Modern.az

“Sovetdənqalma” jurnallar-3: “Mədəni-Maarif” adından imtina edir, “Azərbaycan qadını” hər fəsildə bir dəfə çıxır

“Sovetdənqalma” jurnallar-3: “Mədəni-Maarif” adından imtina edir, “Azərbaycan qadını” hər fəsildə bir dəfə çıxır

Media

1 Mart 2011, 11:59


Bir müddət əvvəl “Sovetdənqalma” jurnallar: adları nostalji doğurur, vəziyyətləri kədər…” başlığı altında SSRİ dönəmində nəşrə başlayan və bu gün də fəaliyyətlərini davam etdirən “Kirpi”, “Azərbaycan”, “Elm və həyat” jurnalları, daha sonra isə  “Ulduz” jurnalı,  “Azərbaycan müəllimi” və Ədəbiyyat” qəzetləri, onların hazırkı vəziyyətləri barədə informasiya vermişdik.

Modern.az bu dəfə  “Mədəni – Maarif” jurnalı, “Azərbaycan qadını”  və “Qobustan” sənədlər toplusu barədə məlumat verir.

Mədəniyyətə dair xüsusi dövri mətbuat orqanlarının sayca artmasına baxmayaraq, onların tirajı Sovet dövrü ilə müqayisə edilməyəcək dərəcədə azdır. Belə ki, Sovet dövründə spesifik nəşr sayılan aylıq «Mədəni-Maarif» jurnalı, rüblük «Qobustan» toplusu kimi nəşrlər 5-10 min,  populyar nəşrlər olan aylıq «Azərbaycan» və «Ulduz»  jurnalları, həftəlik «Ədəbiyyat və İncəsənət» qəzeti 40-50 min nüsxə tirajla çap olunurdusa, bu günkü nəşrlərin əksəriyyətinin tirajı 500 nüsxədir. Burada yalnız Mədəniyyət və Turizm Nazirliyinin nəşrləri olan «Mədəni-Maarif» və «Mədəniyyət» qəzetləri istisna təşkil edir. Onların abunə yolu ilə toplanan tirajı 1500-2500 nüsxə arasında dəyişir.

“Mədəni – Maarif” jurnalı 1967-ci ildən nəşrə başlayıb. Sovet dövründə Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunan jurnalın o vaxtkı tirajı 10 min olub. “Mədəni – Maarif” jurnalı Mədəniyyət və Turzim Nazirliyinin orqanı kimi bu gün də nəşrini davam etdirir. Jurnalın ilk redaktorlarından biri Məhəmməd Muradov, daha sonra Tariyel İbrahimov olub. “Mədəni – Maarif”in hazırkı baş redaktoru isə Yaşar Vəliyevdir.
“Mədəni – Maarif”in şöbə müdiri Zabit Cavadov yaxın günlərdə jurnalın adının dəyişmə ehtimalının olduğunu bildirib.  Onun sözlərinə görə, jurnalın hazırkı tirajı 2000 nüsxədir.
““Mədəni –Maarif” hər zaman bu tirajla nəşr olunub, yəni jurnalın tirajı 1500-2000 nüsxə arasında dəyişib”.
Z.Cavadov deyib ki, “Mədəni – Maarif” jurnalı nazirliyin orqanı olduğundan ona kütləvi şəkildə abunə yazılışı yoxdur.
“Əvvəllər rayon mədəniyyət şöbələri, indi də mədəniyət və turizm şöbələrinin hərəsi üçün 50-100 ədəd jurnal göndərilir. İldən asılı olaraq “Mədəni – Maarif”in tirajı dəyişir. Abunə çox olanda 2000-2500 az olanda 1500 nüsxə ilə çıxır. Şöbələrdən əlavə, rayonların kitabxanalarına, mədəniyyət evlərinə də jurnal verilir. Çünki  “Mədəni – Maarif” metodik jurnaldır”.
Şöbə müdiri hesab edir ki, “Mədəni –Maarif”in ictimaiyyətə təsiri yaxşıdır.
“Çünki jurnal mədəniyyətin funksiyasını, vəziyyətini insanlara çatdırır. Jurnala nazirlikdən əlavə, az şəkildə başqa abunə olanlar da var”.

Rüblük incəsənət toplusu olan “Qobustan” 1969-cu ildən Bakıda nəşr olunur. Jurnal incəsənət almanaxının davamıdır. İlk baş redaktoru xalq yazıçısı Anar olub. Toplunun yaradılmasında, dəyərli nəşr kimi formalaşmasında, tanınmasında qarşılaşdığı çətinliklərdən, o zamankı senzura sədlərindən qorunmada məşhur yazıçının müstəsna rolu danılmazdır.
Anar Azərbayan Yazıçılar Birliyinin sədri seçiləndən sonra 1989-2004-cü illərdə topluya xalq şairi Fikrət Qoca rəhbərlik edib. Jurnalın hazırkı baş redaktoru isə Ələkbər Salahzadədir.
1969-cu ildən ildə dörd dəfə çıxan “Qobustan” sənədlər toplusunun indiyəcən 132 sayı işıq üzü görüb.
Sovet dövründə olduğu kimi bu gün də “Qobustan"öz səhifələrində bütün sənət sahələrini əhatə edən araşdırmalara, nəzəri-tənqidi yazılara, klassik irslə və çağdaş dünya sənətçilərinin yaradıcılığı ilə bağlı materiallara geniş yer ayırır.

“Azərbaycan qadını”  jurnalı 1923-cü ildə “Şərq qadını” adı altında nəşrinə başlayıb. Həmin dövrdə qadınların köləlikdən qurtulması, onların sağlamlığına qayğı, savadsızlığın ləğvi, ictimai-faydalı əməyə cəlb edilməsi, uşaqların tərbiyəsi və bir sıra başqa məsələlər həmin şəraitdə qeyri-adi təsir bağışlayan yeni nəşrin matariallarının aktuallığını artırıb. Jurnalın ilk baş redaktoru Ayna Sultanova olub.
Hazırda “Azərbaycan qadını”nın M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının fondlarında 1923-1938-ci illərdə işıq üzü görmüş nömrələri qayğı ilə saxlanır. Ərəb əlifbası ilə çap edilən jurnalda sadə, ağ-qara fotoşəkillərlə illüstrasiya olunan məqalələr çap edilib.
Əsrlər boyu hüquqsuz olmuş, savad əldə etməmiş, həmin illərdə isə ictimai həyatda getdikcə daha fəal iştirak edən, müxtəlif sənətləri, peşələri mənimsəyən qadınlarımızın  uğurları barədə jurnaldakı ətraflı yazılar dönə-dönə oxunub, əldən-ələ gəzib.
“Şərq qadını”nın həmin dövr tirajı 7750 nüsxə olub və jurnalın populyarlığı digər Şərq ölkələrində də oxşar nəşrlərin yaranmasına gətirib çıxarıb. Elə bu səbəbdən 1938-ci ildə “Şərq qadını” jurnalının adı dəyişdirilərək  “Azərbaycan qadını” adlandırılıb və əsas diqqət respublika miqyaslı problemlərə verilib. 
Həmin dövrdə bütün cəmiyyəti bürüyən dalğa nəticəsində bəzi mətbu orqanlar kimi “Azərbaycan qadını” da nəşrini dayandırıb və bunun ardınca başlayan İkinci Dünya müharibəsi də bu nəşrin bərpasını ləngidib.
“Azərbaycan qadını”nın yenidən bərpası 1952-ci ilin mart ayına təsadüf edir. Jurnalın zahiri görkəmi yenilənməklə yanaşı,  onun səhifələrində iqtisadiyyat və mədəniyyət xəbərləri, tarla əməkçilərinin uğurları və qəhrəman anaların həyatı haqqında məlumat əldə etmək, həkim, müəllim və kulinarların məsləhətlərini oxumaq, hətta məşhur şairlərin sözlərinə bəstələnmiş populyar mahnıların notları ilə də tanış olmaq mümkün olub.
1976-cı ildə isə jurnalın tirajı rekord səviyyəyə –217 min nüsxəyə çatıb. Mirvari Dilbazi, Həbibə Fəxri, Ələviyyə Babayeva, Sabir Gəncəli və başqaları jurnalın işində fəal iştirak ediblər. Uzun illər jurnalın baş redaktoru isə yazıçı Xalidə Hasilova olub.
Müstəqillik dövründə bütün mətbu orqanlar kimi “Azərbaycan qadını”nı da seyrək çıxmağa başlayıb və geniş oxucu auditoriyasını itirib.
Yalnız 90-cı illərin ortalarında jurnalın nəşrini bərpa etmək mümkün olub. Həmin dövrdə jurnalın ən uğurlu nömrələri müstəqil Azərbaycan qadınlarının birinci qurultayına həsr edilib.
Amma sovet şinelindən şıxmış jurnalın zamanla ayaqlaşması, oxucularını geri qaytarması asan  məsələ deyildi. Odur ki, jurnal yeni simasını əldə etmək, seçilmək, sevilmək 2009-cu ilin mayından təzə tərtibatla nəşrinə davam edib.
Hazırda böyük ənənəsi və geniş oxucu auditoriyası olan “Azərbaycan qadını” jurnalı Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin rəhbəri Fatma Abdullazadənin baş redaktorluğu ilə işıq üzü görür. Ölkənin ictimai həyatında mühüm rol oynayan müxtəlif layihələr, elmimizin, mədəniyyətimizin inkişafına təkan verən tədbirlər, eləcə də fəaliyyəti, yaradıcılığı ilə daim diqqət mərkəzində olan müasirlərimizlə maraqlı müsahibələr  jurnalın səhifələrini bəzəyir.
İndi ildə dörd dəfə - yaz, yay, payız, qış sayı ilə oxucuların görüşünə gələn jurnal hər biri 5000 tiraj olmaqla Azərbaycan və rus dillərində nəşr olunur.
Bu gün 88 yaşlı və olduqca cazibədar “Azərbaycan qadını” yoluna davam edir. Bu uzun yolun əvvəlində onu daha çox zərif cinsin nümayəndələrinin saysız-hesabsız problemləri düşündürürdüsə, indi jurnal müasir Azərbaycan qadınının simasını, uğurlarını, qabaqcıl təcrübəsini geniş auditoriyaya təqdim etməyə can atır.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!