Modern.az

Dövləti qəbul etmək, onu quranları isə tarixdən silmək yolverilməzdir...

Dövləti qəbul etmək, onu quranları isə tarixdən silmək yolverilməzdir...

Hadisə

28 Sentyabr 2016, 16:17

70 il sovetlərin tərkibində əzilən xalqlar arasında biz də olmuşuq. Azərbaycan vətəndaşı kimi deyil, sovet vətəndaşı kimi tanınmışıq.

 

1991-ci ilin 18 oktyabrında müstəqilliyimizi bərpa etmişik. Gələn ay müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik.

 

Bir millət, xalq üçün müstəqillikdən şirin nemət ola bilməz.

Bəs, cəmiyyətimizdə bu 25 il necə dəyərləndirilir?

 

Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən olan Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında ötən 25 ildə qazadıqlarımızı və itirdiklərimizi belə şərh edib.

 

“Ən böyük itkimiz Qarabağla bağlıdır. Bu 25 ildə bölgələrimizi işğaldan azad edə bilmədik. Çox təəssüf ki, məsələnin həlli ilə məşğul olmalı beynəlxalq təşkilatlar heç nə etmədilər, Azərbaycanın haqlı mövqeyini dəstəkləmədilər. Ona görə də ötən 25 ildə ciddi dəyişiklik baş vermədi. Bu məsələ uzandıqca uzanır. Kökü qarabağlı olan körpələr artıq orada dünyaya göz açmır. Bu, böyük faciədir. Biz bu barədə ciddi fikirləşməliyik”.

Sabir Rüstəmxanlı Azərbaycanın 25 ildə qazandıqlarından da söz açıb.

“Bu illər ərzində şübhəsiz ki, Azərbaycanın qazandıqları daha böyükdür, daha çoxdur. Azərbaycan bir dövlət olaraq  böyük bir yol keçdi. Dünyada tanındı. Xüsusilə, müstəqil dövlət kimi əhəmiyyətli məsələlərin həllində iştirak etdi. Məktəblərin tikilməsi, yolların çəkilməsi, neft,qaz sahəsində aparılan işlər, infrastrukur, möhtəşəm binaların inşası dövlətimizin imza atdığı böyük işlərdir. Ən əsası müstəqil Azərbaycan vətəndaşları formalaşdı”.

İstiqlalçı deputat 25 ildə bəzi sahələrdə mövcud olan çatışmazlıqları da qeyd edib.

“Təəssüf ki, müəyyən sahələrdən yetərincə istifadə etməmişik. Azərbaycanda orta və kiçik sahibkarlıq arzuolunan şəkildə inkişaf etmədi. Xırda və orta sahibkarlığın inkişaf etməməsi ölkədə ciddi problemlərə gətirdi. Monopoliya nəticəsində ölkədə güclü bahalaşma getdi. Bakıda alış-veriş mərkəzinə daxil olanda adam heyrətə gəlir. Qonşu ölkələrlə müqayisədə bizim ticarət obyektlərindəki qiymətlər 4-5 dəfə bahadır. Adi bir köynək insanın bir aylıq əmək haqqı qədər pula satılır. Digər tərəfdən, kənd təsərrüfatının inkişaf etdirilməsinə diqqət az oldu. Nəhayət ki, Prezident son çıxışında bu məsələyə xüsusi diqqət ayırdı. Halbuki, bu sahəyə daha tez başlamaq lazım idi. Monopoliya nəticəsində hər şey bir nəfərin, ya da, bir qrupun əlində cəmləşib. Bu da  vətəndaş cəmiyyətinin inkişafına, eyni zamanda, vətəndaşların sərbəst hərəkətinə mane oldu.

Arzuladığımız müəyyən sahələr var ki, hələ də yarımçıq təsiri bağışlayır. Məsələn, təhsil, səhiyyə, eləcə də, Güney Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi sahəsində işlər tam öz həllini tapmayıb. Digər tərəfdən, mədəniyyət, ədəbiyyat sahəsində də başa çatdıra bilmədiyimiz işlər var. 25 il ərzində soyadlarımızı tam olaraq milliləşdirə bilməmişik. Buna kim və niyə görə mane olur, bax, o da bəlli deyil.

Xüsusi qeyd etmək istədiyim məsələ daha var. Müstəqilik tariximizə baxışda müxtəlif mövqelər  var. Həm 1918-ci ildə, həm də 1991-ci ildə qurulan dövlətimizlə bağlı problemimiz var. Həm dövlətin qurulmasını qəbul edirik, həm də bu dövlətin qurulmasında iştirak edən adamları tariximizdən silmək istəyirik. Düşünürəm ki, bu, yolverilməzdir. Ancaq sevindirici haldır ki, Azərbaycan Prezidenti bu kimi məsələlərin qarşısını alır. Əminəm ki, xalqımız durduqca müstəqilliyimiz də yaşayacaq”.

 

Namidə BİNGÖL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir