Modern.az

Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı qərarı nəyi dəyişəcək?

Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı qərarı nəyi dəyişəcək?

1 Mart 2011, 14:13

Vüqar Bayramov: “Bu addım uçot stavkasının kredit və istehlak bazarına təsirləri, eləcə də aqreqat tələb təklifdəki dəyişikliklər tam qiymətləndirilmədən atılıb”

Son aylar dünya əmtəə bazarlarında ərzaq məhsullarının qiymətlərinin yüksəlməsi müşahidə olunmaqdadır. Bu şəraitdə inflyasiya amillərinə nəzarətin gücləndirilməsi və onların preventiv rejimdə tənzimlənməsinin aktuallığı artdığından Mərkəzi Bank öz fəaliyyətinin bəyan olunmuş istiqamətlərinə uyğun qiymət sabitliyinin qorunmasına yönəlmiş məqsədyönlü tədbirlər həyata keçirir. Bankın İdarə Heyəti 1 mart 2011-ci il tarixindən etibarən uçot dərəcəsinin 3%-dən 5%-ə qaldırılması barədə qərar qəbul edib. Bu qərar eyni zamanda maliyyə bazarlarında müvafiq şəraiti təmin etməklə Mərkəzi Bankın izafi pul kütləsini sterilizasiya etmək imkanlarının artırılmasına yönəlib.MB-dan deyilir ki, pul kütləsinin artım templərinin tənzimlənməsi məqsədilə bankların daxili və xarici öhdəlikləri üzrə məcburi ehtiyat normasının 0.5%-dən 2%-ə qaldırılması barədə də qərar qəbul olunub. Qeyd edilir ki, ölkənin valyuta gəlirlərinin əhəmiyyətli çoxalması, tədiyə balansında iri həcmli profisit nəticəsində pul kütləsinin artım mənbələrinin genişlənməsi, habelə qeyri-neft sektorunda iqtisadi artımın davam etməsi əmtəə və xidmət bazarlarında tələbin yüksəlməsini şərtləndirir.

MB-nın son qərarına münasibət bildirən iqtisadçı-alim Vüqar Bayramov  İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) hələ bir müddət əvvəl Mərkəzi Bankın uçot stavkasına yenidən baxmasını, antiinflyasiya tədbirləri kimi uçot stavkasını artırması  //cesd.az/m199.htm barədə təkliflər irəli sürdüyünü xatırladır: “Mərkəzin  ekspertləri uçot stavkasının artırılmasını müşahidə edilən qiymət artımlarına qarşı Mərkəzi Bankın istifadə edəcəyi alət kimi  nəzərdə tuturdular. Çünki, inflyasiya ilə  mübarizə yalnız qiymətlərin tənzimlənməsi, süni qiymət artımlarına qarşı mübarizənin aparılması formasında deyil, dolayi metodlardan, eləcə də maliyyə sektorunun imkanlarından istifadə etməklə həyata keçirmək olar”.

V.Bayramov  İSİM-in təkliflərinə uyğun olaraq MB-nın uçot stavkasını artırmaq yönündə qərarını müsbət hal kimi  dəyərləndirsə də, uçot stavkasını bir dəfəyə 2 nöqtə artırılmasını doğru addım  hesab etmir: “İSİM –in təkliflərində uçot dərəcəsinin 3 faizdən 4 faizə qaldırılması əksini tapırdı. Uçot stavkası antiinflyasiya tədbirləri kimi nəzərdə tutulsa da bunun bank sektoruna, kredit bazarına birbaşa və dolayı təsirləri var. O səbəbdən də uçot dərəcəsinin kəskin deyil, pilləli olaraq artırılması daha məqsədəuyğun idi. Mərkəzi Şərqi Avropanın, eləcə də  Rusiyanın bu istiqamətdə təcrübəsinə diqqət yetirsək  uçot stavkasının kəskin artımının neqativ təsirlərə gətirib çıxardığını görərik. İndiki mərhələdə Mərkəzi Bank uçot dərəcəsinin 3 faizdən 4 faizə qədər artırılmaq barədə qərar qəbul etməli idi”.

Ekspertin sözlərinə görə, uçot stavkasının artırılması iqtisadiyyatda aqreqat tələbdəki artımin azalmasına gətirib çıxarır. Hansıki, bu da inflyasiya səviyyəsinin azalmasına təsir göstərir: “Lakin nəzərə almaq lazımdır ki, uçot stavkasının kəskin artımı istehlakçıların xərclərini azaltsa da, kredit bazarında müəyyən gərginliyə səbəb ola bilər.Düzdür, Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin kommersiya banklarının ümumi kredit portfelindəki payı  böyük deyil, bununla belə uçot dərəcəsinin həm maliyyə, həm də psixoloji təsirləri var”.   

İqtisadçı bir daha qeyd etdi uçot stavkasının qaldırılması barədə qərar müsbət qərar olsa da, MB kredit bazarını, uçot stavkasının kredit və istehlak bazarına təsirlərini, eləcə də aqreqat tələb təklifdəki dəyişiklikləri tam qiymətləndirmədən bu   addımı atıb: “Uçot dərəcəsini 3 faizdən 5 faizə qədər artırılması kifayət qədər böyük rəqəmdi. Mərkəzi Bankın uçot dərəcəsinin pilləli artımını həyata keçirməsi daha məqsədəuyğun idi. Yəni birinci mərhələdə uçot dərəcəsi 3 faizdən 4 faizə qaldırılmalı, ikinci mərhələdə -iyunun 1-dən etibarən isə uçot dərəcəsi 4 faizdən 5 faizə çatdırılmalıydı. Bu iqtisadi eləcə də maliyyə baxımından daha məqbul hesab edilən qərar olardı. Çünki iyun ayında dövlət büdcəsinə yenidən baxılaraq əlavə və dəyişikliklər edilməsi planlaşdırılır. Nəzərə alsaq ki, büdcənin gəlirlər hissəsi artacaq, bu  istehlak bazarına  psixoloji təsir edəcək. Eyni zamanda əmtəə və istehlak bazarında vəsaitlərin artması fonunda təsirlərə malik olacaq”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir