Modern.az

“Heç olmasa xalq artisti adını hörmətsiz eləməsinlər” - QALMAQAL

“Heç olmasa xalq artisti adını hörmətsiz eləməsinlər” - QALMAQAL

14 Sentyabr 2016, 15:49

 

Son günlərin ən çox müzakirə olunan mövzusu Zeynəb Xanlarova və Flora Kərimova arasında yaşanan münaqişə ilə bağlı oldu. Tərəflərdən birinin (Flora Kərimova-red) alovlu açqlamaları “yumurta birinci yaranıb, yoxsa, toyuq?” məsəlinə bənzədi. Xalqın artistləri sanki cəmiyyəti “mən daha güclüyəm” şüarına söykənməyə çağırdı.

Gerçəklikdə isə nə Zeynəb Xanlarova, nə də Flora Kərimova 18-20 yaşlarındadır. Hər ikisinin mədəni, ictimai, siyasi sahələrdə xüsusi çəkisi var.

Bəs bu cür xüsusi çəkiyə, hörmətə sahib olan sənət adamları, aralarında nəyi bölə bilmir?

Şöhrət, mənəm-mənəmlik,yoxsa, tarixdə qalmağa iddialılıq?!

Milli Məclisin deputatı Nizami Cəfərov Modern.az-a açıqlamasında deyib ki, dünyanın hər yerində mədəniyyət, incəsənət adamları arasında bir-birinə qarşı  iddialı münasibətlər, münaqişələr baş verir.

“Bu cür münaqişələr, adətən, gənc müğənnilər arasında baş vermir. Çünki onlar yaradıcılığa çox vaxt ayırırlar, sağlam rəqabətə dözümlü olurlar. Görünür, müəyyən yaş dövrü gəlir ki, artıq yaradıcılıq ikinci plana keçir. Bu zaman aləm dəyir bir-birinə. Bu kateqoriyadan olan insanlar arasında münaqişə yarananda kimin haqlı, kimin haqsız olduğunu bilmək olmur”.

Deputat  vurğulayıb ki, bu cür insanlar arasında yaranan qalmaqala hüquqi müstəvidə baxmaq da çətin olur.

“Bu cür yaradıcı  insanların işinə məhkəmə də baxa bilmir. Qarşılıqlı ittihamlar, bəzən qarşılıqlı təhqirlər səviyyəsində olur. Ona görə də tanınmış sənət adamlarından hansınısa günahkar hesab etmək olmur. Onlar qarşılıqlı münaqişələr zamanı  çox böyük peşəkarlıq nümayiş elətdirirlər. Məsələn, biri deyir ki, “hələ 15 yaşım olanda o mənə qarşı mənfi fikirdə olub”. “Filan vaxtı sənətə gələndə paxıllığımı çəkirdi” və sairə. Bu cür hallar çox təhlükəli olsa da, reallıqdır. Hər halda, münaqişələrini özləri həll etməli və bilməlidirlər ki, bu, çox yanlış addımdır.
Mədəniyyət komitəsinin sədri olanda özüm üçün araşdırırdım ki, görüm bunlar nəyi bölə bilmirlər. Bəlli olurdu ki, mənəm-mənəmlik şöhrət, sənət rəqabətini geridə qoyur”.

Nizami Cəfərov sənət adamları arasında baş verən qalmaqalların müsbət tərəflərini də izah edib, eyni zamanda onları xalq artisti adını hörmətdən salmamağa çağırıb.

“Tanınmış adamların şəxsiyyətində bu cür hallar baş verirsə, öncə cəmiyyətin əhval-ruhiyyəsinə, insanların ovqatına mənfi təsir edir. Çünki illərlə xalqın sevimlisi rolunda çıxış edirlər. Digər tərəfdən düşünürəm ki, həmin sənət adamlarının bu cür davranışlarının “yaxşı” tərəfləri də var. Onlar illərlə gəzdirdikləri “maskanı” çıxarırlar. Ona görə də heç olmasa, onlara verilən xalq artisti adını qoruyub saxlasınlar. Bəzən fəxri adların geri alınması məsələsi gündəmə gəlir. Amma, onun da tərəfdarı deyiləm. O ad dövlətin və xalqın onlara olan münasibətidir. Özlərinin özlərinə münasibətini isə elə özləri müəyyənləşdirirlər”.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir