Modern.az

Baytarlıq Xidməti Qurban bayramında pozuntular aşkarlayıb

Baytarlıq Xidməti Qurban bayramında pozuntular aşkarlayıb

14 Sentyabr 2016, 17:33

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Qurban bayramı ilə əlaqədar sentyabrın 12 və 13-də gücləndirilmiş iş rejimində çalışmışdır. Dövlət Xidmətinin əmrinə əsasən xüsusi ayrılmış yerlərdə və heyvan kəsimi məntəqələrində qurbanlıq heyvanların satışına və kəsiminə ciddi nəzarət olunmuşdur.

 

 

Sentyabrın 14-də Qurban bayramı və bayramdan sonra heyvan satışı və kəsimi məntəqələrində baytarlıq-sanitariya qaydalarına riayət olunmasına nəzarət məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti reydlərini davam etdirmişdir. Keçirilən reydlərdə kütləvi informasiya vasitələri nümayəndələri də iştirak etmişlər.

 

 

Səhər saatlarında başlanan reydlərə Yasamal rayonundan start verilmiş, daha sonra bu tədbir Xətai, Nərimanov və digər rayonlarda davam etdirilmişdir. Bakı şəhərinin bəzi rayonlarında ayrı-ayrı vətəndaşlar tərəfindən icazə verilməmiş yerlərdə qanunsuz heyvan kəsimləri aparıldığı və baytarlıq-sanitariya qaydalarının pozulması qeydə alınmışdır. Pozuntular aradan qaldırılmış, ərazilər təmizləndikdən (mənzil kommunal təsərrüfatı işçiləri tərəfindən təmizlənir) sonra Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən dezinfeksiya edilmişdir. 

 

 

Belə halların qarşısını almaq məqsədi ilə kənd təsərrüfatı naziri Heydər Əsədovun göstərişinə əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən qruplar yaradılaraq Bakı Şəhər Baytarlıq İdarəsi ilə birlikdə sentyabrın 13-dən reydlərə start vermişdir.

 

 

Aparılan reydlər zamanı icazə verilməmiş yerlərdə qanunsuz heyvan kəsiminin qarşısı alınmış və baytarlıq-sanitariya qaydalarını pozan ayrı-ayrı şəxslər haqqında ciddi inzibatı tədbirlər görülmüşdür. . Eləcə də qanun pozuntularının qarşısı alınıb, heyvan satışı və kəsimi yerlərində dezinfeksiya işləri həyata keçirilib.

 

 

Növbəti günlərdə də reydlər davam etdiriləcək, qanunsuz kəsimlə məşğul olan, baytarlıq-sanitariya qaydalarını pozan şəxslər haqqında ciddi inzibati tədbirlər, cərimə sanksiyaları tətbiq olunacaqdır. Bu tədbirlərin aparılması Kənd Təsərrüfatı Nazirliyinin nəzarətindədir.

 

                                

    Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?