Modern.az

Əhməd haradadır?

Əhməd haradadır?

Aktual

23 Oktyabr 2016, 21:01

Əhməd evdəkilərin “vatçap”ına bir yekə mesaj yazıb, çıxıb aradan. Yazıb ki, mən çörək qazanmağa gedirəm, bəlkə elə burada bəxtimə bir Sveta da çıxdı. Üzüyü qaytarın. Ay Əhməd, gəl, sən nağıllama. Almaniya desən, "səndən viza alınca mən, gördüm yoxsan", Türkiyə desən " Fetocuyam adım Kara, Görən deyir Ce Guevara", Rusiya desən də "Samovarı qarışdırın, mənim balam, Ərdoğanla barışdırın". Yuxarı tüpürsən - bığ, aşağı tüpürsən - saqqal. Özün də bilirsən ki, İŞİD-ə qoşulan geri qayıtmır.

Hə, ay Əhməd, bala, özün də şəhərimizidəki vəziyyətdən halisən. Qal, gül kimi ekstrim dolu həyata davam elə də. Sənə adrenalin deyirəm ha. Kanalizasiya quyusuna düşüb boğulmaqdan tutmuş, evinizdən yatdığın çarpayıda sellə çölə çıxmağa qədər. Pəhhh, Fransada, Norveçdə belə adrenalin tapa bilməzsən, oğul. Özün bilirsən də bir- iki gün qabaq yağış deyingən arvad kimi yenə dırhadıra başlamışdı. İmam Söyn haqqı, axşama kimi mağazada çörək tapmadıq. Sən demə, çörək gətirən maşın dənizin içində mühərrikiylə əlləşirmiş. Axı, sən özün də yaxşı bilirsən, "Bakı dünyanın yeganə şəhəridir ki, həm dənizin sahilində, həm də dənizin içində yerləşir".

Yəni, nadir xüsusiyyətlərə malik şəhərdən çıxıb getmək asandırmı? Sən ətrafındakılara fikir vermə, Abbasqulu bəy, ailədə yeddi qardaş idilər, 2-3 qardaşın çıxıb getməsi gözə görünmür. Sənin Nəbiylə nə işin var, Həcərini də götürüb, öz şirkətlərini də satıb biznes klassda şellənə-şellənə uçdu, getdi. Sən Əhmədsən, evin tək oğlu. Başını sal aşağı, işini gör. Pul qazanan oğul, hər yerdə qazanar. Sınma, darıxma, üzülmə. Nə olsun ki, Gülzarin qızı Seva gözəllik salonunda cəmi 2 ildir işləyir, amma Porşe sürür. Nə olsun ki, elə Gülzarın əri də, elə özü də qızının "alın tərindən" çörək yeyirlər. Elə bilirsən getdiyin o uzaq ölkələrdə belə şeylər olmayacaq? Məsələn, Rusiyada biri çıxıb səni qucaqlayacaq ki, "booooy, qadan alım, Kəlvəcərin harasındansan?". Sənə öz evində yer verəcək, sənə iş düzəldəcək, sən də elə yavaş-yavaş ayağa qalxdığını hiss edəcəksən və bir gün səhər ayılıb görəcəksən ki, əynindəki paltarından başqa heşzadın qalmayıb.

Türkiyədə də səni " ə, səən, gözoo yiim" üslubunda bir adam aparıb otelə yerləşdirəcək, sənə bir iş soraq eləyənə kimi sən oteldə olmayan kimi otağından şey-şüylərini oğurlayıb aradan çıxacaq. A bala, etmə, eləmə, yurdunu-yuvanı pula satma. Darıxma, üzülmə, sıxılma.

Gün gələcək, dizi cırıq qızlarımızın beynində sağ-salamat bir yer tapacağıq, əlində 33- lük təsbeh fırladan oğullarımızın 33 qram da olsa savadı olacaq. Gün gələcək Mirzə Ələkbər Sabirin görmək istədiyi insanlar onun heykəlinə baş əyəcək. Gün gələcək, biz də Qarabağın qisasını Rusiya barlarının yorğan-döşəyində erməni qızlarından yox, Olimpiya döşəklərində erməni idmançılarından yox elə qisası necə almaq lazımdır, elə də alacağıq. Sən də, ey oxucu, darıxma, sıxılma, üzülmə. Həə, Əhməd, heç bilirdinmi, yalnız Azərbaycanda "kalqotka"dan qatıq süzmək üçün istifadə olunur? Heç bilirdinmi, hər şeyə tüpürüb gedən adamlar, tüpürə-tüpürə qalıblar, hələ də gedə bilməyiblər?

Heç bilirdinmi, Məhərrəmlik ayında İmam Hüseynin 1400 il sonra olsa belə meydanlara topladığı minlərlə adamı Əli Kərimli bu 15 ildə bacarmayıb? Bacarmayacaq da. Hə, çox güman ki, sən bu sözlərimi eşidəndə getmək fikrindən daşınacaqsan. Atası İsmayılı yol çəkməyə aparmaq fikrindən daşındığı kimi, Rüstəm bəyin, Gülnazı Məşədiyə vermək fikrindən daşındığı kimi. Darıxma, sıxılma, üzülmə.

Adama deyərlər ki, Amerikanın hansı şəhərində yağış həm göydən yağır, həm də yerdən çıxır? Bax, lap elə götürək, evimizi üşüdən qazımızı. Hər problemə pozitiv yanaşmaq lazımdı. Məsələn, biz, mən və anam öz nəfəsimizlə qızınmağı, bir- birimizə verdiyimiz sevgiylə də qarnımızı doydurmağı öyrənmişik. Sevgi də qaz deyil ki, karta 5 manat yükləyəsən, ancaq qaz gəlməyə, qalasan yeməksiz. Bircə onu bilirəm ki, Romanı da o vaxt qazlar xilas eləmişdi, bizi də...

 

Əhməd eşidirsən? Biz artıq mənəvi hisslərlə də qızınmağın yollarını əzbər bilirik. Bu şəhərin insanları ilə çox güləcəksən. Məsələn, biri qarşına çıxacaq, biraz din barədə müzakirəniz düşəcək. Sən ona sual verəcəksən ki, Quran oxumusan? O da sənə deyəcək " hə evimizdə var".

Sən də ona dodaq qaçırıb " evinizdə var, amma beyninizdə yoxdur" deyib 1-0 sənin xeyrinə hesabıyla qürurla iri addımlar atıb yoluna davam edəcəksən. Sonra demə ki, demədim. Xülasə, bir sözlə sənə bu yurdu belə təsəvvür edəcəyəm: Dünyanın adama oxşayan ölkəsi Azərbaycandır, Bakı bu adamın başıdır. Kinolarda da günahsız adamların başını suya salıb-çıxarardılar. Amma o kasıbın haqqı əvvəl-axır bərqərar olurdu. İndi biz də müstəqilliyimizin bu cavan yaşlarında çalışmalıyıq ki, başımızı suda boğmasınlar. Əhməd, əgər qolun bədəninə ziyan verəcəksə qolunu kəs tulla, əgər bədənin səni narahat edirsə mütləq, yerini dəyişməlisən. Amma çalış Rəqsanənin gününə düşməyəsən, onun da çənəsi Bakının yolları kimidi, ha düzəltmək istəyirlər, düzəlmir.

 

Emin Akif

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir