Modern.az

Mənə hörmət eləyirlər

Mənə hörmət eləyirlər

7 Oktyabr 2016, 13:37

Hidayət ELVÜSAL


Belə-belə işlər

 

Sağ olsunlar, vallah heç bilmirəm onların xəcalətindən necə çıxım. O gün yenə xəbər yayıldı ki, dollar qalxır. Deməli, bahalıq olacaq. Ciblərimi eşələdim, gördüm pulum çatsa-çatsa yumurtaya çatar. Və fikirləşdim neçə ki, ucuzdur beş-on dənəsini alım.

Mağazaya getdim. Deyəsən bu bahalaşma söhbətini eşidənlər çox idi. Əməlli-başlı növbə yaranmışdı. Bir az keçmişdi ki, xəbər mağazaya da yayıldı. Satıcı mədəni surətdi dedi ki, bağışlayın, yumurta qurtardı. Amma mən səbirsizlik elədim və səsimi atdım başıma:

- Necə yəni qurtardı? Piştaxtanın altı doludur. Odey… görürəm.

İki nəfər çox böyük hörmətlə qolumdan yapışıb məni atdılar bayıra. Biri daha çox hörmət göstərib arxamdan təpik də ilişdirdi:

- Get, atdan, alə!

Üst-başımı təmizləyib, ayağa qalxdım və yenidən cumdum mağazaya. Bir polis nəzakətlə qolumu burub arxamda saxladı:

- Xuliqanlıq eləyirsən?

- Mən xuliqanlıq eləmirəm, yumurta istəyirəm.

- Toyuqlar yumurtadan kəsilib, qədeş. Qısır qalıblar.

Dartınıb polisin əlindən çıxmaq istəyəndə hörmətlə qulağımın dibinə bir şapalaq çəkib dedi:

- Gedək otdeleniyaya.

Getmək istəmədim. Amma polis əziyyət çəkib məni sürüyə-sürüyə gətirdi şöbəyə.

- Belə… - deyə növbətçi məni başdan-ayağa süzdü,- Ə, donqili, lotuluq eləyirsən, hi?

- Mən lotu deyiləm, müəllim, yumurta istəyirəm. Barmağını şişirdi:

- Ala da bə! Xoşuna gəlir?

- Bu nədi?

- Yumurta!

- Bu… yumurta  deyil axı…

- Ə, bu qurunpet nə danışır ə, hi?

- Vallah, yumurta deyil.

Növbətçi   həmin «yumurtanı» hörmətlə çənəmə ilişdirdi. Səndələsəm də yıxılmadım. Hörmət əlaməti olaraq birini də ilşidirdi:

- Yumurta! Yox bir, sərçə qatığı. Rədd ol! Bir də xuliqanlıq eləmə!

Məni atdılar bayıra. Taksi əylədib evə gəldim. Düşəndə bir manat da artıq verdim. Sürücü hörmətlə yapışdı pencəyimin ətəyindən:

- Adə, maygülü, bu nədi? Mən dilənçi-zadam səninçün?

- Qardaş…

- Nə qardaş, alə, iki də qoy üstünə!

Qoydum. Amma evə qalxa bilmədim. Başım bərk ağrıyırdı. Birtəhər yaxınlıqdakı poliklinikaya getdim. İçəri girən kimi sarışın qadın üz-gözünü turşutdu:

- Poliklinika zakrıta!

- Başım ağrıyır.

Sarışın qadın:

- Başqa balit? Mala nada pit, - deyə özünü əsdirə-əsdirə məni danladı.

- Əşi, mən içən deyiləm!

- Jal. Srazu vidna. İdi, milinkiy, idi. İdi damoy, uje pozdna – deyib məni hörmətlə çıxardı bayıra.

Hələ başqa-başqa yerlərdə də çoxlu başqa-başqa hörmətlər görmüşəm və danışmaqla qurtaran deyil. Belə mədəni, hörmətcil, qayğıkeş adamları gördükcə ürəyim açılır. Qoy neyləyirlər eləsinlər. Amma belə hörmətlə eləsinlər. Sağ olsunlar, allahçünə elə belə də olur – mənə də, başqalarına da çox böyük hörmət eləyirlər.

Çünki adam balasıdırlar, mədənidirlər…

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir