Modern.az

Deputatlar sosial şəbəkələri İTTİHAM ETDİLAR

Deputatlar sosial şəbəkələri İTTİHAM ETDİLAR

Aktual

6 Oktyabr 2016, 13:46




Bu Beynəlxalq Mətbuat Mərkəzində Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət İbrahimqızının təşkilatçılığı ilə dövlət atributlarına, milli-mənəvi dəyərlərə, türk və islam mənəviyyatına və əxlaqına zidd olan təhqiramiz yazı və verilişlərin yayımlanmasına etiraz olaraq mətbuat konfransı keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, yazıçılar, alimlər iştirak edib. Çıxış edən M. İbrahimqızının sözlərinə görə, son vaxtlar Azərbaycandakı bir sıra mətbuat orqanlarında , xüsusilə də sosial şəbəkələrdə ölkənin milli-mənəvi dəyərlərinə zidd məlumatlat yayılır və vətəndaşların şərəf və ləyaqəti alçaldılır:

"Sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda dərc olunan yazılar bizi narahat edir. Həmin saytlarda olan təhqiramiz və əxlaqa zidd fikirləri görəndə mən dəhşətə gəlirəm. Ən dəhşətlisi isə odur ki, burada ziyalılar, cəmiyyətin aparıcı insanları hədəfə çevrilir".

 

Deputatın sözlərinə görə, bəzi insanlar Azərbaycandakı demokratiya və söz azadlığından öz məqsədləri üçün istifadə edir, bunu düzgün anlamır və insanları gözdən salmağa çalışırlar:

“Sosial şəbəkələrdəki səhifələrdə 300 mindən çox izləyici var və bu rəqəm artan istiqamətdə gedir. Mən bu barədə Milli Məclisdə də çıxış etdim. Çox təəssüf ki, bu günədək Azərbaycan parlamentində internet üzərindən tənzimlənən mətbuatla bağlı heç bir qanun yoxdur. Düşünürəm ki, biz cəmiyyətin bütün ziyalılarını səfərbər edib ictimai qınaq yaratmalı və bunun qarşısını almaq üçün tədbirlər görməliyik. Bəlkə də bununla bağlı Monitorinq Qrupu yaradıb onların fəaliyyətini izləməli və sonra qanun çərçivəsində müvafiq addımlar atmalıyıq".

 

M. İbrahimqızı qeyd edib ki, burada söhbət heç də internetin bağlanmasından yox, sadəcə insanların şərəf və ləyaqətin alçaldılmasından gedir: "Kiminsə fəaliyyətini tənqid etmək olar, müzakirə etmək olar, amma alçaltmaq, təhqir etmək yolverilməzdir".

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin dekanı Cahangir Məmmədov çıxış edərək bildirib ki, milli-mənəvi dəyərlərin qorunmasından söhbət gedirsə, etik normalara əməl edilməlidir:

"Etik normalar insanın vicdanına bağlıdır. Hər adam buna əməl etmir. Çoxları sensasiya dalınca qaçırlar”.


Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli isə çıxışında deyib ki, sözügedən problem çox böyükdür və bu istiqamətdə əməli addımlar atılmalıdır:

"Burada qaldırılan təkliflər nəzərə alınmalı və qanun layihəsi şəklində Milli Məclisə təqdim olunmalıdır. Sosial şəbəkələr və internet medianın yaratdığı problemlər həm Azərbaycanda, həm də dünyada narahatlıq doğurur. Hətta bununla bağlı Avropa Şurasının Mərkəzi ofisində disskusiyalar keçirildi. Bildiyiniz kimi, 2013-cü ildə Mətbuat Şurasının tərkibində onlayn medianı tənzimləyən komissiya yaradıldı. Təsəvvür edin ki, 2015-ci ildə onlayn mediadakı xəbərlərə görə bizə 600 şikayət daxil olub. Ancaq biz sosial şəbəkələrdəki fikirləri müzakirə etmirik. İndi təsəvvür edin, orda nələr baş verir? Orada milli-mənəvi dəyərlərin tapdanması, insan haqlarının pozulması baş verir. Sosial şəbəkələrdə həm də insanların şəxsi həyatı ilə bağlı sirləri yayırlar. Avropa Birliyinə daxil olan ölkələrdə dövlət sirlərinin və şəxsi həyatın qorunması ilə məşğul olan agentliklər fəaliyyət göstərir. Yəni onlara səlahiyyət verilir ki, hər hansı saytda şəxsi həyatla bağlı informasiya gedirsə, həmin mətbu orqan bloka alınır və fəaliyyəti dayandırılır. Eyni zamanda, Avropada belə bir praktika var ki, sosial şəbəkələrdə qeydiyyatdan keçərkən, şəxsin kart hesabından simvolik məsələn, 1 avro miqdarında pul çıxılır və bu an həmin adamın bütün məlumatları alınır. Bu da gələcəkdə baş verən istənilən hadisədə birbaşa həmin adamın məsuliyyət daşımasına şərait yaradır. Biz də bilirik ki, ölkədə təhqir bə böhtan xarakterli məlumatlar yayan insanların əksəriyyəti qərəzli şəkildə yetişdirilir ki, Azərbaycanın mövqeyinə, imicinə zərbə vursunlar".

 

Milli Məclisin deputatı Elmira Axundova informasiya ombusdmanı yaradılmasını təklif edib: "Mətbuat Şurasına da internet media ilə bağlı ciddi səlahiyyətlər verilməlidir. Məsələn, deyilən məsələlərin yer aldığı sayt varsa, Mətbuat Şurası ona bağlamalı və sonra bu məsələ məhkəmədə həll olunmalıdır. Ümumiyyətlə disskusiya təhqir yolverilməzdir. Vətəndaşlarımız bu məsələdə diqqətli olmalıdırlar".

 

Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev dünyada insanım şərəf və ləyaqətinin təhqir olunmasına görə, cərimələrin tətbiq olunması ilə bağlı praktikanın olduğunu vurğulayıb:

"Sənin nə ixtiyarın var ki, başqasını təhqir edirsən? İnternetrə hamı nə istəyirsə, onu da yaxır. Fransada Məhəmməd peyğəmbər təhqir olunanda biz bunun əleyhinə çıxdıq. Onlar da dedilər ki, bu, söz azadlığıdır. Bəs onda nəyə görə, qondarma "erməni soyqırımı"nı tanımayan şəxsə cərimə tətbiq olunması barədə qanun qəbul olunur? Budurmu söz azadlığı? Bu, ikili standartdır. Bu gün bəzi jurnalistlər bizim tariximizin, ədəbiyyatımızın olmadığını deyir, Üzeyir Hacıbəyovu, Səməd Vurğunu təhqir edir, mənəvi dayaqlara zərbə vururlar. Əgər yoxlasalar, görərsiniz ki, Azərbaycanda bəzi saytları ermənilər yaradıblar. Mən inanmıram ki, müharibə şəraiti olan ölkədə mənəvi dayaqlar belə sındırılbsa, bizim dövlətimiz inkişaf etsin. Biz demirik ki, kimisə həbs etdirək. Sadəcə, biraz məsuliyyətli olmaq lazımdır. Şəxsən Yazıçılar İttifaqına təsir edən axmaq-axmaq yazılar dərc olunur".

Çıxışlardan sonra milli-mənəvi dəyərlərin qorunması ilə bağlı ictimaiyyətə müraciət ünvanlanıb.


Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!