Modern.az

Jurnalistin oğlu niyə jurnalist olmaq istəmir?

Jurnalistin oğlu niyə jurnalist olmaq istəmir?

Media

20 Fevral 2011, 17:20

"Bağışla, oğlum!" adlı sonuncu yazımdan sonra tez-tez bu sualla qarşılaşıram: "Oğlun böyüyəndə kim olmaq istəyir?"
Dərhal cavab verirəm: "Təhlükəsizlik zabiti".

Söhbətimizə qaldığımız yerdən davam edək. Ötən həftə "Mənim arzum" mövzusunda inşa yazan oğlumun müharibəyə gedib, toraqlarımız uğrunda vuruşmaq istədiyini yazmışdım. Amma mövzumuza dəxli olmadığı üçün Şahinin hansı peşə ilə maraqlandığını qeyd etməmişdim. Halbuki o, öz inşasında bu suala aydınlıq gətirib. Şahin heç kimlə məsləhətləşmədən təhlükəsizlik zabiti olmaq istədiyini yazıb. Milli çekistlərimizin 5-ci sinifdə oxuyan uşağa öz peşələrini necə sevdirdiklərini bilmirəm. Bəlkə də Şahin baxdığı xarici filmlərin təsiri altında belə bir qərar qəbul edib. Bəlkə də ixtisas seçəndə başqa bir sənətin arxasınca gedəcək. Amma hələlik o, jurnalist olmaq istəmir.

Maraq güc gəldiyi üçün Şahindən sinif yoldaşlarının hansı peşəni seçdiklərini soruşdum. Məlum oldu ki, oğlanların böyük əksəriyyəti polis, qızlar isə həkim olmaq istəyirlər. Yalnız bir nəfər müəllim olmaq istədiyini yazıb. Onun bu arzusu sinif yoldaşları tərəfindən gülüşlə qarşılanıb. Hətta müəllimə də uşaqlara qoşulub...
Jurnalistika çətin peşədir. Jurnalistlər Azərbaycanın ən kasıb zümrəsi sayılır. Jurnalistlərin Həmkarlar İttifaqının ötən il keçirdiyi sorğu nəticəsində məlum olub ki, mətbuat işçilərinin orta aylıq əmək haqqı 300-350 manatdır. Jurnalistlərin 80 faizi yataqxanalarda, şəhərdən kənarda kirayə tutduqları rütubətli, darısqal evlərdə yaşayır. Onlar övladlarına bir tikə çörək qazanmaq üçün kompüterin qarşısında gözlərinin nurunu itirirlər. Atasının hansı əzab-əziyyətlərə qatlaşdığını görən uşaqların jurnalist olmaq istəməməsində təəccüblü, qeyri-adi heç nə yoxdur. Hətta ata məsləyi olsa belə...

Ötən ay Qadın Jurnalistlər Assosiasiyasının təşkilatçılığı ilə bir qrup jurnalist pulsuz müayinə olundu. Üç jurnalistdə Hepatit C virusu aşkarlandı. Həkim müayinəsindən keçən jurnalistlərin böyük əksəriyyətinin ən azı bir-iki xəstəlikdən əziyyət çəkdiyi məlum oldu. Mənim tanıdığım jurnalistlərin çoxu müayinə olunmaqdan imtina etdi. Hamı təxminən eyni sözü deyirdi: "Əgər müalicə olunmağa pulumuz yoxdursa, niyə həkimlərə nahaqdan əziyyət veririk?"
Şahin jurnalist dostlarımın əksəriyyətini tanıyır. Uşaq olsa da, o, dəfələrlə tanınmış jurnalistlərin iştirak etdiyi məclislərdə olub. Toyda-bayramda, əziz günlərdə belə jurnalistlərin bəbəyinin dərinliyində gizlənmiş kədər onun gözlərindən yayınmayıb. O, jurnalistlərin kədərlə qol-boyun olduğunu öz gözlərilə görüb...
Şahinin jurnalist olmaq istəməməsi məni zərrə qədər də məyus etmədi. Hətta bir qədər sevindim. Əksini yazsaydım, ikiüzlülük etmiş olardım.

P.S. Uşaq vaxtı hər dəfə göydələnlərin yanından keçəndə Şahin məndən soruşurdu: "Bu binalarda varlılar yaşayır?"
Kim bilir, bəlkə də Şahin gələcəkdə oğlunun eyni sualı ona verməməsi üçün jurnalist olmaq istəmir. Axı o, atasının bu sualın qarşısında necə sıxıldığının dəfələrlə şahidi olub...

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir