Modern.az

“Azadlıq” radiosunun Bakı bürosundan reportaj

“Azadlıq” radiosunun Bakı bürosundan reportaj

2 Noyabr 2009, 12:00

“Redaksiyalardan reportaj” rubrikası üçün bu dəfə “Azadlıq” radiosunun Bakı bürosunu seçdik. Amma qarşı tərəf buna dərhal razılıq vermədi. Bu da təbii idi, gərək Praqadakı əsas rəhbərlikdən icazə alınaydı. Bizim müraciətimizdən bir neçə gün sonra Praqadan müsbət cavab alındı. Və beləcə mən yollandım “Azadlıq”ın Bakı xidmətinin redaksiyasına. Bilməyənlər üçün xatırladım ki, bir neçə dəfə ofisini dəyişməli olan “Azadlıq” radiosu indi Cəfər Cabbarlı küçəsindəki «Caspian Plaza» Biznes Mərkəzinin ikinci  mərtəbəsində fəaliyyət göstərir. 10.30-da “Azadlıq”daydım. Radionun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova bir gün əvvəldən həmin vaxtda gəlməyi vacib saymışdı. Radionun redaksiyasında məni “Azadlıq”ın əməkdaşı Aytən xanım qarşıladı. Elə ilk həmsöhbətim də o, oldu. Doğrusu müxbirləri tanımadığımdan Aytəni də reportyor sanmışdım. Amma söhbət əsnasında məlum oldu ki, onun vəzifəsi redaksiyaya gələn qonaqları qarşılamaq, telefon zənglərinə cavab vermək, qəzetlərin “Azadlıq”ın materiallarına istinad edib-etmədiyini dəqiqləşdirmək, məktubların qəbuluna nəzarət etməkdir. Bir sözlə, bu xanım bir xeyli işi idarə edir. Redaksiya üzvlərinin siyahısını da mənə o, verdi.

Altı əməkdaşın planlaşdırması

Mənim gəlişimdən bir qədər sonra “Azadlıq”da planlaşdırma başladı. Amma planlaşdırmada redaksiyanın cəmi 6 əməkdaşı  iştirak edirdi. Planlaşdırmanı iki ildir Bakı bürosunda redaktor vəzifəsində çalışan Arifə Kazımova idarə edirdi. Arifə xanımın sözlərinə görə, səhər planlaşdırmasını adətən o, aparır, axşam planlaşdırmasını isə Xədicə İsmayılova. Arifə Kazımovadan planlaşdırmada müxbirlərin hamısının iştirak etməməsinin səbəbini soruşdum. Cavabı belə oldu: “Bəzən müxbirlərimizin bir neçəsi planlaşdırmaya gecikir. Bizdə bir qədər sərbəstlik, demokratik mühit var, işçilərimizi belə gecikmələrə görə sıxışdırmırıq. Çünki belə hallar daimi olmur”. Müşahidələrimdən belə qənaətə gəldim ki, planlaşdırmada yeni ideya və təkliflərlə çıxış edən tanınmış jurnalist Babək Bəkirli daha fəal idi. Radionun əməkdaşları mövzularla bağlı qısa müzakirələrdən sonra tapşırıqları alıb iş başına keçdilər. “Azadlıq”da işləməyin şərtləri Arifə Kazımova dedi ki, “Azadlıq”da senzura yoxdur, sərbəstlik var. Bir də burada işləyənlər peşəkarlardır, onlar nəyi necə yazmağı yaxşı bilirlər: “Kollektivin ən gözəl xüsusiyyəti arada intriqaların olmamasıdır”. ”Azadlıq”ın Bakı bürosuna işə götürülmənin bir sıra vacib şərtləri var. Ən əsası isə ingilis dilini bilməkdir. Digər şərtlər məharətlilik, obyektivlik, dəqiqlik, tərəfsizlik və balansı gözləməkdir.

Yaddaşlardan silinməyən kədərli hadisə

Nəhayət günorta saatlarında radionun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova gəlib çıxdı. Onunla söhbət etmək istədiyimi  bildirəndə əvvəlcə etiraz edərək “mənim vaxtım yoxdu” dedi. Amma mən əl çəkmədim və onu birtəhər 2 dəqiqəlik sual-cavaba razı sala bildim. Bilirdim ki, çətini söhbətə başlayıncadı, sualların ardı gəldikcə, cavab verməyə məcbur olacaq. Xədicə xanım dedi ki, 2008-ci il iyulun 1-dən “Azadlıq”ın Bakı bürosunun rəhbəri təyin olunub. Onun sözlərinə görə, redaksiyasda hər kəs öz üzərinə düşən işi, ona verilən tapşırığı yerinə yetirməlidir: “Tənbəl, aktiv olmayan adamın burda yeri yoxdur. Biz verilən imkanlardan asılı olmayaraq öz işimizi maksimum görürük”. Xədicə İsmayılovanın sözlərinə görə, 2004-cü ildən rəsmən fəaliyyətə başlayan «Azadlıq» radiosunun Bakı bürosunda 19 ştatlı, 8 ştatdankənar işci çalışır. O, «Azadlıq»ın sərbəst yayımının əngəllənməsini təəssüf hissi ilə xatırladı: “Radiomuzun FM dalğasında yayımının dayandırılması heç yadımızdan çımayan kədərli bir hadisədir. 2009-cu ilin ilk günündə Milli Televiziya və Radio Şurasının qərarı icra olunmalıydı. Hamımız qəbuledicinin ətrafında çox həyəcanla gözləyirdik ki, doğrudanmı FM dalğasında yayımı dayandıracaqlar? Deyilən vaxtdan bir neçə saniyə keçdi, amma efir kəsilmədi. Biz çox sevindik və içimizdə ümid yarandı. Ancaq bu sevinc uzun çəkmədi. Gözlənilənlər baş verdi. Onu da deyim ki, həmin bir neçə saniyəlik ümid ömrümün axırına kimi yadımnan çıxmaz. Biz sərbəst yayımdan məhrum olmaqla çoxlu sayda dinləyici ilə əlaqəni itirdik. Gözləyirdik ki, “Azadlıq”ın yayımının bərpası üçün Amerika və Azərbaycan arasında aparılan danışıqlar problemin aradan qalxması ilə nəticələnəcək. Ancaq Azərbaycan hökuməti buna ümid yeri qoymadı”. Xədicə İsmayılova FM dalğasında yayımı dayandırılan “Azadlıq” radiosunun bütün çətinliklərə rəğmən özünün dinləyici və oxucu auditoriyasını qoruyub saxlaya bildiyini dedi. Saytın rusca versiyası işə başlayacaq “Biz əlimizi yanımıza salıb oturmadıq,  diqqəti internet səhifəmizə yənəltdik. Saytımızda multimedia layihələrə, maraqlı rubrikalara başladıq. Həm də peyklə yayıma start verdik. Bu addımlar sayəsində bizim Azərbaycanın  regionları ilə itməkdə olan əlaqələrimiz gücləndi. Təsəvvür edirsinizmi indi bizə regionlarda nə qədər çox dinləyici qulaq asır? Redaksiyamıza göndərilən məktubların çoxluğu bunu bir daha sübut edir”-deyə radionun Bakı xidmətinin rəhbəri bildirdi. Həmsöhbətim dedi ki, artıq “Azadlıq”ın internet səhifəsinin rus dilində olan versiyası da hazırlanıb. Onu rus dilində alternativ, balanslı və dəqiq informasiyaya ehtiyacı olan zümrə üçün hazırlayıblar. Hazırda saytın rus versiyası üzərində tamamlama işi gedir. Yaxınlarda rəsmən fəaliyyətə başlayacaq. “Mən bir oxucu kimi “Azadlıq”ın internet səhifəsindən gözümü çəkə bilmirəm. Bizim kollektiv çətinliyi imkana çevirmək bacarığını maksimum göstərib”. Bunu da Xədicə İsmayılova dedi.

Praqa onlardan razıdır

“2 dəqiqəli söhbət” xeyli uzandı. Xədicə İsmayılova bildirdi ki, Praqada Bakı bürosunun fəaliyyətindən razıdırlar: “Rəhbərlik  bizdən razıdır. Çünki hər il monitorinq keçirilir. Hətta monitorinqlərin birinə məni də dəvət etmişdilər. Bu yadımda qalan xoş məqamlardan biridir”. Xədicə xanımın sözlərinə görə, radionun Bakı redaksiyasının fəaliyyəti ilə bağlı monitorinqin yekununda komandaya ünvanlanan bütün xoş sözləri yalnız o, eşidib: “Buna görə əməkdaşlarımıza minnətdaram ki, həmin xoş anı mənə yaşatdılar. 18 mart referendumunda da «Azadlıq» radiosunun fəaliyyəti ilə bağlı heç bir irad olmamışdı. Rəhbərlik də buna təccüblənmişdi”.

Daxili və xarici mükafatlar

“Azadlıq”ın “Ayın ən yaxşı reportajı” adlı daxili mükafatı var. Bu mükafatın qalibi Praqadakı əsas ofisdə seçilir. Xədicə İsmayılovanın sözlərinə görə, istər yerli, istərsə də beynəlxalq mükafatlar onlar üçün qiymətlidir: “Hərdən müsabiqə təşkilatçıları mənə deyirlər ki, əgər ayıb olmasaydı, onlar bütün mükafatları yalnız “Azadlıq” radiosuna verərdilər. Bizimçün isə əsas mükafat dinləyicilərdən gələn məktublardır”. Həmsöhbətim dedi ki, Azadlıq”ın müxbirləri Sevda İsmayıllı Babək Bəkir müsabiqələrdə sonuncu mükafat alan əməkdaşlardı.

“Azadlıq”ı boğmaq istəyənlər Xədicə İsmayılova ilə söhbətim zamanı “Azadlıq” radiosunun Naxçıvandakı müxbir postunun işinə də toxunduq. O, bildirdi ki, radionun Naxçıvan müxbiri Məlahət Nəsibova tez-tez təzyiqlərlə üzləşir: “Naxçıvanda o cür ağır şəraitdə işləmək çox çətindi. Məlahət xanımın işinə heyranam. Belə işin nəticəsində o, bu yaxınlarda Norveçdə nüfuzlu bir təşkilatın insan hüqüqları üzrə mükafatını aldı”. Radio daim yeniliklər edəcək X.İsmayılova işçilərinin ona münasibətini belə təsvir etdi: “Işçilər mənə “Xədicə xanım”-deyə müraciət etsələr, özümü çox qoca hiss edərəm. Mənə elə öz adımla müraciət edirlər ki, bu da xoşdur”. “Azadlıq” da həmişə yeniliklərin olduğunu qeyd edən büro rəhbəri hazırda müxtəlif layihələr üzərində işlədiklərini dedi: “Saytımızda video xəbərləri artırmaq imkanımız var. Bu, müxtəlif aspektlərdə olacaq. Amma nəyin necə olacağını hələ dəqiq deyə bilmərəm. Çünki indi bu istiqamətdə işləyirik. Bir sözlə, “Azadlıq”da həmişə yeniliklər var, olacaq da... Bacarıqlı komandanın sayəsində bütün maneələri dəf edəcəyik”. Qaradinməz redaktorlar Xədicə İsmayılova ilə “2 dəqiqəlik söhbət”i yekunlaşdırandan sonra radionun digər əməkdaşlarıyla söhbətləşdim. İndiyədək “Azadlıq” da müxtəlif vəzifələrdə çalışan Etibar Rəsulov hazırda veb-redaktorudu. Ondan bu iki kəlmə sözü güclə qopara bildim. Heç şəklini də çəkməyə qoymurdu, bir təhər saqqızını oğurladım. Növbəti həmsöhbətim də veb-redaktor oldu. Məlum oldu ki, ona redaksiyada “Professor “ ləqəbi verilib. Həm də özünün istəyi ilə. Söhbətə başlayanda da məni aldatmağa çalışdı, özünü Tapdıq Fərhadoğlu kimi qələmə verdi. Mən də onun kələyini göydə tutdum, yenə bir başqa ad çəksəydi ayrı məsələ, çünki jurnalistikada yeni olmağıma baxmayaraq bir xeyli həmkarımı, o cümlədən Tapdıq Fərhadoğlunu tanıyıram. Nə isə, yerindəcə aydınlaşdırdım ki, əsl adını gizlətməyə çalışan bu yoldaş, Yalçın İmanovdu. Şəklini niyə çəkməyə qoymadı, onu anlamadım. Mən redaksiyanı tərk edənə kimi, sərvaxt oldu ki, birdən fotokameranı ona tuşlayaram. Hətta arada ciddi-ciddi dedi ki, onun şəkilini çəkəcəyim təqdirdə məni məhkəməyə verəcək. Mən də çəkmədim, amma bu sözə görə deyil, sadəcə özü istəmədiyinə görə. “Azadlıq”ın azad müxbirləri... “Azadlıq” dakı “Qaynar xətt” in aparıcısı Səadət Akifqızı əvvəllər radionun bölgə müxbiri işləyib. Səadət xanım da “Azadlıq”da senzuranın yoxluğundan danışdı: “Başqa mətbuat orqanlarında çalışan həmkarlarımın deməyindən bilirəm ki, onların redaksiyalarında senzura var. Ancaq bizdə yaradıcılıq imkanları daha genişdir”.

19 ildir mətbuat sahəsində çalışan Aygün Muradxanlı “Azadlıq”ın əsas müxbirlərindəndir. Onun reportajlarının böyük dinləyici auditoriyası olduğunu dedilər. Həmkarımın başını qaşımağa vaxtı olmadığından mənimlə söhbətə zaman ayıra bilmədi.

“Azadlıq”ın FM-də yayımlandığı vaxtlarda “Can Bakı” verilişini aparan Sevda İsmayıllı indi həmin proqramı internetdə-bloqda hazırlayır. O, həm də radiodakı “İz” mədəniyyət proqramının aparıcısıdır. Sevda xanım dedi ki, redaksiyanı canlandıran məhz o, olub: “Məncə bu kollektivi ruhlandıran, ona canlılıq gətirən mən oldum. Görünür bu sənətin spesifikasındandır”. Hər saatın tamamında mikrafon arxasına keçib “Xəbərlər”i səsləndirən Sevinc Hüseynzadə həm də “Qafqaz qovşağı” verilişinin aparıcısıdır. Ona yanaşmaq, işinə mane olmaq demək idi.

Kəbiran Dilavərli redaksiyada sosial mövzuların hazırlanması üzrə ixtisaslaşıb. Ona maaşı barədə sual verəndə “biz maaşımızın məbləğini məxfi saxlayırıq” deyib söhbəti başqa istiqamətə yönəltdi. Sonradan mənə məlum oldu ki, bu redaksiyada maaşın məbləği barədə bir-birinə nə isə demək qadağan edilib.

Ülkər Akifqızı “Azadlıq”ən gənc əməkdaşlarından olmasına baxmayaraq “universal müxbir”di. O, həm “Xəbərlər”də,  həm də “14-24 “verilişində aparıcılıq edir, üstəlik videoreportajlar da hazırlayır. Radioda yenicə çalışmağa başlayan Gülər Qasımova hələ özünə yer tapa bilməyib. Amma eybi yoxdur, qoy hələ özünə yer eləsin, onda gör o birilərinə neyləyəcək. Gülər Xədicə xanımı öz müəllimi adlandırdı, dedi ki, həmişə ondan nümunə götürür. “İşdən sonra” verilişinin prodüsseri Gülarə Babayeva redaktorlar kimi, nə danışdı, nə də şəklini çəkməyə razılıq verdi. Xədicə xanımın reportajlarına heyran olduğu Durna Səfərli gənclər üçün hazırlanan “14-24” proqramının aparıcısıdır. O, həm də “Qaynar xətt”ə gələn şikayətləri araşdırmaqla məşğul olur. “14-24” proqramının digər aparıcısı Vüsalə Əlibəylidir. O, Gürcüstana oxumağa gedib. “Azadlıq” ümid edir ki, təhsilini başa vurandan sonra Vüsalə radioda işinə davam edəcək. Redaksiyada olduğum zaman radionun cənub bölgəsi üzrə  müxbiri Müstəcəb Məmmədovla da tanış oldum. O, Masallı və Salyan zonasından xeyli xəbər gətirmişdi. Ştatdankənar müxbir Səbinə Vaqifqızı və fotomüxbir Abbas Atilayın başı yazı-pozuya elə qarışmışdı ki, onları işdən ayırmaq mümkün olmazdı. Əvvəllər səs rejissoru olan, indi video-fotomüxbir vəzifəsinə keçən Cavanşir Ağamalıyev işini o qədər çox sevdiyini dedi ki, hətta yenidən dünyaya gəlsəydi, yenə bu peşəni seçərdi. ”Azadlıq”ın digər səs rejissoru Rövşən Həsənovu da sizə tanıdım. O, şüşə arxasından xəbər aparıcısına əllə müxtəlif işarələr, “him-cim” etməkdən birtəhər olmuşdu. Jurnalistika sahəsinə xüsusi “sevgi”si olan adminstrator Yəhya Mirzəyev öz işini belə təsvir elədi: “Mənim işim zir-zibilli işlərə baxmaqdır”. Yenicə subaylığın daşını atan “Akademik” ləqəbli Natiq Məmmədov, müxbir Şahnaz Bəylərqızı məzuniyyətdə, Rövşən Qəmbərov ezamiyyətdə olduqları üçün işdə deyildilər.

Stajlı əməkdaşlar

Mövzuları həmişə özü seçən, radionun Prezident Administrasiyası və parlament üzrə müxbiri İlqar Rəsul 2004-cü ildən “Azadlıq”da çalışır. Büro rəhbərinin dili ilə desək İlqar “Tanınmışlar” proqramında insanların iç dünyasını tanıdır. Onun sözlərinə görə, bu redaksiyada məsuliyyətsizlik mümkünsüzdür. Radionun araşdırma qrupunun rəhbəri Babək Bəkirin fikrincə, “Azadlıq”ın missiyası onun azadlığını heç də məhdudlaşdırmır. Həmsöhbətim dedi ki, hazırda “Azdalıq”da ən çox işləyən odur. Babəki bayaq Xədicə xanım da tərifləmişdi: “Babək Bəkir həm etik, həm də balanslaşdırma cəhətdən ölkədə ən təcrübəli və professional jurnalistdir. Mən Azərbaycanda ikinci belə jurnalist tanımıram”. Kollektivin “Qadası” ləqəbi verdiyi, “Şəffaflıq” proqramının aparıcısı Maarif Çingizoğlunu da təxribata çəkib, ondan maaşının məbləğini soruşsam da, cəhdlərin nəticəsiz qaldı. “Qadası” ləqəbinə gəlincə, həmkarımın sözlərinə görə, gün ərzində bu sözü tez-tez işlətdiyi üçün onu belə çağırırlar. Yeri gəlmişkən, onun həm də çox ünsiyyətcil adam olduğunu qeyd etməliyəm. Maarif Çingizoğlu mətbuat konfranslarında çox darıxdığını söylədi. Bunu həmin tədbirlərin atmosferi ilə əlaqələndirdi. Özünüreklam “Azadlıq” yeganə radiodur ki, onun efirində reklam səsləndirilmir. Radio yalnız özünü reklam edir, vəssalam. Özünüreklam işinə baxan Rafiq Məmmədli həm də radionun saytında xırda məsələlərlə məşğul olur: “Biz özümüzü reklam edirik. Kommersiya təşkilatı olmadığımız üçün  reklamla məşğul olmuruq. Veb-səhifənin bəzi işlərinə də mən baxıram”. Rafiq bəyi öz otağında lentə almaq istəyəndə, qızlar qoymadılar.  Otaq yaman qarışıqlıq idi ona görə. “Azadlıq”ın səliqəsi Redaksiyanın kiçik bir mətbəxi də var. Mətbəxdə özünəxidmət qaydası hakimdir. İşçilərin “Mətanət xala”-deyə müraciət etdikləri xidmətçi əməkdaşlardan yaman razılıq etdi. Dedi ki, səliqə-səhmanda, təmizkarlıqda onlara söz ola bilməz. Beləcə, üç ildir burada çalışan Mətanət xala heç kimin paxırını açıb-ağartmadı. Onu da qeyd edim ki, “Azadlıq” radiosunun Bakı bürosunda da ənənə var. Bayram və ad günlərində hamı bir yerdə deyib-gülməli, şənlənməlidir. Bunu divara “Ad günlərinin siyahısı” adlı cədvəlin vurulması da təsdiq edirdi. Missiya «Azadlıq» radiosunun missiyası xəbərlər və ideyalar yaymaqla demokratik dəyərlər və institutları dəstəkləməkdən ibarətdir. Radio bu qənaətdədir ki, demokratiyanın əsas şərti yaxşı məlumatlandırılmış cəmiyyətdir. İndi «Azadlıq» radiosu avar, Azərbaycan, alban, ərəb, başqırd, Belarus, Bosniya, erməni, gürcü, dari, qazax, qırğız, Krım-tatar, kürd, makedon, moldovan, fars, puştu, rus, rumın, serb, tacik, tatar, türkmən, özbək, Ukrayna dillərində verilişlər yayır. Eston, latış, Litva, polyak, slovak, macar və çex xidmətləri öz missiyalarını başa vurub, yayımlarını dayandırıblar. Görəsən «Azadlıq» radiosu Azərbaycanda öz missiyasını nə vaxt başa vuracaq?

 

Bura "Azadlıq"dır
İş yeni başlayır
 

Altı müxbirin planlaşdırması

Xədicə İsmayılova: "Praqada işimizdən razıdırlar"
Administrator Yəhya Mirzəyevun işi yaman çoxdur

 

Arifə Kazımova: "Bizdə senzura yoxdur"

 

Reportajlarında balansı qoruyan təcrübəli Babək Bəkir

 

Bakı kəndlərinin problemlərini daim gündəmdə saxlayan Aygün Muradxanlı

 

Aytən qəzetlərin "Azadlıq"ın materiallarına istinad edib-etmədiyini dəqiqləşdirir

 

Müstəcəb Məmmədov: "Heç bilirsiz bölgələrdə nə qədər problem vaar?

 

Cavanşir Ağamalıyev işinin vurğunudur

 

Durna Səfərli "qaynar xətt"ə daxil olan növbəti şikayətlə tanış olur

 

İş arasında çay fasiləsi

 

"Azadlıq"ın qaradinməz veb-redaktoru Etibar Rəsulov

 

Tanınmışların iç dünyasını tanıdan İlqar Rəsul

 

Kəbiran Dilavərli: "Maaş barədə məndən heç nə soruşma"

 

Maarif Çingizoğlunu yenə mətbuat konfransına çağırırlar

 

Rafiq Məmmədli: "Biz özümüzdən başqa heç kimi reklam etmirik"

 

Səs rejissoru Rövşən Həsənov diqqətini aparıcıya yönəldib

 

"Bayaq əllə işarə edəndə, nə deyirdin?"

 

Səadət Akifqızı müsahibi ilə danışır

 

Sevda  İsmayıllı "Azadlıq"da canlanma yaradıb

 

Sevinc Hüseynzadə "Xəbərlər"i səsləndirir

 

Radionun "universal müxbiri" Ülkər Akifqızı

 

Ştatdankənar əməkdaş Səbinə Vaqifqızı ştata düşəcəyinə ümid edir

 

Abbas Atilay yenə fotomontajla məşğuldur

 

Mətanət xala səliqə-səhman yaradır

Hamı bir yerdə

Günay MUSAYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir