Modern.az

Gültəkin Hacıbəyli: “Qarabağ Azadlıq Təşkilatı kimi yüzlərlə qurumumuz olmalıdır”

Gültəkin Hacıbəyli: “Qarabağ Azadlıq Təşkilatı kimi yüzlərlə qurumumuz olmalıdır”

Parlament

30 Oktyabr 2009, 17:53

“Həm ATƏT-in Minsk qrupu həmsədrləri, həm digər beynəlxalq güclər tərəfindən Azərbaycana edilən bütün təzyiqlərə baxmayaraq, dövlətimiz və Prezidentimiz bu hücumlara qətiyyətlə müqavimət göstərməyi bacarıb. Sevinirəm ki, bu məsələdə Azərbaycan xalqı ilə ölkə rəhbəri həmrəydir”. Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli belə deyib. Millət vəkilinin Modern.az-a bildirdiyinə görə, Qarabağ, ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində Azərbaycanın dövlət rəhbərinin güzəştsiz mövqeyi cəmiyyətdə bir arxayınçılıq hissi yaradıb: “Mən təəssüf hissi ilə bildirmək istəyirəm ki, cəmiyyətimizin Qarabağ məsələsində passiv mövqe tutması, problemə münasibətdə təşəbbüskarlıq göstərməməsi və münaqişənin tənzimlənməsinin bütün yükünü dövlət rəhbərinin çiyinləri üzərinə atması, birmənalı olaraq xoşagələn hal deyil. Bu gün Azərbaycanda Qarabağla bağlı təkcə bir müqavimət hərəkat – Qarabağ Azadlıq Təşkilatı var və Azərbaycana erməni səlahiyyətliləri səfər etdikdə, biz Azərbaycan televiziyasında, mediasında yalnız Akif Nağının, onun ətraflnda olan bir neçə şəxsin polis tərəfindən saxlanılmasının, yaxud döyülməsinin şahidi oluruq. Mənə elə gəlir ki, belə təşkilatlar, hərəkatlar Azərbaycanda onlarla, yüzlərlə olmalıdır. Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərini işğal etmiş Ermənistanda Qarabağla bağlı 100-dən artıq təşkilat mövcuddur”. Millət vəkili hesab edir ki, əraziləri işğal edilmiş, 1 milyondan artıq insanı qaçqın və köçkün salınmış Azərbaycanda ən azı bu qaçqın-köçkünlərin sayı qədər Qarabağ fəalı olmalıdır: “Bu gün cəmiyyətimizin bu məsələdə müəyyən qədər süstlüyü bəzi beynəlxalq güclərə əsas verir ki, onlar Azərbaycana təzyiqləri artırsınlar. Onlar belə fikirləşir ki, Azərbaycan cəmiyyəti bu məsələdə süstlük göstərdiyinə görə, fürsət düşmüşkən, dövlətimizi müəyyən güzəştlərə məcbur etmək olar. Ancaq onlar Ermənistan cəmiyyətinə münasibətdə tamamilə fərqli yanaşma sərgiləyirlər. Onlar Ermənistanı konstruktiv mövqeyə gəlməyə məcbur etməkdənsə, bəzi hallarda əksinə, stimullaşmağa cəhd göstərirlər”. G.Hacıbəyli Ermənistan prezidenti Serj Sərkisyanın bugünlərdə qədim Azərbaycan şəhəri Şuşa barədə cəfəng fikirlərinə də münasibət bildirib: “Mənim düşüncəmə görə, əliqanlı Ermənsitan prezidentinin Şuşa ilə bağlı fikirləri əslində bütün Azərbaycan xalqını ayağa qaldırmalı idi. Şuşa ümumilikdə Azərbaycanın milli mənəviyyatının baş şəhəridir. Şuşada Azərbaycanın izinin silinməsi üçün gəlmə ermənilərin kütləvi şəkildə buraya köçürülməsi Dağlıq Qarabağda azərbaycanlıların yaşamayacaqlarını bir mesaj kimi cəmiyyətimizə ünvanlanmasıdır”. G.Hacıbəylinin dediyinə görə, xaricdə yaşayan hər bir erməni bu günə qədər Errmənistanın çiçəklənməsi, iqtisadiyyatının güclənməsi, onun dünyada tanınması üçün bu ölkəyə öz gəlirlərinin müəyyən hissəsini ayırır: “Belə olan halda, bəs, hər bir azərbaycanlı da Qarabağ ideologiyasının daşıyıcısı və ideoloqu ola bilibmi? Çox təəssüflər olsun ki, buna birmənalı və müsbət cavab vermək çətindir.

Qarabağı heç bir beynəlxalq güc, heç bir əcnəbi əsgər, əcnəbi sülhməramlı bizə geri qaytarmayacaq. O torpaqları geri qaytarmaq Minsk qrupunun, BMT-nin, ATƏT-in, Avropa Şurasının deyil, ilk növbədə Azərbaycan vətəndaşının vətəndaşlıq borcudur”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi