Modern.az

Tərk edilmiş teleməkan

Tərk edilmiş teleməkan

19 Fevral 2011, 23:03

Azərbaycan televiziya seyrçilərinin kütləvi şəkildə əcnəbi telekanallara üz tutmasının gerçək səbəbləri, təhlükəli nəticələri və çıxış yolları

Bu gün Azərbaycan teleməkanında yaranmış durum çox mənfi və strateji planda olduqca təhlükəli tendensiyanın başlamasına nədən olub. Bu da ondan ibarətdir ki, ölkə tamaşaçılarının çox böyük əksəriyyəti yerli kanallardan imtina edərək xarici yayımçıları izləməyə başlayıb.

Teleməkanda passiv boykot

Professionallıqdan getdikcə uzaqlaşmaqda olan kanallar bayağı və “ədviyyatsız xörəkləri”, şit və yalançı reklamları, əxlaqsızlığı təbliğ edən “sabun operaları”- teleserialları, abırsız şouları, restoran mətbəxinə döndərilmiş səhər verilişləri və digər səviyyəsiz proqramları ilə seyrçini əsəb xəstəliyinə düçar etməyi qarşısına məqsəd qoymuş kimi görünür.

Ölkəmizin tele və radio kanalları demək olar ki, bütün normal kriteriyaları tapdalayaraq, cəmiyyətin mənəvi tələbatını və ictimai maraqları bir kənara ataraq, fərqli istiqamətə köklənib. Diletantların hakim olduğu teleradio efirində proqram şəbəkəsi elə tərtib olunur ki, sanki, seyrçi auditoriyası tamamilə meşşan, kütbeyin, qeybətdən və “sabun operaları”ndan ötrü sinov gedən adamlardan ibarətdir.

Seyrçilər isə bunun heç də belə olmadığını qeyri-efir vasitəsilə əyani sürətlə nümayiş etdirdlər. Başqa sözlə, yerli tele  (həm də radio) kanallar artıq öz auditoriyalarını demək olar ki tamamilə itiriblər. Həm də telemenecerlər bunun gec də olsa fərqindədirlər. Elə müvafiq dövlət qurumlarının rəhbərləri də.

Bu prosesi yalnız inzibati yollarla tənzimləmək o qədər də effektli olmazdı. Burada ictimai qınaq önəmli roy oynaya bilər. Sivil ölkələrdə TV-lərin fəaliyyəti cəmiyyət tərəfindən məhz bu üsulla tənzimlənir. Azərbaycanda isə tamamilə sivil bir metod- passiv boykot tətbiq olundu və ... seyrçilər yerli teleməkanı tərk etdilər.

Teleməkanda ağır psixosimptomatik kriz

Durum o həddə gəlib çatıb ki, savad və peşəkar təcrübə bir yana qalsın, normal elementar danışıq və davranışlara belə yiyələnməyə “vaxt tapmayan” tərbiyəsiz küçə uşaqları və bar qızları efirdən xalqa məsləhət verir, milli-mənəvi dəyərləri və “lazımsız” əxlaq kriteriyalarını lağa qoyur, “hamıdan gözəl mənəm” prinsipi ilə hərəkət edərək özləri də blmədən psixi xəstəliyə tutulduqlarını nümayiş etdirirlər.

Maraqlı məsələlərdən biri də ondan ibarətdir ki, hansısa fırıldaqçı qruplaşmanın üzvləri bu televiziya menecerlərinin ağlına yerləşdirib ki, guya seyrçilərin çoxu şou verilişlərə baxır. Hələ üstəlik, özlərini reytinq qurumları adlandıran bəzi işbazlar tərəfindən reytinq cədvəlləri də düzəldilir. Bu reytinq cədvəllərinin yalan-palandan başqa bir şey olmadığı normal adam üçün anlaşılandır.

Bir neçə gün öncə “facebook” sosial şəbəkəsində kiçik bir sorğu verdim. Müxtəlif yaş, peşə, təhsil və digər sosial qruplardan ibarət əhali kateqoriyalarına mənsub təxminən 160 nəfərə yaxın respondentin 100 nəfərdən çoxu Rusiya, 40 nəfərə yaxını Türkiyə, 4 nəfəri Avropa, 15 nəfəri isə Azərbaycan telekanallarını izlədiyini bildirdi. 10 faizdən aşağı nəticə.

Yerli kanalları izləyənlərin böyük əksəriyyəti isə, çox az verilsə də ciddi proqramlara baxdığını dedi. Sorğu iştirakçılarının yalnız 20 faizi bəzən şou proqrama və ya seriala baxdığını bildirdi.

Söhbət tək bu sorğudan getmir, müşahidələr də eyni şeyi deyir. Lakin əksər televiziyalarımız ciddi və səviyyəli proqramlar yaratmaq əvəzinə getdikcə şou verilişləri artırırlar. Bəs tamaşaçıya hörmətsizlik tendensiyası nədən qaynaqlanır?

Səviyyəsiz proqram siyasətinin səbəbləri

Birincisi odur ki, şit, mənasız hay-küy, qeybət və tərbiyəsizliklə müşayiət olunan şoularda SMS-lə külli miqdarda pul qazanırlar. Nədən ki, belə verilişlər əsasən bəzi aşağı təhsili ev xanımlarına və yelbeyin gənclər kateqoriyasına ünvanlanıb. Telemenecerlər əmindirlər ki, onları qızışdırmaqla xeyli SMS (yəni pul) qopara biləcəklər. Beləliklə, SMS dilənçiliyi TV-lərdə pul qazanmağın ən asan yolu kimi seçilib.

İkincisi ondan ibarətdir ki, ciddi elmi-intellektual, sosial-iqtisadi, hərbi-vətənpərvərlik və digər verilişlərdən fərqli olaraq bu verilişlər (şou, əyləncə) nə çoxlu maliyyə, nə də peşəkar mütəxəssislər tələb etmir.

Üçüncüsü isə, son zamanlar diletantların TV-lərə ayaq açması nəticəsində savadsız, dünyagörüşü olmayan, zövqüz televiziya əməkdaşları seyrçiləri öz zövqləri səviyyəsinə salmağa çalışırlar.

Tapşırıqla TV-lərə yerləşdirilən qeyri-peşəkar “mütəxəssislər” seyrçiləri də öz səviyyələrində görürlər. Çoxu  bunu xüsusi tapşırıqla bilərəkdən etmir, sadəcə onların peşəkarlıq və bilik səviyyəsi oradək çatır. Amma ədalət naminə deyək ki, bu prosesi bilərəkdən və müəyyən dairələrdən təlimat alaraq yerinə yetirən “peşəkarlar” da var.

Evlənmə proqramları isə tamamilə biabırçı münasibətlə qarşılanır. Azərbaycan xalqı özünün möhkəm ailə institutu ilə tanınır. Bu tip verilişlər boşanma və yenidən evlənmə prosesinin adiləşdirir və belə proqrama çıxan insanların şəxsiyyətini özlərinin xəbəri olmadan alçaldır.

Köhnə hamam, köhnə tas

Gerçəkdən ölkəmizin ziyalı auditoriyası yerli tele ve radio kanalları izləmir. Ucuz şouları, keyfiyyətsiz proqramları, bərbad durumda tərcümə olunmuş filmləri,  savadsızlığı efirdən aşkar bilinən teleaparıcıların verilişlərini nədən izləsinlər ki?

Təbii ki, nəhəng xarici telekanallarla rəqabətə bizim televiziyalar davam gətirə bilmir. Texnologiyanın inkişafı, peyk yayımları ilə dünya kanallarını izləməyin mümkünlüyü bizim TV-ləri seyrçi itkisinə məruz qoyur.

Məsələnin əsas tərəfi isə TV-lərimizin kadr siyasətinin zəifliyi, verilişlərin aşağı səviyyəsi və proqram siyasətilə ilə bağlıdır. Ölkədə səviyyəli teleistehsalların (bədii, sənədli, cizgi filmləri, serial və s)  çox az olması da önəmli rol oynayır.

Əhalinin xarici kanalları izləməsi bizim TV-lərin reytinqini aşağı salır, reklam gəlirlərini azaldır. O üzdən də milli kanallarımız itirilmiş seyrçi kütləsini qaytarmaq üçün qollarını çırmalamalıdırlar.

Bu məsələlərlə bağlı dəfələrlə ən yüksək səviyələrdə ciddi iradlar tutulsa da, televiziyalar “içlərinə bir şey qoymayıblar”. Ölkə prezidenti, millət vəkilləri, yüksək rütbəli dövlət xadimləri, media ekspertlər dəfələrlə yerli TV-lərdəki proqram və kadr siyasətini sərt tənqid ediblər.  Lakin yenə də “köhnə hamam, köhnə tas”.

Biri milli dəyər daşıyıcılarımızdan olan kinofilmlərimizi “qol-budaq” eləyir, birinin efirində bütün günü şoudur, digərində küçə qeybətləri yayımlanır, o birində meyxana yarışması verilir. Bunlardan bezən seyrçimiz isə əlacı xarici TV-lərə üz tutmaqda görür.

Əcnəbi televiziyaların efirində yüksək səviyyəli proqramlar yayımlansa da, bəzi hallarda milli mənafelərimizə zidd verilişlərə də rast gəlinir. Bəzi kanallarda isə sırf dini, siyasi, ideoloji təbliğat aparılır ki, bu da cəmiyyətimiz üçün son dərəcə təhlükəli tendensiya sayılır. Təkcə “Səhər” telekanalizasiyasını xatırlamaq kifayətdir.

Telekanallarda çatışmayan nədir?

Ədalət naminə deyək ki,  AzTV və İTV-ni səviyyəsizlikdə suşlamaq olmaz. İTV-nin isə milli-mədəni irsimiz, tariximizlə bağlı proqramları tamaşaçı toplayır. “İctimai” kanal da efirinə küçə uşaqlarını buraxmır və ciddi proqramlara üstünlük verir.

AzTV isə “ana kanal” funksiyasını davam etdirməklə öz auditoriyasını qoruya bilir. Bu kanalın efirincə klassik mədəniyyət irsi təbliğ olunur, intellektual səviyyəli sənədli, bədii və çizgi filmləri yayımlanır. Bundan başqa tarixi və mədəni irsimizə, türk dünyasına, aid olan proqramlar yayımlanır.

Özəl televiziyaların içində nisbətən insaflı proqram siyasəti yürüdəni də var. “Space”də az da olsa ziyalı kontingenti maraqlandıra biləcək proqramlar verilir. “Space”nin kino və intellektual proqram siyasəti bəyənilir, xüsusilə orta və yaşlı nəsil sovet dövründə istehsal edilmiş klassik musiqi şedevrlərini, kinoları, multfilmləri və s teleistehsalları bəyənir.

Telekanallarımızda əksər proqramlar və seriallar Rusiya, Türkiyə televiziyalarından oğurlanmış, oxşadılmış və təkrarlanmış teleistehsallardır. Həm də bu çox səviyyəsiz və bayağı şəkildə edilir ki, tamaşaçıda ikrah hissi yaranır.

Bu sıraya bayağı reklamları da əlavə etmək olar, hansı ki, əslində bunları anti-reklam adlandırmaq daha doğru olar. Əslində, normalda heç bir özünə hörmət edən şirkət bu cür TV-lərə (qızıl qiymətinə) reklam yerləşdirməz, amma alternativ olmadığından onları qınamaq doğru olmaz.

Səbəbə yox, nəticəyə qarşı mübarizə?

Rabitə və informasiya texnologiyaları nazirinin açıqlamasından sonra mətbuatda bu məsələ ətrafında müzakirələr başlayıb. Açıqlamalardan belə başa düşülür ki, çanaq antenlər yığışdırılacaq və rəqəmsal yayım sistemi ilə ancaq “lazimi” kanallar yayımlanacaq. Yəni, kanal seçimi azadlığı məhdudlaşacaq.

Media ekspertlər və hüquq müdafiəçiləri bunun insan haqarına zidd olduğuna diqqət çəkirlər. Qeyd olunur ki, bu addım əhalinin informasiyanı əcnəbi kanallardan almasına və xarici qüvvələrin ideoloji təsiri altına düşməsinə qarşı yönəlib.

Yəni, loru dillə desək, vətəndaşlar milli kanallara baxmır və dövlətin ideoloji-siyasi, vətənpərvərlik təbliğatı havaya gedir, əvəzində isə əcnəbi kanallara baxmaqla vətəndaşlarımız bəzi siyasi və dini dairələrin ideoloji təsiri altına düşürlər.

Hakimiyyət mənsubları isə bu addımı müxtəlif qeyri-adekvat səbəblərlə izah etməyə çalışır. Hətta qeyd olunur ki, çanaq antenləri şəhərlərin arxitekturasına xələl gətirir. Lakin unudulur ki, 1 binaya cəmi 1 çanaq qoymaqla bütün mənzillərə yüzlərlə telekanalın yayımını təmin edən sistemlər də var.

Gerçək səbəb isə budur- son illərdə çanaq antenləri şəhər və kəndlərin bütün evlərinin damını bürüyüb. Peyk antenlərinin satışı sürətlə artır. Nəticədə kütlələrə ən qüvvətli təsir mexanizmi olan televiziya məkanı sahəsi başqa əllərə təslim edilib.

Beləliklə, yaranmış situasiya təcili tədbir görülməsini tələb edir. “Liderlik” xəstəliyinə tutulan, bəzi yerlərdə bəzilərinin özlərini Napaleon hesab etdikləri kimi ölkənin “birinci kanalı” (?) və ya “ən baxımlı kanal” (?) adına heç bir əsas olmadan iddia edən Azərbaycan televiziyalarını xilas etmək, ona itirilmiş keçmiş nüfuzunu qaytarmaq, cəmiyyətin önündə getməsini təmin etmək üçün ciddi işlər görülməlidir.

Amma çıxış yolu peyk antenlərinin yığılması deyil. Yəni, nəticəyə yox, səbəbə qarşı mübarizə aparıımalıdır. Səbəbi isə yuxarıda göstərmişik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir