Modern.az

Jurnalistlər Azərbaycanın “Eurovision 2011” seçimindən danışdılar

Jurnalistlər Azərbaycanın “Eurovision 2011” seçimindən danışdılar

15 Fevral 2011, 13:24


Bu ilin may ayında Almaniyanın Düsseldorf şəhərində keciriləçək “Eurovision 2011” yarışmasında Azərbaycanı təmsil edəcək ifaçılar məlum olub: Eldar Qasımov və Nigar Camal.  Ancaq qaliblərlə bağlı səslənən fikirlər heç də birmənalı deyil. Bir çoxları hesab edir ki, Azərbaycanı bu mötəbər yarışmada duet formasında yox, bir ifaçı təmsil etməli idi. Ən layiqli namizəd olaraq finalçı İlhamə Qasımovanı görənlər də az deyil. Bir çoxları isə nə Eldar Qasımovu, nə də Nigar Camalı Almaniyaya getməyə layiqli namizəb hesab edir. Bunun əksini düşünənlər də var, yəni E.Qasımov və N.Camalın uğurlu seçim olduğu qənaətində olanları deyirik.

Bəs jurnalistlərin bu seçimə münasibəti necədir?
Modern.az saytı bu sualla mədəniyyət sahəsindən yazan jurnalistlərə müraciət edib.

“İlqarə və Aynişan Eldarala Nigara baxanda toya getməlidir” 

“Mərkəz” qəzetinin əməkdaşı Cəvahir Səlimqızı hesab edir ki, bu seçim olduqca ədalətsiz aparılıb. O, bildirib ki, hər müsabiqənin səviyyəsi onun münsiflər heyətinin səviyyəsi ilə ölçülür. Doğrudur, orada Faiq Sücəddinov kimi görkəmli bəstəkarımız əyləşmişdi: “Amma hamı onun səviyyəsində deyildi. Hətta elələri var idi ki, onların bu yarışmaya aidiyyatı yox idi”.
C.Səlimqızı qeyd edib ki, mətbuatda dəfələrlə iki iştirakçı - Eldar Qasımov və Nigar Camal arasında secim ediləcəyi barədə əvvəlcədən məlumatlar dərc olunmuşdu: “Seçimin iki iştirakşı arasında aparılacağı əvəlcədən məlum idi. Etibarlı mənbədən də bu barədə məlumat almışdıq. Elə “Mərkəz” qəzetində bu barədə yazılar dərç olunmuşdu. Nəticədə bu fakt öz təsdiqini tapdı”.
Həmsöhbətimiz deyib ki, Eldar Qasımov və Nigar Camalın əvvəlki həftələrdə axırınçı yerlərdən birdən-birə irəliləməsi və beşliyə salınması da seçimlərin ədalətli olmamasının bariz nümunəsidir. Onun sözlərinə görə, istər səs baxımından, istər faktura baxımından, istərsə də səhnə mədəniyyəti baxımından İlhamə Qasımova ən layiqli iştirakçı hesab olunurdu. Lakin yarışmanın ən zəif iştirakçıları olan Nigar Camal və Eldar Qasımov qohumbazlığın, şəxsi mənafelərin nəticəsində seçildi. İlhamə Qasımova isə bu mənafelərə qurban getdi:
“Biz bu seçimlərdə şəxsi maraqları bir kənara qoyub, ən layiqli namizədi secməliydik ki, növbəti ildə “Eurovision”u Azərbaycana gətirə bilək. Təəssüflər olsun ki, seçim düzgün olmadı. Bilirəm ki, maşınını satıb bu yarışmaya qatılan iştirakşılar var idi. İlhamə yeganə iştirakçı idi ki, onu sıravi insanlar dəstəklyirdi”.
C.Səlimqızının sözlərinə görə, bütün sənət adamları İlhamənin adının çəkilməsini gözləyirdi: “Lakin Eldar Qasımov və Nigar Camalın adının çəkilməsi hamını şoka saldı. Onlar qalib elan olunanda mən də şokda idim.
Belə fikir səsləndirildi ki, Eldar Qasımova faktura baxımından Nigar Camal uyğun gəlir. Bu, gözəllik yarışması deyil. Səs yarışmasıdır. Hesab edirəm ki, İlqarə və Aynişan Eldarla Nigara baxanda toya getməlidir. İndi ümid qalıb Allaha, gözləyək, görək qaliblərimiz bu işin öhdəsindən neçə gələçəklər”.

“Nə Eldar Qasımov, nə də Nigar Camal Azərbaycan dilində mükəmməl danışa bilir”

“ATV maqazin” jurnalının rekaktoru Zakirə Zakirqızı bildirib ki, istənilən yarışmada ölkəmizi təmsil edən iştirakçı öncə öz dilini mükəmməl bilməlidir: “Əminliklə deyə bilərəm ki, nə Eldar Qasımov, nə də Nigar Camal Azərbaycan dilində mükəmməl danışa bilir. Nigar Camal Azərbaycan dilində mahnı oxuyanda fikir verdim, o sözləri düzgün tələffüz etmirdi.
Seçimin duet şəklində olması mənim üçün qaranlıq qalan məqamdır. Hesab edirəm ki, Almaniyaya tək ifaçı getməli idi. Niyə və hansı meyarla duet seçdilər, bilmirəm. Hərdən mənə işdə deyirlər ki, İlhamə bu yarışmada qalib ola bilməzdi. Mən hesab edirəm ki, İlhamə qalib olmasa da, öz səsi ilə o səhnəni lərzəyə sala bilərdi”.
Müsahibimiz hesab edir ki, “Eurovision”a getməyə bütün meyarları ilə ən layiqli namizəd İlhahə Qasımova idi.

“Nigarın səsi xoşuma gəlmir”

“Yeni Müsavat” qəzetinin əməkdşı Sevil Hilalqızının sözlərinə görə, Eldar Qasımov və Nigar Camal uğurlu seçim deyil: “Onların uğurlu düeti alınmayacaq. Mütəxssis kimi onlara rəy verə bilmərəm, ancaq tamaşaçı kimi deyə bilərəm ki, Eldarın səsi yaxşıdır, ancaq Nigarın səsi xoşuma gəlmir”.
S.Hilalqızı hesab edir ki, İlhamə Qasımova bu yarışma üçün uğurlu seçim ola bilərdi. 

“Qaliblər final gecəsi öz imkanlarını daha yaxşı göstərə bildilər”

“Şərq” qəzetinin əməkdaşı Tahirə Məmmədqızı isə qeyd edib ki, seçimlərdən razıdır: “Mən bu barədə dəfələrlə yazmışam, oxuyanlar bilir ki, İlhamənin qalib olmasını da çox istəyirdim. Bununla belə nəticədən razıyam. Qaliblər final gecəsi öz imkanlarını daha yaxşı göstərə bildilər. Ümid edirəm ki, 56-ci “Eurovision” yarışmasında Eldar fərqli şəkildə özünü göstərə biləcək. Əgər yerli final mərhələsində bu dərəcədə fərqlənə bildisə, Almaniyada keçiriləçək yarşmaya xeyli müddət var və bu müddət ərzində öz üzərində işləyərək yaxşı nətiçə əldə edə bilər”.
Eldar Qasımovun düzgün seçim olduğunu deyən T.Məmmədqızı bildirib ki, Nigar Camalla bağlı bir qədər tərəddüdlüdür: “Bununla belə, mən Nigarın avropalıların zövqünü oxşayacaq xanım olacağına əminəm.
Əməkdar artist Aybəniz Haşımova bildirib ki, seçimlərdən razı deyil. Bu, onun subyektiv fikridir, bundan əlavə, Aybəniz xanım bir ana kimi də öz iradını bildirir. Düzdür, onun qısı Aynişan da öz üzərində işləmişdi, əziyyət çəkmişdi. Ancaq mən hesab edirəm ki, Aynişan “Eurovision”a getməklə bağlı bir qədər tələsib. Üzərində işləsə, təcrübə toplasa, iki ildən sonra bu yarışmaya qatılsa, şansı yüksək olar”.
Sonda T.Məmmədqızı seçimlə razı olduğunu bildirsə də, İlhamə Qasımova üçün üzüldüyünü ifadə edib.

“Onlar yaxşı mahnı seçib, öz üzərlərində çalışsalar, uğur əldə edə bilərlər”

“Oxu məni” qəzetnin əməkdaşı Mətanət Şamilqızı bildirib ki, nəticələrdən narazı deyil: “Ancaq ən layiqli namizəd İlhamə Qasımova idi. Mənə elə gəlir ki, duet formasında maraqlı olacaq. Təmsilçilərimiz yaxşı mahnı seçsə və öz üzərlərində çalışsalar, uğur əldə edə bilərlər”.

Sədaqət SÜLEYMANOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir