Modern.az

AZAL-a Qızıl dərəcəli Avropa Xidmət Standartı təqdim edilib

AZAL-a Qızıl dərəcəli Avropa Xidmət Standartı təqdim edilib

10 Fevral 2011, 12:30

Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) Direktorlar Şurasının yekdilli qərarı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə Avropa Xidmət Standartı verilib. Standartın fəxri diplomu “AZAL”ın baş ofisində EEİG-nin Azərbaycandakı nümayəndəliyinin prezidenti Nizami Piriyev tərəfindən “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyevə təqdim edilib.

Avropa İTS Palatasının təsis etdiyi Avropa Xidmət Standartı yüksək səviyyədə xidmətə nail olmaq və müştərilərin məmnunluğunu saxlamaq üçün çalışan aparıcı şirkətlərə təsis edilən seçilmə nişanıdır. Standartın “EuSS Mavi”, “EuSS Gümüşü”, və “EuSS Qızıl” dərəcələri var. “Azərbaycan Hava Yolları” Avropa Xidmət Standartının ən yüksək “EuSS Qızıl” dərəcəsinə layiq görülüb. Bu dərəcə Avropa İTS Palatası tərəfindən “qiymətləndirilən müəssisənin müasir xidmət göstərməyə yönəldilmiş nümunəvi müəssisə üçün irəli sürülən tələblərə cavab verən və bundan başqa öz üstün xidmətlərini bütün sahələrdə nümayiş etdirə bilən” şirkət kimi təsdiq etdiyi seçmə müəssisələrə təqdim olunur.
“Azərbaycan Hava Yolları” QSC ölkəmizdə bu standartla təltif olunan tək şirkətdir. Şirkət Avropa Xidmət Standartı nişanını möhür kimi üz sənədlərində istifadə etmək hüququna malikdir.

EEİG-nin Azərbaycandakı nümayəndəliyinin prezidenti Nizami Piriyev bu haqda bildirib: “Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin dinamik inkişaf edən güclü iqtisadiyyatının stimulunu özündə əks etdirən, dayanmadan xidmət səviyyəsini artıran və yüksək səviyyədə xidmətə nail olmaq üçün çalışan bir qurumdur. Azərbaycan şirkətinin ilk dəfə olaraq belə yüksək səviyyəli Avropa Xidmət Standartı ilə təltif edilməsi bizim üçün qürürverici və sevindirici bir hadisədir.” “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Haciyev də qurumun Avropa Xidmət Standartı ilə təsis edilməsini yüksək qiymətləndirərək şirkətin bundan sonra da müştəri məmnunluğunu saxlayacağını və daha da yüksək xidmət səviyyəsinə nail olmaq uçun çalışacağını bildirib.

“Azərbaycan Hava Yolları” Azərbaycanın nəhəng aviaşirkəti və milli aviadaşıyıcısıdır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. Avropa, MDB, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımaları həyata keçirir. 2014-cü ildə uzaq uçuş məsafəsinə malik olan “Boeing” təyyarələrinin yeni partiyası alındıqdan sonra Şimali Amerika və Cənubi-Şərqi Asiya ölkələrinə daimi marşrutların açılması planlaşdırılır. İndi "Azərbaycan Hava Yolları" Azərbaycanın Milli Daşıyıcısı kimi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında (İATA) layiqli yer və MDB ölkələrinin aviaşirkətləri arasında lider mövqe tutur. "Azərbaycan Hava Yolları" həm regionda, həm də MDB-də yeni avialaynerlərin sayına görə liderlərdən biri sayılır.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat