Modern.az

Rusiya Mərkəzi Asiyada Çinlə üz-üzə gələ bilər

Rusiya Mərkəzi Asiyada Çinlə üz-üzə gələ bilər

3 Sentyabr 2009, 14:19

Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) avqust ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu deyib ki, ABŞ və Avropanın nisbi sabit siyasəti fonunda Rusiya və Çinin aktivləşməsi aşkar görünür: "Həm Rusiyanın, həm də Çinin siyasi fəallığının daxili və xarici səbəbləri mövcuddur. Bu günə kimi müttəfiq kimi görünən bu iki ölkə yaxın perspektivdə Mərkəzi Asiya regionu uğrunda mübarizədə ciddi rəqibə çevrilə bilərlər".

M.Əhmədoğlu qeyd edib ki, Çinin bütün dünyada iqtisadi və hərbi gücünün artması qonşuluğunda yerləşmiş Mərkəzi Asiya regionunda daha aşkar hiss olunur: "Artıq Qərb ekspertləri də hesab edirlər ki, Mərkəzi Asiyada bütün kartlar Çinin əlindədir. Bu gün əksər ekspertlər də o qənaətdədir ki, Çin qonşuları üçün təhlükə mənbəyidir. Buna baxmayaraq, ABŞ və Rusiya Mərkəzi Asiya regionu uğrunda qarşıdurmanı davam etdirirlər. ABŞ-ın Avropadakı Qoşunlarının komandanı D.Petreusun Özbəkistan və Türkmənistana səfərləri səs-küysüz ötüşmədi. Rusiya mətbuatında ABŞ-ın Özbəkistanda hərbi baza yaradacağı ilə bağlı məlumatlar yer aldı. Amma həm rəsmi Vaşinqton, həm də rəsmi Daşkəndə bu xəbərləri təkzib etdi".

SİTM sədri mətbuat konfransında ötən ay Cənubi Qafqaz regionunda baş verən hadisələri də təhlil edib. Politoloq deyib ki, avqust ayında da Ermənistanda daxili-siyasi vəziyyət gərgin olub. Onun sözlərinə görə, Qərb ötən ay Ermənistanda aktivlik nümayiş etdirməyib: "Son vaxtlar İran-Ermənistan münasibətlərində nəzərəçarpan irəliləyiş müşahidə olunur. İran Ermənistana Azərbaycana qarşı hərbi dəstək vəd edib. Ona görə də Ermənistan Rusiyadan uzaqlaşıb, yenidən İrana tərəf getməyə başlayıb. Ermənistan özünün hərbi sistemini, xüsusilə də hava hücumundan müdafiə sisteminin qurulmasını İrana həvalə edib. Ermənistanda belə bir rəy hakimdir ki, Rusiya bu ölkənin vacib hərbi parametrlərini azərbaycana verib. Ermənistan hakimiyyəti bunu bəhanə edib, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını əngəlləməyə çalışır".

M.Əhmədoğlu ötən ay Azərbaycanda baş verən ictimai-siyasi prosesləri təhlil edərkən Dağlıq Qarabağ münaqişəsinə də geniş yer ayırıb. Onun sözlərinə görə, rəsmi Bakı BMT-nin gündəmində qalmasına çalışır: "Azərbaycan BMT Təhlükəsizlik Şurasının beşinci qətnaməsini əldə etməyə çalışır. Bu sahədə vəziyyət o qədər də ümidsiz deyil. Böyük dövlətlərin, o cümlədən həmsədr ölkələrin mövqeyindəki dəyişikliklər və Türkiyə ilə Rusiya arasındakı münasibətlərin intensiv xarakter alması Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə ümidləri artırıb. Hətta Rusiyanın baş naziri V.Putin Türkiyədə olarkən bu ölkənin baş naziri R.T.Ərdoğanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı ətraflı müzakirələr apardı".

SİTM sədri sonda Gürcüstan haqda da danışıb. Bildirib ki, Rusiya-Gürcüstan hadisələrinin ildönümü virtual müharibə şəraitində qeyd edilib. Onun sözlərinə görə, Gürcüstan torpaqlarının itirilməsi ilə barışmasa da, həmin əraziləri geri qaytarmaq üçün konkret fəaliyyət planı hazırlaya bilmir. Saakaşvili komandasının bütün fəaliyyəti yalnız Rusiyanı qıcıqlandırmağa yönəlib".

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?