Modern.az

Mərkəzi Bank nə etmək istəyir...

Mərkəzi Bank nə etmək istəyir...

10 Sentyabr 2016, 10:43

“Mərkəzi Bankın uçot dərəcəsini birdən-birə 9,5%-dən 15%-ə qaldırması sürpriz olmaqla yanaşı vəziyyətin mürəkkəbliyindən xəbər verir”. 

Modern.az xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev Mərkəzi son qərarını şərh edərkən deyib.

 

Ekspert bildirib ki, uçot dərəcəsinin qaldırılması bu səviyyədə olmasa da gözlənilən idi:

 

“Sonuncu avqust artımından sonra ekspertlər uçot dərəcələrinin mərhələli şəkildə qaldırılacağını qeyd etmişdi. Hazırda  Mərkəzi Bankın əslində gecikmiş bu addımı ölkədə inflyasiya təzyiqinin getdikcə artdığını göstərir. Baş bank uzun müddət pul kütləsini azaltmaq hesabına inflyasiyanı və devalvasiyanı nəzarətdə saxlamağa çalışsa da, bu alət kifayət etmir. Həm də pul kütləsini uzun müddət bu səviyyədə saxlamaq ölkənin pulla təminatını pisləşdirir, biznesin pula çıxışını məhdudlaşdırır. 

Mərkəzi Bankın uçot dərəcəsini 5,5% artırmaqda niyyəti mövcud olan və qarşıda daha kəskin gözlənilən inflyasiya səviyyəsini cilovlamaqdır. Eyni zamanda güman etmək olar ki, Mərkəzi Bank biznesə dəstək məqsədilə manat kütləsini artırmaq niyyətindədir. İlin sonuna doğru büdcə açılımı da pul kütləsini artırmağı tələb edir”.

 

S.Əliyevin sözlərinə görə, bu qərarın ardınca istehlak (29%) və mikrokreditlərə (25%) tətbiq edilən faiz tavanı ləğv edilməlidir:

 

“Maraqlıdır ki, qlobal maliyyə böhranı başlayanda Azərbaycanda uçot dərəcəsi ən yüksək həddə (15%) idi. Mərkəzi Bank qlobal böhranın Azərbaycana təsirini azaltmaq üçün 13.10.2008-dən başlayaraq 24.05.2009 tarixinə kimi, yəni 7 ay ərzində mərhələlərlə - 6 dəfəyə uçot dərəcəsini 2%-ə endirdi.

 

İndi neftin ucuzlaşması səbəbindən daxili iqtisadi böhran başlayıb. Uçot dərəcəsi əvvəlcə 3,5%-dən 3%-ə (30.07.2014) endirilsə də, 15.02.2016 tarixdən başlayaraq dünənki tarixə qədər 5 dəfə artım olub və uçot dərəcəsi yenidən ən yüksək həddə - 15%-ə qaldırılıb.

Hər iki addımın əsas səbəbi inflyasiya olub. Birinci halda illik inflyasiya səviyyəsi 20,8%-dən 1,5%-ə düşmüşdü. İkinci halda isə 1,4%-dən 10,6%-ə yüksəlib”.

 

Mərkəzi Bankın İdarə Heyəti 14 sentyabr 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.

 

Xatırladaq ki, bundan əvvəl Mərkəzi Bankın İdarə Heyəti  8 avqust 2016-cı il tarixində likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı hədlərini dəyişməz saxlamaqla uçot dərəcəsi 9,5% səviyyəsinə qaldırmışdı.

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər