Modern.az

Vətəndaşın evini kimlər söküb? - Bir ailəni çölə atdılar...

Vətəndaşın evini kimlər söküb? - Bir ailəni çölə atdılar...

Aktual

4 Noyabr 2016, 14:02

Bu gün mətbuat orqanlarında Abşeron rayon sakini İntiqam Bayramovun evinin uçurulmasına dair xəbərlər yer alıb. Belə ki, uşağını həkimə aparan İntiqam, qayıdanda yaşadığı evdə daşın daş üstündə qalmadığının şahidi olub. Vətəndaşın bildirdiyinə görə, evi Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən sökülüb. Ev sahibi bildirir ki, evin də, torpağın da sənədləri qaydasındadır. Hadisə noyabrın 1-i günorta saatlarında baş verib.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli Modern.az-a deyib ki, məlumat doğru deyil:

“İcra Hakimiyyəti evlərin sökülməsilə məşğul olmur. Bu xəbərlərin hamısı absurddur”.

Vətəndaş İntiqam Bayramovun sözlərinə görə isə Abşeron rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Sərviz Süleymanovun rəhbərliyi ilə bir qrup şəxs ağır texnika vasitəsi ilə o evdə olmadığı vaxt mənzilini yararsız vəziyyətə salıblar: “Söküntü barədə mənə öncədən heç bir xəbərdarlıq edilməyib. Övladım xəstə olduğu üçün onu həkimə aparmışdım. Onlar da mən evdə olmayan zaman gəliblər, evi tamamilə yararsız hala salıblar. Bir daha qeyd edirəm ki, bununla bağlı heç bir sərəncam və məhkəmənin qərarı yoxdur. Söküntü aparan şəxslər digər qonşuların da çəpərlərini söküblər. Əslində onlarında evlərini sökmək istəyiblər.Lakin qonşular evdə olduqları üçün buna mane olublar.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı