Modern.az

Xocalı soyqırımı 1992-ci ildə xarici mətbuatda necə işıqlandırılıb?

Xocalı soyqırımı 1992-ci ildə xarici mətbuatda necə işıqlandırılıb?

25 Fevral 2011, 12:32

XX əsrin ən böyük qanlı cinayətinin növbəti ildönümü ərəfəsindəyik. Modern.az saytı Xocalı soyqırımının 1992-ci ildə - qeyd edildiyi kimi informasiya blokadasında olduğumuz bir zamanda - necə işıqlandırıldığını xatırladır. 

“Xocalıda öldürülmüş insanların dırnaqları çıxarılıb”

Fransanın “Le Mond” (Paris) jurnalı 14 mart 1992-ci il tarixində işiq üzü görən sayında Xocalı həqiqətlərini əks etdirib. Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri gördüklərini yazırdılar. “Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır”.-deyə jurnal yazıb.

“Azərbaycan yenidən məzarlığa çevrilib”

Amerikanın Newsweek” jurnalı  16 Mart 1992-ci il tarixində Xocalıda baş verənlər haqqında yazırdı.
“Ötən həftə Azərbaycan yenidən məzarlığa çevrilib. Qaçqınların və kəsilmiş ölü cəsədlər məscidin arxasında meyidxana kimi uzanırdı. Bunlar erməni hərbi birləşmələri tərəfindən 25-26 fevralda ələ keçirilən Dağlıq Qarabağın  Xocalı yaşayış məntəqəsinin sadə azərbaycanlı kişiləri, qadınları və uşaqları idi. Bir coxları qaçmağa çalışarkən yaxından atılan güllə ilə öldürülüb, bəzilərinin üzləri qəddarcasına əzilib, digərlərinin isə skalpı çıxarılıb. Şəhidlərin ailələri göz yaşı axıdır...”.

“Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”

Rusiyanın  “İzvestiya”(Moskva) jurnalı  4 mart 1992-ci il sayında yazırdı.
“Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilib. Kişilərin skalpları götürülmüşdür”.
Jurnalın 13 mart tarixli sayında isə mayor Leonid Kravets gördüklərini yazırdı. ”Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.

“Başlarının dərisi soyulmuş 3 azərbaycanlı uşağın meyidini gətirib”

“The New York Times” qəzeti  3 mart 1992-ci il sayında erməni vəhşiliyi haqqında yazırdı.
“Dağlıq Qarabağda erməni hərbçilərinin mülki şəxsləri kütləvi qırması ilə bağlı yeni dəlillər üzə çıxıb. Vertolyotla təcili olaraq regiona gedən azərbaycanlı rəsmi şəxslər və jurnalistlər başlarının dərisi soyulmuş 3 uşağın meyidini gətirib. Onlar bildirirlər ki, ermənilərin açdığı atəş digər meyidləri yığmağa imkan verməyib. Qadınların və uşaqların başlarının dərisi soyulub.
Dağlıq Qarabağın başçısının köməkçisi Arif Fərəcov deyir. “Cəsədləri götürərkən bizə atəş açmağa başladılar”. Ağdamın polis rəisi Rəşid Məmmədov deyir: “Ölənlərin cəsədləri parça-parça edilib. Hətta, faşistlər belə onlar kimi hərəkət etməyib””.

“Meyidlərin başı kəsilmişdi”

İngiltərənin “Reuters” agentliyinin fotoqrafı Frederix Lenqeyn Dağlıq Qarabağ ətrafında Ağdam yaxınlığında azərbaycanlı meyidləri ilə dolu iki yük maşınını gördüyünü bildirib.
“Birinci maşında mən 35 meyid saydım, ikincidə isə meyidlərin sayı bundan çox idi. Bəzilərinin başları kəsilmiş, çoxları isə yanmışdı. Onların hamısı kişi idi, bir neçəsinin əynində xaki rəngdə paltar var idi”.

“Ermənilər atəş açdılar, sonra süngü və bıçaqlarla insanları kəsməyə başladılar”

ABŞ-ın “The Sunday Times” qəzeti 1 mart 1992-ci il  erməni əsgərlərinin yüzlərlə azərbaycanlı ailəsini qırdığını yazırdı.
“Erməni əsgərləri yüzlərlə ailəni kütləvi surətdə qırıb. Sağ qalan azərbaycanlılar danışırlar ki, erməni əsgərləri 450-dən çox azərbaycanlını güllələyib, süngüdən keçiriblər. Onların əksəriyyəti qadın və uşaqlar olub, Yüzlərlə, bəlkə də minlərlə insan itkin düşüb və ya həlak olub. Hücum edənlər qadın və uşaqları müdafiə edən əsgərləri və könüllülərin əksəriyyətini öldürüblər. Sonra onlar silahlarını qorxmuş mülki əhaliyə tərəf çevirib.  Sağ qalan bir neçə şəxs baş verənləri sonradan belə təsvir edir: “Bu əsil qırğın idi”.
Sağ qalan 3 əsgərdən biri Azər Hacıyev bildirir ki, “ermənilər atəş açdılar. Sonra süngü və bıçaqlarla insanları kəsməyə başladılar”. (Amma deməyin ki, bu azərbaycanlının sözləridir. Əgər qəzet bunu nəşr etmək məsuliyyətini üzərinə götürübsə, deməli əldə lazımi faktlar var). “Onlar güllələyirdilər, güllələyirdilər, güllələyirdilər”.
Digər qadın və uşaqlarla birlikdə ermənilərin arasından Ağdama gələn Raziyə Aslanova ərinin, kürəkəninin gözləri qarşısında güllələndiyini bildirirdi. Qızı isə itkin düşüb. Ağdama gəlmiş oğlanlardan birinin qulağı kəsilib...
Sağ qalanlar bildirirdilər ki, təklikdə xilas olmağa çalışan 2000 nəfərin taleyi hələ də məlum deyil, çoxları bəlkə də aldıqları yaralardan və ya soyuqdan həlak olublar. Dünən axşam Ağdamın meyidxanasında 579 ölü qeydə alınıb.
29 meyid qəbirstanlıqda basdırılıb. Ağdam xəstəxanasında dəhşətli mənzərə yaranıb. Həkimlər qırğından qaçan 140 xəstənin əksəriyyətinin güllə yarası aldığını bildiririblər. Lakin, Ağdamda da onlar təhlükələdədirlər. Cümə günü axşam 150 000 əhalisi olan şəhərə iki raket düşüb, bir neçə binanı dağıdıb”.

“Öldürülənlərin hamısı kasıb geyimdə olan sadə insanlar idi”

İngiltərənin “The Times” qəzeti 8 martda nəşr olunan sayında “Aşkar olunmuş qırğın”  başlıqlı yazıda yazırdı. “Dağlıq-Qarabağın təpəliklərinə səpələnmiş qadın və uşaqlardan ibarət 60-dan çox meyid erməni qoşunlarının dinc azərbaycanlı əhalisinin qətlə yetirdiyi barədə bəyanatları təsdiqləyir. Yüzlərlə insan itkin düşüb. Təpəliklər və kiçik vadi boyu qurumuş otların üzərinə səpələnmiş Azərbaycan qaçqınlarının cəsədləri ötən çərşənbə erməni hərbçilərinin törətdikləri qırğından xəbər verir. Ümumən 31 meyid hələ hadisə yerindədir. Ən azı daha 31 meyid isə ötən beş gündə Ağdama aparılıb. Bu rəqəmlərə çərşənbə gecəsi Xocalıya hücum zamanı öldürülənlər daxil deyil. Hələ aşkar edilməmiş meyidlər də bu rəqəmə daxil deyil. Qırğından sağ qalmış Zahid Cabbarov bildirir ki, 200 insanın güllələndiyini görüb. Müxtəlif yollarla gəlmiş qaçqınlar bildirirlər ki, onları bir neçə dəfə atəşə tutublar və cığırlarda meyidlərin səpələndiyini görüblər. Meyidlərin yanlarında paltarlar, əşyalar və sənədlər var idi. Şaxta cəsədləri salamat saxlayıb, dağlarda və meşələrdə gizlənənlərin isə ölümlərinə səbəb olub. Ölənlərin hamısı kasıb geyimdə olan sadə insanlar idi. 31 martda biz yalnız bir polis və iki uniforma geymiş könüllü gördük. Qalan hamısı, o cümlədən səkkiz qadın və üç balaca uşaq sadə mülki şəxlər idi. Bir dəstə isə, görünür onlar bir ailə idi, bir yerdə uzanmışdılar, analar uşaqların əllərindən tutmuşdular. Bəzilərinin, o cümlədən kiçik bir qızın başı dəhşətli zədələr almışdı. Qızın yalnız sifəti qalmışdı. Sağ qalanlar ermənilərin yerə uzanmış meyidləri necə güllələdiyini gördüklərini deyirdilər”.

“Körpə qızın ancaq başı qalıb”

İngiltərənin “Times” qəzeti Xocalıda insanların vəhşicəsinə qətlə yetirildiyini yazırdı.
“Meyitlərin coxları eybəcər hala salınıb, körpə qızın ancaq başı qalıb”. Qəzet 16 Mart 1992-ci il tarixində “Xocalıda qırğın” başlığı altında yazırdı. “İki həftə bundan əvvəl Azərbaycanın Xocalı şəhərində görünməmiş dəhşətli bir şey baş verib. Əksəriyyəti eybəcər hala salınmış ən azı 200 azərbaycanlının meyidi qonşu rayonlara dəfn olunmaq üçün daşınırdı. Qurbanların ümumi sayı (azərbaycanlılar iddia edir ki, 1324 nəfər, əksəriyyəti qadın və uşaqlardır, vəhşicəsinə qətlə yetirilib) məlum deyil”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?