Modern.az

“Mərkəz”də birinci ay…

“Mərkəz”də birinci ay…

11 Fevral 2011, 15:28

Əslində, bu yazını yazmayacaqdım. Amma "Xural" qəzetinin son sayında haqqımda yazılan bir yazı məni bu yazını yazmağa vadar etdi. Öncə qəzetin baş redaktoru Əvəz Zeynallıya və bütün "Xural"çılara verdikləri dəyərə görə təşəkkürümü bildirirəm.

Qəzetdə mənim sadə baş redaktor olduğum, bu üzdən baş redaktorun otağında oturmadığım barədə məlumat verilib. Səbəb kimi isə baş redaktor kürsüsünün heç bir zaman əbədi olmadığını əsas gətirdiyim söylənilir. Bəli, otaqda oturmamağımın səbəblərindən biri budur. Amma başqa səbəblər də var. Bunlardan ən birincisi, məndən öncə o otaqda oturan Vüqar Qaradağlıdır. Çünki mən Vüqar bəy kimi bir insandan sonra o otaqda oturmağın böyük bir məsuliyyət tələb etdiyini düşünürəm. Bundan başqa, mən göz açandan istər babalarım, istərsə də atam yüksək vəzifələrdə çalışıb. Amma hamısı da Şəhabəttinin "həyat pillələrini çıxarkən insanlarla yaxşı davranın, çünki aşağı enərkən eyni insanlarla qarşılaşacaqsınız" düşüncəsiylə davrandıqlarını görmüşəm.

Fevralın 5-də "Mərkəz" qəzetində baş redaktor kimi çalışdığım müdətdən tam 1 ay kecdi. Əslində, bu qəzetə ilk gəlişim sentyabr ayından başladı. Mətbuatda olduğum 14 il müddətində 3 ili çıxmaq şərtilə, tam 11 il müxbir işləmişəm. "Mərkəz"ə də parlament müxbiri olaraq gəlmişdim. Haşiə: Bundan öncə isə 2 il boyunca türk mətbuatına Azərbaycandan xəbərlər verməklə yanaşı, həm də qardaş ölkənin mediasına köşə yazıları verirdim. Amma 2005-ci ildən 2007-ci ilə qədər "Presspost" qəzetində baş redaktor vəzifəsində işləmişdim. Qəzet bağlandıqdan sonra çoxları, "nə edəcəksən?" sualını verdikdə Sokratın "güclü insan ayaqqabıları oğurlandıqda "ayaqlarım var" deyə biləndir", - demişdim.

"Mərkəz"ə gəldiyim ilk gündən buranın kollektivi məni illərdir bir yerdə işlədiyi insan kimi qəbul etdi. Əslində, burda çalışan əksər uşaqlarla ayrı-ayrı qəzetlərdə müəyyən zamanlarda bir yerdə işləmişdim. Amma heç qarşılaşmadığım, sadəcə imzasına görə tanıdıqlarım daha çox idi. Əlqərəz, bu qəzetə gəlməyimdən peşman deyildim. Az keçmədi ki, məni qəzetə baş məsləhətçi olaraq təyin etdilər. İki ay sonra isə gözləmədiyim halda qəzetimizin təsisçisi mənə baş redaktor postunu təklif etdi. Əslində, təklif də deyildi. Mən Türkiyədə olanda mənə telefon açıb, "səni baş redaktor təyin edirəm", - dedi. Və arxasınca "mən sənə inanıram", - söylədi. Düzü, mən gündəlik qəzetdə redaktor işləməmişdim. Özüm də qəzetçiliyin nə olduğunu, bu yükün ağırlığını yaxşı blirdim. Amma Gülər xanımın qətiyyəti, mənə güvəni, "mərkəz"çilərin dəstəyi sayəsində qollarımızı çırmadıq. Elə ilk gündən Gülər xanımın mənə "bilmədiyim işə əl qoymaram. Səni tanımasam, güvənim olmasa, bu addımı atmazdım. Sənə elə bir peşəkar kollektiv verirəm ki, heç bir çətinliyin olmayacaq", - deməsinə haqq verdim.

Və dünənə qədər redaktor, müxbir, dizayner, korrektor olaraq tanıdığım şəxslər işlədiyimiz bu bir ay müddətində mənim həqiqi dostlarım oldu. Düzdür, bəzi ünsürlər var ki, hələ də iş prinsipimizə mane olmağa çalışırlar. Amma artıq özləri də anlayıblar ki, ordan-ora, burdan-bura xəbər apararaq, kimlərisə rəhbərliyin gözündən salmağa çalışaraq heç bir iş görə bilməyəcəklər. Ya da ki kiminsə otağında oturmaqla, onun zəkasına nail ola bilməzlər. Necə deyərlər, cəsarətli birinin ayaqqabısını geymək asandır, amma həmin adam kimi yerimək çətin. Nəinki, "Mərkəz"də, həmçinin mətbuat sahəsində çalışan hər kəs açıq bilməlidir ki, Höte demiş, mal itirən bir şeyini, qürurunu itirən, bir neçə şeyini, cəsarətini itirən isə hər şeyini itirmiş hesab olunur. Odur ki, bu sahədə cəsarətli olmaq lazımdır. Necə ki, bu gün redaktor müavini Nicat, redaktor Bəxtiyar, müxbirlərimiz Zülfüyyə, Cəvahir, Vasif, cəlil, Səxavət, Saməddin, Günay, Oral, Müşviq və yeni aramıza qatılmış dostlarımız bu cəsarəti ortaya qoyur (cəsarət hansısa məmuru təhqir etmək deyil. Nə yazıq ki, bəzən tənqidlə təhqiri səhv salanlarımız da var). Bu gün məni görən hər kəs qəzetimizdə irəliləyiş olduğunu deyir, bizi sevənlər buna sevinir, təbii ki, sevməyənlər də sevinmir. Amma bizi sevənlərə və sevməyənlərə bir söz demək istəyirəm. Bu, tək mənim gücüm deyil. Bu, hər an hər şeyi bizimlə məsləhətləşən, gecə-gündüz bizə yeni-yeni ideyalar verən təsisçimiz Gülər Əhmədovadan başlayaraq, yuxarıda adıcəkilən hər kəsin zəhmətidir. Çünki bu uşaqlar məndən xeyli əvvəl bu qəzetə gəlmiş, çox gözəl yazı, araşdırma və müsahibələr işləyənlərdir. "Mərkəz"in ən kiçik uğuru bu insanların zəhməti hesabına başa gəlir. Doğrudur, müəyyən çətinliklərimiz də var. Amma La Fontainenin deyimiylə "heç bir zəfərə çiçəkli yollardan gedilmir". cəsarətlə deyə bilərəm ki, bu uğurda mənim 5 faiz Osmanlılar demiş, qatkım varsa, nə mutlu mənə.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi