Modern.az

Fikrət Qoca Ramilə Qurbanlının “Qonaq evi”ndə - "Bu adamların öz ailəsinə hörməti yoxdur"

Fikrət Qoca Ramilə Qurbanlının “Qonaq evi”ndə - "Bu adamların öz ailəsinə hörməti yoxdur"

14 Fevral 2011, 11:57

Fikrət Qoca ilə hər hansı bir mövzu ətrafında söhbət etməyi qarşıma məqsəd qoymamışdım. Sadəcə, bu ahıl ziyalı ilə əyləşib ədəbiyyatla bağlı müxtəlif söhbətlər, səmimi fikir mübadiləsi etdik.  Ehtiyacımız var, nə qədər ki, imkan var yaşlı nəsildən öyrənmək, təcrübələrindən yararlanmaq lazımdır, bəlkə də labüddür. Öyrənək ki, öyrədə bilək. Həm də onlara sayğı, məhəbbət sadəcə borcumuzdur, bu günün sabahı da var axı... Amma söhbətə bu gündən başladıq.

“Ədəbiyyatda diversiya var”

- Ədəbiyyatın indiki durumu necədir?

-  Ədəbiyyatın günü bəzi çəkilib öz aləmində işi ilə məşğul olan vicdanlı yazarların günüdür. Vicdanlı adamlar öz işi işi ilə məşğuldur, ətrafın qışqırıq-bağırığından, mənəviyyatımızı korlayanlardan uzaqdırlar. İndi də guya ədəbiyyatımıza yenilik gətirirlər, amma bu ədəbiyyat deyil. Adını da qoyublar ki, həyatın gizlin mətləblərindən danışırıq. Məlum məsələdir ki, filarmoniya da var, tualet də, bunlar birincidən deyil, ikincidən yazmağı qəhrəmanlıq hesab edirlər.

- Bəzən beyinlərə də yeritməyə çalışılır ki, camaatın istədiyini veririk...

- Amma bu bir diversiya yoludur. Görürsünüz, müəyyən təcrübəyə malik insanlar  buna getmirlər, yalnız cavanlar düşür həmin tələyə. Söyüş söyürlər, guya şeirdə söyüş orijinal bir işdir. Xeyr, əslində bunun kökləri çox dərindədir. Bəzi dayaz ağıllı gənclər də başa düşmək istəmirlər. Bunları yönəldən isə yüz illərlə bu işlərlə məşğul olan qocalardır. Tarix boyu hər hansı bir xalqın mənəviyyatını belə korlayıblar.  Rus ədəbiyyatında ana söyüşü adi haldır, bu əvvəldən belə olmayıb, kimlərinsə əlləri illərcə buna gətirib çıxarıb onların ədəbiyyatını. Əyyaşlıq baş alıb gedir rus ədəbiyyatında, əllərindən araq butulkasını al, inqilab edib azadlıq yox, həmin butulkanı geri istəyəcəklər. İnsan keyləşəndə heç nə bilmir, heç kimi tanımır, hər kəsi danır. Vəziyyət qarışan vaxtlarda bir dəfə ehtiyac ucbatından Maştağa dəlixanasını açıb buraxmışdılar hamısını. Mənim də orda bağım var ora gedirdim, gördüm ki, bazarın qabağında bir nəfər qol qaldırıb oynayır, heç kim də əhəmiyyət vermir ki, dəlidir. Mən ayaq saxlayıb tamaşa elədim, bu insanın üzündə bir xoşbəxtlik vardı, görülməmiş kimi. Tər götürüb gedir bunu, bu oynayır. Bu səhnə gözlərim qarşısından getmir. Ədəbiyyatın da belə bir anı var.  Oynayırlar və elə bilirlər ki, ətrafdakıların diqqəti bunlardadır, daha başa düşmürlər ki, ətrafdakılar bunlara həmin o dəliyə necə baxırdılarsa, elə baxırlar. Adam

gic olanda nə qədər xoşbəxt imiş.

- Nədənsə daha çox dəbdədirlər, populyardırlar. Ümumiyyətlə, populyarlıqla ədəbiyyat ziddiyyət təşkil edən sözlərdir, yoxsa ..?

- Populyarlıq başqa şeydir. Populyarlığı macəra ədəbiyyatına aid etmək olar. “Başsız atlı”nı yəqin ki, daha çox adam oxuyub, nəinki Dostayevskini. İndi Çingiz Abdullayev çox oxunur, yoxsa Mirzə Cəlil, əlbəttə birinci. İndi həmin o ədəbiyyat  “qəhrəmanları” Dostayevskini oxuyublar? Yox, onların hövsələsi çatmaz. Adını yazıçı qoyan indiki cavanların əksəriyyəti Mirzə Cəlili  oxumayıblar. Bir var, həvəskar bəstəkar, biri də var peşəkar. Eyni zamanda peşəkar bəstəkarın adi mahnısı ilə simfonik əsərinin də arasında böyük fərq var. Simfonik əsər nə qədər ciddidirsə, o qədər də az dinləyicisi var. Ölkəmizdə  8 milyon əhali var, onun 1 milyonu ağıllı, daxilən zəngin olsa,  səsimiz 18 milyonun  səsi qədər çıxar.

“Şeiri ayıq başla yazarlar, sərxoş yox”

- Siz bilən gənc nəsil ədəbiyyatçıların yaşlı nəsli bu qədər günahlandırmasının kökündə yalnız bayaq dediyiniz diversiya məsələsi durur?

-  Bu adamların öz ailəsinə hörməti yoxdur. Onlar yazdıqlarını öz ailəsinə, uşağına oxuya bilərmi? Məncə, rəva görməz, amma oxucuya rəva görür. Cavan vaxtı adam yalnız öz gücünə arxalanır. Biri var, mənəvi gücünə arxalanasan, biri var, qolunun gücünə. Bunlar qollarının gücünə o qədər güvənirlər ki, Allahı da tanımırlar. Sən gözünün yumursan, bu o demək deyil ki, Allah yoxdur.  Bunlar deyir Mirzə Cəlil də yoxdur, Füzuli də olmayıb. Bədbəxtçilik burasındadır ki, cavanıq deyə-deyə, ittihamlardan başqa heç nə edə bilməyiblər və  yaşları artıq 40-a çatıb. Bu illər ərzində bizi ittiham etməkdənsə, nə isə bir əsər qoyardılar ortaya işarələri qalardı. Ola bilər ki, bunların arasında ağıllılar, istedadlılar da var, kompaniya xətrinə güdaza gedirlər. 

-  Bəlkə o dediyiniz adamları çağırmaq, danışmaq olar?

- İmkan düşəndə edirik, amma heç bir əhəmiyyəti olmur. Uşaq gərək yeməyi istəyib yesin, zorla yedizdirəndə onun cana xeyri olmur.  Hər şey bu adamlarla bitmir, elə gözəl istedadlı gənclərimiz var ki, məsələn İlqar Fəhmi. İstedad elə tərbiyə deməkdir, istedadlı adam təhqiramiz ifadələr işlətməz.  Rəhmətlik Əli Kərim mənim qonşum idi, dostluq edirdik.  Bir dəfə görmədim özündən ya kiçiyi, ya böyüyü, istedadlını, yaxud istedadsızı təhqir etsin.  İndi də elə gənclərimiz var, sadəcə onlar özlərini gözə soxmaqla yox, işlə məşğuldurlar. Bunlar bilirlər ki, ədəbiyyat lazımdır, indi yazır, yaşlananda ona divident gətirəcək. Yoxsa, bayaq danışdığımız üzdəniraq yazarlar kimi...
Axşam oturub içirlər baş ağrısı başlayır, yata bilmirlər, oturub yazırlar. Mənim yaşım 70-i keçib, ağlım kəsəndən yazıram. Cavanlıqda yemişəm də içmişəm də, amma heç vaxt sərxoş vaxtı yazmamışam, yazmışam e, səhər durub cırmışam. Şeir elə bir şeydir ki, onu ayıq başla yazmalısan.  Ağlı itirmiş, sərxoş vaxtda yazılan şeirdən nə gözləmək olar. Şeir həm ağılın həm də ürəyin məhsuludur. Bunlar ikisi bir yerdə bəhrə verər. Ağılsız səmimilik dəlilikdir.
Biri kitabının adını qoyub “Mən əclafam”, içərisi də büsbütün söyüşdür. Bu ədəbiyyatdır?  Yaxşını pisdən ayırmaq üçün ayıq olmaq lazımdır, dumanlı başla heç nəyə aydınlıq gətirmək olmaz. Bunları başa salmaq olmur, çünki baş yoxdur. Deyirsən daşa dəyir, qoz divara yapışar?

“Vaxt gələcək bizi də çap edəcəklər”

- Sovet vaxtı yazmaq asan idi, yoxsa indi?

-   İstedadlı adam üçün həmişə asandır. Sovet qoymadı, indi mümkün deyil deyənlər hamısı bəhanə axtaranlardır.  Sovet vaxtı yazdıqlarımı indi də çap etdirirəm, “Həqiqət” şeirimi 59-cu ildə yazmışdım, indi çap etdirdim.  Dövrün dəxli yoxdur, heç bir dövrdə qələmi əlindən alan olmur. İsan öz dərdini yazır, kim sənə deyəcək yazma.

- Kitab çap etdirmək necə?

- Çap olunmaq o vaxt asan idi, çünki çap edirdilər. İndi gərək pul ola ki, özün  çap  etdirsən. Gəlir də olmasa, yazdıqların qalır ağzı yuxarı. İndi həm də oxuyan azdır, hamı pul qazanmaqla məşğuldur. Sel gələndə əvvəlcə çökəyə dolur, indi pula ehtiyac çoxdur, yaşayış səviyyəsi stabilləşəndə hamı qayıdacaq ədəbiyyata, teatra, filarmoniyaya.
  
- Deyirsiniz pula ehtiyac səngiyəcək?

- Mütləq, tarix boyu belə olub. Televiziya heç vaxt teatrı, ədəbiyyatı əvəz edə bilməz. Bir əsəri oxuyub sevgililər ikilikdə müzakirə edirdilər ha, həmin dövr yenə qayıdacaq.

- Bir əsəri bütün sinif oxuyurdu, kitab vərəq-vərəq olurdu, bu baxımdan nə gözəl zaman idi...

- Yenə elə olacaq.

- Amma hansısa bir neçə nəsil itirəcəyik...

- Dənizdə də qabarmalar və çəkilmələr olur. Xəzər dənizi 30 il çəkilir, 30 il qabarır, bu canlı orqanizmdir nəfəs alır. Biz də beləyik, həyatın da belə nəfəs alması var. Bir nəsil çəkiləcək, o birisi qabaracaq.  O şey ki, dəyərlidir, qabarma, çəkilmə vaxtı ələkdən keçir. Ona görə də bütün dövrlərdə yaxşı, səviyyəli insanlar az olur.

- Elə bil yuxarıların da ədəbiyyata diqqəti lazımı səviyyədə deyil. Misal üçün, son vaxtlar dövlət aparatından hər hansı ədəbi nümunəyə reaksiya nə vaxt verilib?

- Orda da yaxşısı da var, pisi də. Eləsi var ədəbiyyata dəxli yoxdur, eləsi də var ki, ədəbiyyata aidiyyatı var, amma ədəbiyyatdan başqa hər şeyi bilir. Bəzisi də ədəbiyyatı çox yaxşı bilir, amma rus dilli ədəbiyyatı. Öz folklorundan ədəbiyyatından xəbəri yoxdur. Bu qarışıqlıq içində əgər ədəbiyyata nə isə bir qiymət verilirsə, şükür.
Heydər Əliyevdən qalma bir izdir təqaüd verilməsi, dövlət mükafatı verilməsi. Amma onun bir sərəncamını indi heç həyata keçirmirlər. “Dədə Qorqud”, “Füzuli” mükafatlarını təsis etdi, amma onun sərəncamı qaldı ortada, yerinə yetirilmədi. İndi deyən yoxdur ki, ay əlaqədar qurumlar niyə işləmirsiniz, ədəbiyyat yoxdur, yoxsa siz oxumursunuz?

- Öz ədəbiyyatından, folklorundan uzaq düşən nəsil də elə itirilmiş nəsildir də...

- Elədir, bil xarici ədəbiyyatı da, dili də, amma kökündə öz ədəbiyyatın, öz dilin olsun.  

- Qarabağ mövzusu ədəbiyyatda nə dərəcədə inikasını tapır?

- Tapır, sadəcə oxuyan və müqayisə edən yoxdur.

- Niyə bizim ədəbiyyatda “Ocaq” əsərinin cavabı verilmədi?

- Çünki o ədəbiyyat deyil, onlar öz uşaqlarına qəddarlıq təlqin edirlər, biz buna qadir deyilik. Biz bu yolu seçməmişik.

- Bəlkə bununla düz etməmişik?

- Onu təlqin etməklə qazancları nə oldu?  Bu gün ən iri layihələrdən geri qaldılar. Bir vaxtlar Azərbaycan bütünlüklə əllərində idi, vəzifələrdə idilər, ən yaxşı sənətkarların imkanları bəs deyincə, nazirlərimizin də xanımları erməni qadınlar idi. İndi nə oldu? Bu özəlləşmə vaxtı Azərbaycanı bütünlüklə alıb oturacaqdılar, indi yalnız Qarabağı iflic etməklə özlərini bütünlüklə iflic etdilər. Azərbaycanın bir hissəsi olan Qarabağ hissəmizdən qan-axa axa bu orqanizm inkişaf edir. Uduzan ermənilər oldu.  

- Bir tərəfdən deyirsiniz ölkə inkişaf edir, digər tərəfdən də əsərlərinizi çap etdirə bilmirsiniz?

- Bütün klassik ədəbiyyat kirildə qalmışdı, onların latın qrafikasına köçürülməsi milyonlarla vəsait apardı. Özü də az vaxtda. Bunu görmək lazımdır, bizə də növbə çatacaq. Vaxt gələcək bizi çap etdirəcəklər.

Ramilə Qurbanlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi