Modern.az

“Yemək xərci alan köçkünlərin sayı 34 min nəfərədək azaldılıb” 

“Yemək xərci alan köçkünlərin sayı 34 min nəfərədək azaldılıb” 

7 Oktyabr 2016, 22:51

“Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı həyata keçirilən hərtərəfli dövlət siyasəti, müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub”. Modern.az saytı xəbər verir ki, bunu  Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Baş nazirin müavini  vurğulayıb ki, yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib: “Müqayisə üçün bildirim ki, məcburi köçkünlər üçün tikilən və Komitənin balansında olan 3,2 milyon kvadratmetr mənzil fondu Mingəçevir şəhərinin mənzil fondundan 2 dəfə çoxdur.

Dünyada maliyyə problemlərinin hökm sürdüyü bir zamanda Dünya Bankı ilə 78,5 milyon ABŞ dolları dəyərində, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi komponentlərini özündə əks etdirən yeni Saziş imzalanıb və buna görə bütün məcburi köçkünlərin Sizə dərin hörmət və ehtiramını bildirirəm.

Bu ilin proqramına uyğun olaraq, Füzuli rayonunda 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. Prezidentlik fəaliyyətiniz dövründə ölkəmizdəki çadır düşərgələri, dəmir yolu yük vaqonlarından ibarət qəsəbələr 2007-ci ildə ləğv olundu. Bu il isə ölkə üzrə mövcud olan 16 fin tipli qəsəbənin sonuncusunun ləğvi başa çatdırılacaq.

2016-cı il aprelin əvvəlində erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarında mülki əhali yaşayan məntəqələri atəşə tutması nəticəsində məcburi köçkünlərin zərər çəkmiş 260 evinin bərpası və şəxsi əmlaklarına dəyən ziyana görə dövlət büdcəsinin ehtiyat fondundan birinci mərhələdə 2,5 milyon manat vəsait ayrılıb. Tərtər rayonu üzrə 105 ailə, Ağdam rayonu üzrə 15 ailə olmaqla, cəmi 120 ailəyə maddi yardım ödənilib, ayrılan vəsait hesabına 182 evdə təmir-bərpa işləri başa çatdırılıb. İkinci mərhələyə qalan 78 ev cəbhə xəttinin 3-4 kilometrliyində olduğuna görə əksər hissəsi dağıdılıb və evlərin həmin ərazidə və ya başqa yerdə yenidən tikilməsi üçün 2,6 milyon manat əlavə vəsait tələb olunur.

Komitə tərəfindən məcburi köçkünlərə sosial müavinət və kommunal xidmət xərclərinə görə ödənişlərin təkmilləşdirilməsi, vahid elektron hökumət portalının yaradılması nəticəsində son 5 ildə, statusları saxlanılmaqla, bəzi məcburi köçkünlərə imtiyazların tətbiqi dayandırılıb. 2010-cu il ilə müqayisədə aylıq yemək xərci müavinəti alan məcburi köçkünlərin sayı 34 min nəfərədək azaldılıb”.

Komitə sədri qeyd edib ki, son 13 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilib: “Bu da 2003-cü illə müqayisədə 2 dəfə çoxdur. Nəticədə məcburi köçkünlər arasında yoxsulluq həddi 74 faizdən 12 faizədək azalıb.

Məcburi köçkünlərin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı məqsədi ilə 11 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri yaradılıb.

Yeni salınmış bəzi qəsəbələrdə əkin və örüş sahələri ilə təmin olunmuş məcburi köçkünlər arasında müvafiq maarifləndirmə işləri aparılır ki, onlar dövlət təminatından, ələbaxımlıqdan uzaqlaşaraq özünütəminata keçsinlər.

Görülən işlərlə bərabər, respublika üzrə 94 min ailə və ya 375 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bunlardan 172 min nəfəri Bakı şəhərində, 49 min nəfəri Sumqayıt şəhərində, 18 min nəfəri yerli sakinlərə məxsus mənzillərdə, 136 min nəfəri isə digər şəhər və rayonlarda müvəqqəti məskunlaşıb.

Təkcə Bakı şəhərində istismar müddətini başa vurduğundan tam yararsız, qəza vəziyyətinə düşmüş 115 obyektdə 9 min ailə və ya 45 min nəfər məcburi köçkün müvəqqəti yaşayır. Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin obyektlərdə aparılmış müayinə və tərtib olunmuş arayışlarda təxirəsalınmaz tədbirlərin görülməsinin və orada yaşayan məcburi köçkünlərin köçürülməsinin zəruriliyi bildirilmişdir.

Məcburi köçkünlərin yerli sakinlərə məxsus mənzillərdə uzun illər müvəqqəti yaşaması nəticəsində son illərdə ev sahiblərinin yerli məhkəmələrə, hətta Avropa Məhkəməsinə müraciətləri artıb. Ədliyyə Nazirliyi ilə birlikdə bu məsələ üzrə müəyyən tədbirlər görülsə də, problem açıq olaraq qalır”.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?