Modern.az

Deputat “Yeni” Müsavat”la barışdı

Deputat “Yeni” Müsavat”la barışdı

18 Fevral 2011, 12:11

Modern.az saytının məlumatına görə, xeyli vaxtdır “Yeni Müsavat” qəzeti ilə 28 saylı Sabunçu III seçki dairəsindən deputat Eldar Quliyev arasında davam edən söz çəkişməsi millət vəkilinin məhkəməyə müraciəti ilə nəticələnmişdi. Buna səbəb “Yeni Müsavat”ın E.Quliyev barəsində silsilə yazılarla çıxış etməsiydi ki, həmin məqalələrdə də deputatın “Azərittifaq”ın rəhbəri olaraq müxtəlif qanunsuz hallara yol verdiyi bildirilirdi. Modern.az xəbər verir ki, nəhayət tərəflər arasında “atəşkəs” əldə olunub.

Əməkdaşımız deputat Eldar Quliyevlə əlaqə saxlayaraq onun “Yeni Müsavat” qəzeti ilə mübahisəsinə dair son məlumatı öyrənmək istəyərkən millət vəkili tərəflər arasında anlaşma əldə olunduğunu söyləyib.
E.Quliyevin sözlərinə görə, onun “Azərittifaq”dakı müavini Tənzilə Rüstəmxanlı dünən məsələylə əlaqədar “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə görüşüb, aradakı mübahisəni çözməyə çalışıb. Həmin görüşdə məlum olub ki, “Azərittifaq”ın keçmiş işçiləri deputat Eldar Quliyev barəsində “Yeni Müsavat”a müxtəlif dezinformasiyalar ötürüblər və qəzetin onları dərc etməsiylə arada mübahisə yaranıb. Və belə bir razılığa gəlinib ki, tərəflər qarşlıqlı ittihamlara son versinlər.

E.Quliyevin sözlərinə görə, bundan sonra onun hüquqi nümayəndəsi Nizami rayon məhkəməsində olaraq deputatın “Yeni Müsavat”a qarşı iddiasını geri götürüb. Deputat deyib ki, onun nümayəndəsi bu gün də “Yeni Müsavat”la əlaqədar Mətbuat Şurasına müraciət edib bir neçə gün öncə təqdim olunan şikayəti geri götürəcək.

“Yeni Müsavat”ın rəhbərliyi isə qəzetin səhifələrində deputat E.Quliyev barəsində antikampaniyaya qon qoymağa söz verib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir