Modern.az

"Biz ilk dəfə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirdik”

"Biz ilk dəfə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirdik”

10 Oktyabr 2016, 17:14

“Şahdəniz” yatağının işlənməsi 4 mühüm layihədən biridir. Bu layihələr enerji təhlükəsizliyi üçün çox önəmli layihələrdir. Biz Türkiyə ilə birgə enerji layihələri icra edirik”.

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxışında deyib.

Prezident bildirib ki, Cənub Qaz Dəhlizi (SGC) icrasında 7 ölkə birləşib: 

“Gələcəkdə daha bir neçə ölkə bu layihəyə qoşula bilər. Müstəqilliyimizin ilk illərində Azərbaycan iqtisadiyyatı neft və qaza bağlı idi. Amma indi iqtisadiyyatımızda neft və qaz cəmi 30% təşkil edir”.

 Dövlət başçısı bildirib ki, Bakıda ilk neft 100 il əvvəl çıxarılıb: “Dünyada ilk dəfə dənizdən də neft məhz Azərbaycanda, Xəzərdə çıxarılıb”.

 “Əsrin müqaviləsi”nə toxunan ölkə başçısı deyib ki, bu il Azərbaycan müstəqilliyinin 25-ci ildönümü qeyd edəcək:

“Azərbaycanın müstəqilliyində enerji layihələri böyük rol oynayıb. Bu gün Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün üç marşrut var. Bunlardan ikisi Qara dənizə, biri - Bakı-Tbilsi-Ceyhan neft kəməri isə Aralıq dənizinə çıxır. Biz ilk dəfə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirdik”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdir:

“Bu, böyük qaz ehtiyatlarının daşınması üçün kəmərə ehtiyac var idi. Azərbaycan və Türkiyə bu sahədə də liderlik etdi və TANAP layihəsinin tikintisinə start verdi. 

TANAP-ın daxil olduğu Cənub Qaz dəhlizi layihəsinin dəyəri 45 milyard dollardır. Azərbaycan və Türkiyə Cənub Qaz dəhlizinin həyata keçirilməsində liderlik keyfiyyətlərini göstərir. Enerji ölkələrin təhlükəsizliyində əsas amillərdən biridir”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir