Modern.az

Azərbaycanda gənclərə müraciət edildi

Azərbaycanda gənclərə müraciət edildi

Aktual

10 Sentyabr 2016, 14:09

 

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Azərbaycan gəncliyinə müraciət edib.

 

Modern.az xəbər verir ki, deputat Azərbaycan gəncliyinin bütün dövrlərdə dövlətçiliyimizin qorunmasında, ölkəmizin təhlükəsizlik və milli məsələlərində fəal rol oynadığına diqqət çəkib.

 

“Bu gün Azərbaycan gəncliyinin səsi dünyanın ən mötəbər tribunalarından gəlir. Dünyanın ən nüfuzlu universitetlərində azərbaycanlı gənclər təhsil alır, ən mötəbər yarışlarında idmançılarımız qələbə qazanır. Belə güclü, hər zaman dövlətinin yanında olan gənclik heç şübhəsiz ki, müstəqil Azərbaycanın təhlükəsizliyinin təminatçıdır.”.

 

Komitə sədrinin müraciətində qeyd edilir ki, gənclərimiz bu ilin aprel hadisələrində Vətəninə, dövlətinə nə qədər bağlı olduğunu öz əməli ilə sübut etdi:

 

“Müstəqillliyimizin bərpasının 25 illik dövründə vətənpərvər, milli-mənəvi dəərlərimizə sadiq, savadlı gənclik formalaşıb. Bütün bunlar isə birbaşa Ümummilli lider Heydər Əliyev siyasəti və bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Biz müstəqil Azərbaycan gəncliyi ilə qürur duyuruq.

 

F. Muradov bildirib ki, bəzi qüvvələr ölkəmizin inkişafını, Azərbaycan gəncliyinin öz dövlətinə sədaqətini qəbul edə bilmir.

 

“Xaricdə və daxildə olan belə qüvvələr  müxtəlif üsullarla dövlətimizə qarşı həm gizlin, həm də açıq şəkildə fəaliyyət göstərirlər. Hətta bəzən dövlətimizi təhdid etməkdən belə çəkinmirlər. Ancaq Azərbaycan dövlətini heç bir qüvvə sarsıda bilməz. Çünki bu dövlətin dayağı Azərbaycan xalqı və öz inamını ifadə etdiyi lideridir. Bu dövlət etibarlı əllərdədir.”

 

Komitə sədri vurğulayıb ki, Azərbaycanda vaxtilə müxtəlif cinayətlər törədənlər, sonradan bunun cavabını verə bilməyəcəklərini hiss edib xaricə qaçan nankorlar gəncliyimizi tutduqları yoldan yayındırmağa, dövlətimizi zəiflətməyə çalışırlar.

 

“Bu qüvvələrin  ölkəmizin düşmənləri ilə eyni mövqedən çıxış etməsini görən Azərbaycan gəncliyi onların çağırışına hər zaman olduğu kimi indi də məhəl qoymayacaq, bundan sonra da dövlətimizi dəstəkləyəcək, ölkəmizin daha da inkişaf etməsi, ərazi bütövlüyünün bərpa olunması üçün çalışacaqlar”.

 

F. Muradov niyə məhz indi gəncliyə müraciət etdiyinin səbəbini də açıqlayıb:

 

“Dünyada baş verən arzuolunmaz proseslər hamımızın gözü önündədir. Hər gün qanlar axıdılır, dinc insanlar qətlə yetirilir. Ancaq Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində  bu gün ölkəmiz dünyanın ən stabil, təhlükəsiz dövlətləri  sırasındadır. Bunu gəncliyimiz də yaxşı bilir, dərk edir. Əldə olunan nailiyyətləri birlikdə qorumaq hər birimizin Vətəndaşlıq borcudur.

 

Qarşıdan Azərbaycanın həyatında çox müsbət rol oynayacaq hadisə, referendum gəlir. Tam əminəm ki, gənclərimiz hər zaman olduğu kimi bu məsələdə də öz sözünü deyəcək, xaqımıza, dövlətimizə qarşı olan çağrış sahibləri isə bir daha iflasa uğrayacaqlar”.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!