura Dialoq Platforması təsis etdi - FOTOLAR

Şura Dialoq Platforması təsis etdi - FOTOLAR

9 Sentyabr 2016, 20:54

 

9 dövlət qurumu və 31 QHT təsis sənədinə imza atdı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, dövlət qurumları və QHT təmsilçilərinin iştirakı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təsis yığıncağını keçirib.
 
Modern.az xəbər verir ki, Hökumət, Vətəndaş Cəmiyyəti İnstitutlarının, beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Platformasının yaradılması təşəbbüsü cəmiyyət üçün vacib əhəmiyyət kəsb edir. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda   4-cü müddə Vətəndaş Cəmiyyəti İnstitutlarına həsr olunub və Dialoq Platformasının yaradılması xüsusi olaraq tövsiyyə edilib. Bunu əsas götürən Şura qeyd edilən təşəbbüslə çıxış edib: “İndiyə qədər bu istiqamətdə müxtəlif təşəbbüslər  irəli sürülüb və  uğurla icra olunub. Bununla yanaşı dövlətimizin inkişafının  yeni mərhələsini  və qarşıda  duran çağırışları və vəzifələri nəzərə alaraq bu formatda dialoq platformasının yaradılması zəruri idi. Əminəm ki,  dövlətimiz tərəfindən yaradılmış dilaoq  mühiti QHT-hökumət əməkdaşlığını fərqli keyfiyyət mərhələsinə çıxaracaqdır. Hökumət- vətəndaş institutları arasında əməkdaşlıq və dialoq hər zaman cəmiyyət üçün faydalıdır və bir çox məsələni dialoq yolu ilə həll etmək olar”.

Azay Quliyev xüsusilə vurğulayıb ki,QHT-lər bu mexanizmdən istifadə edərək onları narahat edən istənilən məsələni  Platformada iştirak edən dövlət qurumları birgə müzakirə edərək onların həllinə nail ola bilərlər.  Bu platformanın yaradılmasında dövlətin siyasi iradəsi ortadadır, belə mötəbər və geniş tərkibdə   dialoqun qurulması məhz bunun əyani göstəricisidir.

Azay Quliyev onu da qeyd edib ki, Platforma çərçivəsində tərəflər  İctimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etmək, bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək, "Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq, "Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etmək, təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq və elektron hökuməti təşviq etmək istiqamətlərində fəaliyyət göstərəcək.  Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçiləri üçün açıq olacaq.

  
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  hüquqi islahatların, Konstitusiya islahatlarının aparıldığı dövrdə və yeni iqtisadi şəraitdə bu cür platformanın, dialoqun mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Qeyd edib ki, bu gün yüksək etimad və inam mühiti mövcuddur: "Hökumət və vətəndaş cəmiyyəti arasında dialoq Milli Fəaliyyət Planında da əksini tapıb. Bu, islahatlarla bağlı əməkdaşlığı da özündə ehtiva edir. Bu gün tədbirdə iştirak edən nazirliklər və dövlət qurumlarının nümayəndələri rəhbərlərinin tapşırığı ilə burada iştirak edirlər. Məqsəd yeni əməkdaşlıq formatının qurulmasıdır. Bu baxımdan bu gün imzalayacağımız Memorandumla bu sahədə biz də üzərimizə məsuliyyət götürəcəyik”.
 
Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoruVüsal Hüseynov Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığına 2011-ci ildə qoşulduğunu və bu təşəbbüsün uğurla həyata keçirildiyini bildirib. O, Platformanın yaradılmasının əhəmiyyətli olduğunu deyib.

Sonra Vətəndaş Cəmiyyəti İnstitutlarının nümayəndələrinin QHT rəhbərlərinin iştirakı ilə Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması barədə Memorandumun müzakirəsi başlayıb.

Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev, Şəffaflıq Azərbaycan İctimai Birliyinuin sədri Rəna Səfərəliyeva, D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Vüqar Bayramov, Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri Mirvari Qəhrəmanlı, Mülki Cəmiyyətə Doğru İctimai Birliyinin sədri Abil Bayramov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, İslahatçı gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, Hüquqi Düşüncə İctimai Birliyinin sədri Samir İsayev, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musayev, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrail İsgəndərov, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə QocamanlıPlatformanın zəruriliyindən danışıb, bəzi məsələrlə bağlı rəy və təkliflərini səsləndiriblər.

QHT təmsilçilərinin səsləndirdikləri fikirlər və Dialoq Platformasının əhəmiyyəti haqda dövlət qurumlarının nümayəndələrindən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət  Agentliyinin (ASAN) Aparat rəhbəri Azad Cəfərli, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi Nicat İmanov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov çıxış edərək sualları cavablandırmış, gələcək əməkdaşlıq barədə təklif və tövsiyyələrini bölüşüblər.  

 Müzakirələrdən sonra tədbir iştirakçıları 9 hökumət, 31 Vətəndaş Cəmiyəti təmsilçisi olmaqla Açıq Hökumətin Təşviqinə dair  “Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması“nın yaradılması barədə Memorandumu imzalayıblar.

Sonda açıq səsvermə yolu ilə Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev Platformanın koordinatoru seçilib.

Tədbirdə BMT-nin Azərbaycandakı Rezident- Əlaqələndiricisi Qulam İsakzai və  Avropa ittifaqının ölkə nümayəndəliyinin rəsmisi Aleksandra Nerisanu müşahidəçi qismində iştirak ediblər.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı