Modern.az

“Sosial reklam haqqında” qanun qəbul olunsun, olunmasın..? (Beş münasibət)

“Sosial reklam haqqında” qanun qəbul olunsun, olunmasın..? (Beş münasibət)

Media

16 Fevral 2011, 12:00

Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat Azay Quliyev “Sosial reklam haqqında” qanunun qəbul olunmasını təklif edib. O, təklifinin dəstəklənəcəyi təqdirdə bu sənədi hazırlayacağını bəyan edib.

Deputat Modern.az saytına bildirib ki, “Sosial reklam haqqında” qanunun qəbul olunması bir çox məsələlərin həllində ciddi rol oynaya bilər: “Burada bu qanuna uyğun olaraq kütləvi informasiya vasitələrində dövlət və ya ictimai təşkilatlara məxsus sosial əhəmiyyətli reklamların hansı miqdarda yerləşdirilməsi qaydaları və formaları öz əksini tapa bilər.  Xüsusilə, vətənpərvərlik, milli adət-ənənələrin təbliği, ətraf mühitin qorunması və s. kimi ümumi maraq doğuran, ancaq kommersiya xarakteri daşımayan reklamların verilməsi mümkün olar.  Düzdür, sosial reklam məsələsi “Reklam haqqında” qanunun 19-cu maddəsində qismən də olsa göstərilib, amma bu məsələyə mahiyyəti üzrə tam aydınlıq gətirilmir. Sosial reklamların verilmə müddətləri, xarakterləri, miqdarı və s.  öz əksini tapmır.
Digər bir boşluq isə sosial reklamın verilməsi üçün KİV-lərə və ya digər qurumlar üzərinə müəyyən öhdəliyin qoyulmamasıdır.
Ona görə təklif edirəm ki, qeyd olunan boşluqları aradan qaldırmaq üçün ya “Sosial reklam haqqında” yeni bir qanun qəbul edilsin, ya da  mövcud qanunvericiliyə müvafiq dəyişiklik edilsin”.

Mətbuat Şurasından dəstək

Mətbuat Şurasının sədri Əflatun Amaşov bu təklifi ciddi və lazımi məsələ kimi qiymətləndirir: “Dünyanın aparıcı ölkələrində artıq belə bir təcrübə var. Xüsusi olaraq onu qeyd etmək istəyirəm ki, qonşu Türkiyədə hətta təhsilin inkşafı kimi milli məsələlər də bunun vasitəsilə yüksəldilib. Əgər Azərbaycanda bu sənəd qəbul olunsa, KİV-in inkşafı üçün də mühüm rol oynayacaq. KİV-in inkşafı ilə bağlı konsepsiyada bu məsələlərə xüsusi yer ayrılıb. Əgər Milli Məclis belə bir sənəd qəbul etsə, həllini gözləyən xeyli problemlər aradan qalxacaq”.

Deputat da tərəfdarıdır

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə bildirib ki, Azay Quliyevin irəli sürdüyü təklifə müsbət yanaşır: “Mənim də fikrim var ki, bu gün komitəmizin iclasında məsələni qaldıram. Təklif irəli sürəcəm ki, bu qanun layihəsi bizim komitə tərəfindən hazırlansın. Düşünürəm ki, belə bir layihənin hazırlanması vaxtı çoxdan çatıb, biz hətta gecikmişik. Bir çox sosial əhəmiyyət daşıyan xəstəliklər, pis vərdişlərin aradan qaldırılması, bundan əlavə, yardıma ehtiyacı olan şəxslərə diqqət göstərilməsi məsələləri var. Azay Quliyevin qeyd etdiyi kimi, milli vətənpərvərlik ruhunda çağırışlar var, bunların  hamısı sosial reklamla tənzimlənə bilər. Təbii ki, bütün KİV-lərin üzərinə belə bir öhdəlik qoyulmalıdır. Birinci növbədə bu, hər bir vətəndaşın vətəndaşlıq borcudur. Digər tərəfdən isə Azərbaycanda fəaliyyət göstərən hər hansı KİV ayda bir dəfə belə reklama yer verərsə, bununla kasıb olmayacaq. Düşünürəm ki, bu lazımdır və yaz sessiyası ərzində bizim komitə bunu hazırlayıb Milli Məclisə  təqdim edə bilər”.

APA-nın baş direktoru lüzum görmür

APA-nın baş direktoru Vüsalə Mahirqızı bildirib ki, Azay Quliyev burada təzə bir söz deməyib. “KİV haqqında”, “Reklam haqqında” qanunlarda sosial reklamlarla bağlı ayrıca bölmələr var: “Ona görə də hesab etmirəm ki, Azərbaycanda sosial reklamlarla bağlı ayrıca bir qanuna ehtiyac duyulsun. Bu qanun dunya mediasında qəbul olunmuş və “Beynəlxalq kommersiya haqqında” qanunda da əksini tapmış bir normadır. Sosial  reklamlar vətənpərvərlik, milli adət-ənənələrin təbliği, ətraf mühitin qorunması və.s hansısa qeyri-hökümət təşkilatının qrant alıb görəcəyi işin mediada təmsili deyil. Sosial reklama misal olaraq siqaretə qarşı mübarizəni, hansısa xəstəliyə qarşı mübarizə ilə bağlı çağırışları, ətraf mühitin qorunması, digər çağırışları göstərmək olar ki,  KİV-lər bəzi ölkələrdə onu müəyyən güzəştlərlə yerləşdirirlər. Bəzi ölkələrdə isə pulsuz yerləşdirilir. Dunya praktikasında bir sıra ölkələrin qanunvericiliyində göstərilir ki, KİV-nin verdiyi reklamın beş faizi sosial reklam olmalıdı, yəni öz hesabına, pulsuz  verilməlidi. Amma müəyyən yerlərdə həmin reklamlar, çox simvolik qiymətlərlə cuzi güzəştlərlə verilir. Məsələn, bir normal şirkət  reklamını yüz manata verirsə, şirkət həmin reklamı müvafiq quruma təqdim edəndə beş manata verir. İndiki qanunvericilikdə bu, özünü göstərir. “Reklam haqqında” qanunda və “KİV haqqında” qanunda da  bununla bağlı müəyyən muddəalar olmalıdır. Bunun üçün ayrıca bir qanunun qəbul olmasına ehtiyac yoxdur. Bu, həm də könüllülük prinsipi ilə olan bir şeydir”.

“Bunu jurnalistlərin üzərinə vətənpərvərlik missyası kimi qoyuruqsa, bir az düşünməyə dəyər”

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Milli Məclisin deputatı Azay Quliyevin bu təklifini təqdirəlaiq sayır: “Sadəcə, burada qəzetlərin vəziyyəti də nəzərə alınmalıdır. Biz torpağında müharibə gedən bir ölkədə yaşayırıq. Bizim üçün qloballaşan dünyada milli mədəniyyətimizi qorumaq əsas məsələdir. Təbii ki, müəyyən dərəcədə məsüliyyət mətbuatın üzərinə düşür. Mətbuatda milli məsələlərə, vətənpərvərliklə bağlı yazılara xüsusi yer verilir. Bütöv olmasa da, bütün qəzet səhifələrimizi vətənpərvərlik ruhunda olan yazılarla əhatə etməsək də, hər halda Azərbaycan mətbuatı bu milli məsələlərdə, mənəvi ruhun formalaşmasında, yaşamasında köməyini həmişə göstərib.  Sosial reklamlar kommersiya xarakterli deyil. Qəzetlər isə kommersiya, biznes strukturudur. Hər bir qəzetin özünün müəyyən oxucu auditoriyası, informasiya siyasəti var. Qəzeti məcbür eləmək olmaz ki, onun üzərinə həddindən artıq maarifçilik yükü düşsun. Tam olaraq maarifçilik yükünü götürmüş olsalar, qəzetlər bazar münasibətlərindən kənarlaşacaq. Bu kimi məsələlər diqqətə alınsa, Azay Quliyevin verdiyi o təklif hər hansı şəkildəsə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən əlavə hansısa bir formada maliyyələşdirilərsə, bunun müsbət nəticəsi olar. Yox, əgər sadəcə bunu  jurnalistlərin üzərinə bir vətənpərvərlik missyası kimi qoyuruqsa, mənə elə gəlir ki, bunun üzərində bir az düşünməyə dəyər”.

“Xalq Cəbhəsi” sosial reklamları dərc etməyə hazırdır

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyir ki,Reklam haqqında” qanun var və həmin qanuna əlavə və dəyişikliklər edilir: “Orada sosial reklamların yerləşdirməsilə bağlı müvafiq müddəalar yer alır. Eyni addımı Azərbaycanda da atmaq olar. Hesab edirəm ki, burada qanunvericiliklə yanaşı, insanların özlərinin də yanaşma tərzindən çox şey aslıdı. Bu həm də bir əxlaq məsələsidir. İstənilən mətbuat orqanı, istənilən KİV sosial reklama cəmiyyətin maarifləndirməsinin tərkib hissəsi kimi, öz misyası kimi baxmalıdıdır. Təbii ki,  müəyyən dövr üçün mətbuatın üzərinə bununla bağlı öhdəliklər qoyula bilər. Ancaq gələcəkdə proses özü təkmilləşdikcə bu öhdəliyin özü sıradan çıxacaq. Çünki mətbuat orqanları artıq sosial reklamlara öz misiyalarının tərkib hissəsi kimi baxacaqlar. İndinin özündə rəhbərlik etdiyim qəzetə belə reklam verilsə, məmnuniyyətlə onu dərc etməyə hazıram”.

Mail AĞAXANOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı