Modern.az

“Sosial reklam haqqında” qanuna ehtiyac varmı?

“Sosial reklam haqqında” qanuna ehtiyac varmı?

21 Fevral 2011, 14:50

Reklam bazarı,  sosial reklam məsələsi media və cəmiyyət üçün  problem olaraq qalmaqdadır. 
1997-ci ildə qəbul edilən “Reklam haqqında“ qanununun 19-cu maddəsində Sosial Reklam haqqında məsələlərə aydınlıq gətirilib. Həmin qanunun indiki dövrün tələblərinə effektli şəkildə cavab verməsi çətin məsələdir.

Düzdür hal-hazırda Azərbaycanda bir çox sahələrdə qanunların beynəlxalq standartlara uyğunlaşdırılması prosesi demək olar ki, başa çatmaq üzrədir. Hər hansı qanunun yenilənməsi  və mükəməlliyi ilə bərabər  onun icra mexanizminin tapılmasıda önəmlidir. Təəssüf  ki, bəzi hallarda qanunların icra mexanizmində  problemlər yaranır. Təbii ki, bunun kifayət qədər səbəbləri var.

Son dövrlər  millət vəkili Azay Quliyev “Sosial reklam haqqında” qanunun qəbul olunmasını təklif edib. O, təklifinin dəstəklənəcəyi təqdirdə bu sənədi hazırlayacağını bəyan edib.  Millət vəkili qeyd  edib ki, “Boşluqları aradan qaldırmaq üçün ya “Sosial reklam haqqında” yeni bir qanun qəbul edilsin, ya da mövcud qanunvericiliyə müvafiq dəyişiklik edilsin”. Təbii ki,  bu məsələnin gündəmə  gətirilməsi  və müzakirələrin aparılması zəruridir.

 Əvvəlcə gəlin görək  sosial  reklam  anlayışı, bunun cəmiyyət üçün xeyiri  nədir?

“Reklam  haqqında”   qanunda  sosial reklam   belə xarakterizə olunur: “Sosial reklam —Azərbaycanın  müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin,  həyata keçirilən islahatların mahiyyətinin açıqlanması, milli, hərbi vətənpərvərlik hissini gücləndirən, ictimai şüuru yeni iqtisadi münasibətlərə uyğunlaşdıran, sahibkarlıq və xeyriyyəçilik kimi milli ənənələri bərpa edən, əhalidə  gələcəyə inam, təmkinlik ovqatlarını formalaşdıran, ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi məqsədi ilə dövlət orqanları, ictimai institutlar tərəfindən sifariş olunan və yayılan informasiyadır”.

Qanunun tələblərinə görə   şirkətlər  ümumi reklam  büdcəsinin  5%-ni  sosial reklama    ayırmalıdır.   Təəssüf ki,  xeyriyyəçilik mahıyyətli sosial reklam  anlayışı unudulur. Araşdırsaq görərik, ki,  elə şirkətlər var   sosial  reklama     nəinki  vəsait ayırmır  hətta bunu artıq hesab edirlər.  Halbuki  ətraf mühitlə,  insan sağlamlığı ilə   və  yüzlərlə digər mövzu  ilə  bağlı  sosial reklamlara ehtiyac hiss  olunur.

Kommersiya reklamı  ilə sosial reklamı fərqləndirən cəhətlər var. Kommersiya reklamında hər hansı şirkət, fiziki şəxs özünü və məhsulunu tam şəkildə reklam etməyə haqqı var. Sosial reklamda isə  vəziyyət fərqlidir. Yəni burada  ictimai mahiyyətli məsələlərin təbliğatından, ümumilikdə, cəmiyyətdə maarifçilik  missiyasının  genişlənməsindən söhbət gedir.         

Bu gün bəziləri düşünür Sosial Reklam pulsuzdur. Yəni ictimai xarakterli bir məsələ olduğuna görə  KİV-lər bunu pulsuz etməlidir. Bu çox yanlış fikirdir. “Reklam haqqında“ qanunun 19-cu maddəsinin 5-ci bəndində  göstərilir: Sosial reklamın yerləşdirilməsinin və yayımının ödənişi müqavilə əsasında aparılır. Deməli, Sosial Reklamın genişlənməsindən  media qazanc götürə bilər.

Reklam bazarında, xüsusulə, sosial reklam sahəsində  dəyişiklik etməyə, yeni qanunların qəbuluna bu gün çox ciddi  ehtiyac var. “Reklam Haqqında” qanun 20-ci maddəsində  Sponsorluq haqqında  məsələyə toxunulur. Mənə belə gəlir ki,  istər sponsor, istərsə də sosial reklamla bağlı  məqamaların  hüququ aspektdə effektliyini  artırmaq və praktik nəticəyə nail olmaq  üçün “Sosial reklam haqqında” qanunun  ayrıca işlənib hazırlanması  ehtiyac  var. Belə bir qanun   xeyriyyəçilik institutunun  formalaşmasına müsbət təsir edə bilər. Hal-hazırda qüvvədə olan “Reklam  Haqqında” qanunda da  sosial reklamın ictimai maraqlara xidmət etdiyi və xeyriyyəçilik məqsədi daşıdığı  göstərilsədə  real vəziyyət  belə olmadığını göstərir. Deməli, bir çox məqamları nəzərə almaqla  bu qanun yenidən işlənib hazırlanmalıdır.

Mütəmadi olaraq eşitdiyimiz “qanunda  boşluqlar var” ifadəsi bir çox hallarda  hüquqi və mənəvi məsuliyyətlə bağlıdır. Reklam verənində, reklam alanında hüququ və mənəvi məsuliyyətini, öhdəliyini aydın müəyyən etmək üçün  bəzi məqamlara diqqət yetirmək lazımdır.

Birincisi, sahibkar hər hansı qeyri-qanunu  ödənişlərə təhrik olunmamalıdır. Əgər belə hallar baş verərsə dərhal məsələ ictimailəşməlidir. Çünki sahibkar qeyri-qanuni ödənişlər etdiyi təqdirdə qanuni ödənişlərə meyl göstərməyəcək və onun üçün  Sosial reklam artıq məsələ ola bilər. Bu da  effektsiz  bir iş olur.

İkincisi, sosial  reklam verən, qanunun tələblərinə  uyğun sponsorluq edən şirkətlərə  müəyyən  güzəştlərin edilməsi  qanunla tənzimlənməlidir. Onu qeyd edim ki,  dünyada bu sahədə kifayət qədər təcrübə var. Yəni  QHT-lərin müxtəlif layihələrinə qrant ayıran, sosial poqramlara dəstək göstərən şirkətlərə vergi güzəştləri tətbiq olunur. Düşünürəm ki, bu həm QHT, həmdə sosial reklamı yayan media üçün faydalı olar.

Üçüncüsü, qanunun tələblərinə riayət etməyən, və öz maddi gəlirlərinin yüksək olmasına baxmayaraq,  reklama və ümumilikdə, sosial layihələrə etinasız yanaşan  sahibkarın mənəvi və hüququ məsuliyyət məsələsi aydın göstərilməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu