Modern.az

Məşhurların övladları: Yaqub Mahmudovun şərqşünas qızı - FOTOLAR

Məşhurların övladları: Yaqub Mahmudovun şərqşünas qızı - FOTOLAR

26 Oktyabr 2016, 10:17

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...


Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai-siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, elm, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimatımız Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun qızı Gülnur Mahmud haqqındadır.

77 yaşlı Y.Mahmudov Azərbaycanın tanınmış tarixçi alimlərindəndir. Bakı Dövlət Universitetinin Tarix fakültəsini və aspiranturanı bitirəndən sonra "Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1966-1981-cı illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, Ümumi tarix və Azərbaycan tarixi redaksiyalarının müdiri, Ensiklopediyanın elmi işlər üzrə baş redaktor müavini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi və dosenti vəzifələrində çalışıb.

1981-ci ildən Bakı Dövlət Universitetində işə başlayıb. 1985-1986-cı illərdə Universitetin Tarix fakültəsinin dekan müavini işləyib.1986-cı ildə Tarix fakültəsinin dekanı seçilib.1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1990-cı ilin noyabrında Tarix fakültəsinin xalq hərəkatında fəal iştirak edən bir qrup tələbəsinin universitetdən xaric olunmasına etiraz əlaməti olaraq dekan vəzifəsindən istefa verib. 1990-cı ildə professor elmi adı alıb, 1991-ci ildə isə Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri seçilib.
İndiyədək həmin kafedraya rəhbərlik edir.


Y.Mahmudov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini, “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru işləyib. 1994-cü ildə Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsində qalmaqla yenidən Universitetin Tarix fakültəsinin dekanı seçilib və 2004-cü ilədək həmin vəzifədə fəaliyyət göstərib.

Yaqub Mahmudov 2004-cü il sentyabrın 13-dən ta bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktorudur. Azərbaycanın orta əsrlər tarixi, diplomatiya tarixi və ümumdünya tarixinə dair 1000-dək monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir. Eyni zamanda irihəcmli tərcümələri var.
Y.Mahmudov 1998-ci ildə müqəddəs Həcc ziyarətinə gedib, Məkkə və Mədinə, habelə Bağdad, Kərbəla, Kufə, Nəcəf, Məşhəd ziyarətgahlarında olub.

Yaqub Mahmudov 4 dəfə Azərbaycan Milli Məclisinə deputat seçilib. 2000, 2005, 2010, 2015-ci illərdə.. 

O, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Ailəlidir, bir oğlu, iki qızı var.       


Gülnur  Yaqub qızı  Mahmud 1974-ci il oktyabrın 28-də Bakıda anadan olub. 1991-ci ildə Bakı şəhərindəki 175  saylı orta məktəbi bitirib. 1991-1996-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində "Mirzə Kazım bəy adina" adli təqaüdlə təhsil alıb.

Daha sonra ikinci ali təhsil alan G.Mahmud 1997-2002-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində oxuyub.

1996-2000-ci illərdə Azərbaycan Universitetinin Dillər kafedrasında müəllim və baş müəllim vəzifələrində işləyib.

Gülnur Mahmud 2000-ci ildən BDU-da çalışır.

Filologiya üzrə fəlsəfə doktoru olan G.Mahmud 2008-ci ildən hal-hazıradək BDU-nun Şərqşünaslıq fakültəsində Ərəb filologiyası kafedrasının dosentidir.

 O, 2005-ci ildə «Ərəb ədəbi dilində sinonimlik» adlı dissertasiya işi müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
Bir sıra ərəb ölkələrindəki universitetlərdə elmi məzuniyyətdə olub. G.Mahmud 40 elmi məqalə, 15 tezis, bir metodik vəsait, 5 fənn proqramı və üç kitabın «İrəvan tarixi» (Bakı - Qahirə (tərcümə) 2015, «Ərəb ədəbi dilində sinonimlik» (Bakı- 2014) və «Qarabağ: real tarix, faktlar, sənədlər» (tərcümə - Y.M.Mahmudov və K.Ə.Şükürov, Bakı, 2006) kitablarının müəllifidir.

Ailəlidir, üç övladı var.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir