Modern.az

Göyçayda sutəmizləyici qurğu tikilir

Göyçayda sutəmizləyici qurğu tikilir

7 Oktyabr 2016, 14:55

Azərbaycan Respublikası hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın sonuncu mərhələsi çərçivəsində Göyçay şəhəri üçün tullantı sutəmizliyici qurğunun tikintisinə başlanılmışdır.

 

 “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə  həyata keçirilən layihəyə uyğun olaraq Göyçay rayonunun Şəhadət kəndi yaxınlığında məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilir. Qurğu 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Göyçay şəhərində 45 min  sakinə xidmət göstərməklə ekoloji tarazlığın qorunmasına töhfə verəcəkdir.

 

Layihəyə əsasən qurğu kompleksində durultma hovuzları, barmaqlıqlar, qumtucu  və yağ ayırıcı kameralar,  bio-fosfor, çökdürücü və təmizlənmiş suyun saxlanılması  üçün çənlər,  nasos stansiyaları, filtrlər, ultrabənövşəyi dezinfeksiya  və digər sistemlər quraşdırılacaqdır. Tullantı  sutəmizləyici qurğu kompleksində inzibatı bina, kompressor, transformator, lilsıxlaşdırma binaları, SCADA  otağı və digər yardımçı binaların  yaradılması da nəzərdə tutulur. 

 

Qeyd edək ki, "Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın əvvəlki mərhələlərində Göyçay şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılmışdır.  Şəhərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 7 subartezian quyusu qazılmış, ümumi tutumu 7000 kubmetr olan 5 ədəd su anbarı tikilmişdir. Eyni zamanda Göyçay şəhərində 147 km içməli su şəbəkəsi inşa edilmiş, 9761 ünvana birləşmə verilərək sayğaclaşma işləri aparılmışdır. Görülmüş işlər nəticəsində şəhərin bütün əhalisi fasiləsiz içməli su ilə təmin olunmuşdur. Layihə çərçivəsində şəhərdə 123 km kanalizasiya şəbəkəsi yaradılmış və ünvanlara birləşmələr verilmişdir.

 

06 oktyabr 2015-ci ildə Prezident İlham Əliyev Göyçaya səfəri çərçivəsində içməli su təchizatı sistemləri  və kanalizasiya şəbəkəsinin istismara verilməsi  mərasimində iştirak etmişdir.

 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!