Modern.az

Milli Əlaqələndirmə Şurasından nə gözlənilir?

Milli Əlaqələndirmə Şurasından nə gözlənilir?

7 Oktyabr 2016, 14:43

Prezident İlham Əliyev ölkədə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman imzalayıb.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarət olacaq.

Şura öz fəaliyyətinə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elm müəssisələrini cəlb edə bilər, habelə ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

Sərəncamla Şuranın sədri, sədr müavini və üzvləri müəyyən olunub:

Şuranın sədri Əli Əhmədov –Baş nazirin müavini

Şuranın sədr müavini Şahin Mustafayev - iqtisadiyyat naziri

Şuranın üzvləri: Tahir Budaqov –Dövlət Statistika Komitəsinin sədri

Hicran Hüseynova –Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Vaqif Əliyev – Mədəniyyət və turizm nazirinin birinci müavini

Mahmud Məmməd-Quliyev – Xarici işlər nazirinin müavini

Elsevər Ağayev – Səhiyyə nazirinin müavini

İdris İsayev – Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Ceyhun Bayramov – Təhsil nazirinin müavini

Rauf Hacıyev – Ekologiya və təbii sərvətlər nazirinin müavini

İntiqam Babayev – Gənclər və idman nazirinin müavini

Seyfəddin Talıbov – Kənd təsərrüfatı nazirinin müavini

Toğrul Musayev – Ədliyyə nazirinin müavini

Fuad Hüseynov – “Dövlətqaçqınkom”un sədr müavini.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında yaradılan Şuranın əhəmiyyətindən danışıb:

“Birləşmiş Millətlər Təşkilatının (BMT) müəyyən proqramları var. Azərbaycan həmişə o proqramlarda iştirak edir. Xüsusilə yoxsulluğun aradan qaldırılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, müəyyən problemlərin həll edilməsini dövlət başçısı həmişə ön planda saxlayır. Məhz bu işlərin davamı olaraq belə bir Şura yaradılıb və Əli Əhmədov ora sədr təyin edilib. Bu normal bir haldır”.

 

Deputat qeyd edib ki, əhalinin vəziyyətinin yaxşılaşdırılması, bu sahədəki statistikanın düzgün aparılması baxımından qərar təqdirəlayiqdir:

“Çünki qeyd edilən problemlər mütəmadi olaraq Birləşmiş Millətlər Təşkilatında da müzakirəyə çıxarılır. Ona görə bizim üçün də çox əhəmiyyətlidir”.

 

Gülşən RAUFQIZI

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?