Modern.az

Azay Quliyev tələbələrin suallarına cavab verdi

Azay Quliyev tələbələrin suallarına cavab verdi

27 Oktyabr 2016, 10:04

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Diplomatlar” klubu “Ali Qonaqlar, Elmi Maraqlar” adlı yeni layihəyə start verib. Modern.az xəbər verir ki, layihənin ilk qonağı ATƏT-in Parlament Assambleyasının Vitse-Prezidenti, Milli Məclisin deputatı Azay Quliyev olub.


“Ali Qonaqlar, Elmi Maraqlar” layihəsinin məqsədi tələbələrin bir çox ictimai-siyasi xadimlərlə, nüfuzlu diplomatlarla görüşünün təşkili, ali təbəqənin bariz nümunəsi olan qonaqlarla müzakirələr aparmaq, həmçinin tələbələrin bu müzakirələrdən analitik nəticələr çıxararaq faydalı məlumatlar əldə etmək şansı qazanmaqdır.


Tələbələrlə görüşdən öncə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyevi salamlayaraq onu ADU-da görməkdən məmnun olduğunu bildiriv. O, “Diplomatlar” klubunun müxtəlif layihələr çərçivəsində universitetə bir çox ölkələrin səfirlərinin, dövlət nümayəndələrinin dəvət olunduğunu bildiriv və tələbələrin bu təşəbbüsünün universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, o cümlədən dəstəkləndiyini sözlərinə əlavə edib.

Səmimi qəbula görə təşəkkür edən Azay Quliyev universitetdə olmaqdan məmnunluğunu dilə gətirib. O, tələbələrin təşəbbüsünü yüksək qiymətləndirərək onlara hər zaman dəstək olmağın vacibliyini vurğulayıb.

Sonra Azay Quliyevin tələbələrlə görüşü olub.

Qonağı tələbələrə təqdim edən ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev gərgin iş qrafikinə baxmayaraq dəvəti qəbul etdiyi üçün ona təşəkkür edib. Tələbələrin bu görüşdən faydalı məlumatlar əldə edəcəyinə əminliyini ifadə edən fakültə dekanı onlara Milli Məclisin deputatı Azay Quliyevin ictimai fəaliyyəti, üzv olduğu beynəlxalq və yerli təşkilatlar haqqında geniş məlumat verib.

Azay Quliyev isə beynəlxalq əlaqələrin qurulmasında və bu sahə üzrə kadr potensialının formalaşmasında Azərbaycan Dillər Universitetinin müstəsna rolunu vurğulayıb.

“Qloballaşmış dünyada ATƏT-in fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edən millət vəkili Azərbaycanın çevik və milli maraqlarının qorunmasına əsaslanan geosiyasi gedişləri ilə beynəlxalq münasibətlər sistemində özünü təsdiq etdiyini deyib.

ATƏT-in vitse-prezidenti Azərbaycanın hansısa geosiyasi qütbə inteqrasiyasından daha çox bərabərhüquqlu şəkildə əməkdaşlıq münasibətləri qurduğunu deyib. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ildən-ilə dünyada ölkəmizlə yaxından əməkdaşlıq marağının  yüksəldiyini deyən Azay Quliyev artıq hər kəsin Azərbaycanla  ultimativ dildə danışmağın mümkünsüzlüyün dərk etdiyini  vurğulayıb.

Azay Quliyev QHT-lərin beynəlxalq aləmin önəmli aktorlarına çevrildiyini qeyd edərək gənclərin ölkəmiz üçün faydalı ictimai fəaliyyətini artırmalı olduqlarını bildirib.

Azay Quliyev Milli Məclisdəki fəaliyyəti haqqında da bəhs edərək, qanun yaradıcılığı prosesi, müəllifi olduğu qanunlar və gələcəkdə müzakirəyə çıxarılması gözlənilən qanun layihələri haqqında danışıb.

Görüş tələbələri maraqlandıran müxtəlif sualların cavablandırılması ilə davam edib. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür