Modern.az

Bakıda qurbağa əti bişirənlər - Baş kulinar: “Şəhərdə artıq hər şey yeyirlər”

Bakıda qurbağa əti bişirənlər - Baş kulinar: “Şəhərdə artıq hər şey yeyirlər”

17 Oktyabr 2016, 15:22

Salyanda “Azərifrog” MMC tərəfindən yaradılan qurbağa ferması fəaliyyətə başalayıb. Standartlaşma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin rəsmi məlumatına görə, fermada xüsusi bəslənmiş və qida üçün nəzərdə tutulan qurbağalar yetişdirilir.

 

Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Modern.az-a açıqlamasında qurbağa fermasının yaradılmasını müsbət addım kimi dəyərləndirib:


“Gürcüstanda da qurbağa əti istehsal edilir və Fransaya ixrac edilir. Bizdə də qurbağa istehsalının yaradılması bu baxımdan ölkəyə valyuta gətirə bilər.
Əgər istehsal edib sata bilirlərsə, qoy satsınlar, bunun nə ziyanı var, valyuta gətirəcək”.

 

T.Əmiraslanov “İstehsalın genişlənməsi nəticəsində qurbağa ətinin Azərbaycan mətbəxinə daxil olması baş verə bilərmi” sualına cavab olaraq “yox” deyib.

 

“Biz onu Azərbaycan mətbəxinə daxil etməyəcəyik. Bakıda fransızlara məxsus restoranlar fəaliyyət göstərir.

Kim qurbağa əti istəyir, gedib orda yeyəcək. Azərbaycan mətbəxində qurbağa əti yoxdur axı, necə daxil edə bilərik? Bozartmasınımı, çığırtmasınımı bişirəcəyik? Nəzərinizə çatdırım ki, qurbağanın yalnız budu yeyilir”.

 

Qurbağa əti yemişəm, amma daha yemərəm....

 

Baş kulinar deyib ki, mütəxəssis olaraq qurbağa ətinin dadına baxıb:

“Qurbağa əti haradasa balıqla toyuğun arasında bir daddır. Toyuq sousunda bişirilmiş balıq əti, yaxud balıq sousunda bişirilmiş toyuq ətinin dadını verir. Mütəxəssis kimi dadına baxsam da, ümumiyyətlə xoşlamıram və elə şeyləri yemirəm”.

 

Qurbağa zobun müalicəsində əvəzsizdir

 

Mərkəzin rəhbəri müəyyən müddət sonra qurbağa ətindən hazırlanan yeməklərin azərbaycanlıların damaq dadına uyğun gələ biləcəyi ehtimalını da dəyərləndirib.


O, əminliklə deyib ki, qurbağa əti kənddə yaşayan əhalinin damaq dadına uyğun gəlməyəcək:

“Şəhərdə isə artıq hər şey yeyirlər. Eyni zamanda Bakıda kifayət qədər çinli, fransalı yaşayır ki, onlar bu qidadan bəhrələnə bilərlər.

Qurbağalardan, elə Bakının özündə həm də müalicə məqsədilə də istifadə edilir. Qurbağanı diri-diri boğaza qoyanda zobu aparır. Bizdə Seyfəddin doktor bu üsuldan geniş istifadə edir”.

 

Pulsuz balıq – pulsuz kişi tandemi...

 

T.Əmiraslanovun sözlərindən belə çıxır ki, bir azdan şəhərdə ilan-qurbağa ətinin yeyilməsi normal qəbul olunacaq:

“Nə deyim vallah, vaxtilə xərçəng, dəniz qurdlarını yemirdik. İndi yavaş-yavaş yeyirik. Bizim dədə-babalarımız pulsuz balığı yemirdilər. İndi Nərə balığını hamı “döşəyir”. Zəmanə ilə ayaqlaşırıq. O vaxt pulsuz balığı balıq yerinə qoymurdular, indi də pulsuz kişiləri kişi yerinə qoymurlar”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər