Modern.az

İlham Əliyevdən məmurlara xəbərdarlıq: "...rüşvətxorluq, əsassız tələblər var, bəzi hallarda insanları incidirlər..."

İlham Əliyevdən məmurlara xəbərdarlıq: "...rüşvətxorluq, əsassız tələblər var, bəzi hallarda insanları incidirlər..."

Təhsil

2 Mart 2011, 10:19


Prezident İlham Əliyev dünən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında bir sıra məsələlərə diqqət çəkib.

Prezident deyib ki, Azərbaycanın bütün bölgələrində sürətli inkişaf gedir. “Mütəmadi qaydada bölgələrdə oluram. Hər halda, elə rayon yoxdur ki, oraya mənim səfərim olmasın və hər dəfə də görülmüş işlərlə tanış oluram, əlavə göstərişlər verilir. Sonrakı dəfə həmin rayona gələrkən yenə görülmüş işlərlə tanış oluram, verilmiş tapşırıqların necə yerinə yetirilməsi ilə maraqlanıram”.

Yolların tikintisinə əlavə vəsait ayrılacaq

İlham Əliyev deyib ki, elə edilməlidir ki, 2013-cü ilə qədər, ikinci Dövlət Proqramı başa çatanda qarşıda duran bütün vəzifələr icra edilsin. “Bu il isə ilin sonuna qədər proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edilməlidir. İnvestisiya qoyuluşu davam etdiriləcəkdir. 2011-ci ildə sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək, məktəblər, tibb müəssisələri, olimpiya idman kompleksləri tikiləcəkdir. Yol tikintisinə diqqət göstəriləcəkdir. Demək olar ki, əsas magistral yollarımız, - artıq orada gedən tikinti işləri ya başa çatıb, ya başa çatmaq üzrədir,- Azərbaycanı bütün qonşu ölkələrlə birləşdirən yollar yaxın zamanlarda tam şəkildə hazır olacaq və beləliklə, ölkəmizin inkişafı üçün çox vacib olan məsələ öz həllini tapacaqdır”.
Ölkə başçısının sözlərinə görə, bu il və gələn il kənd yollarının tikintisi üçün dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulmalıdır. “Onun bir hissəsi yəqin ki, Prezidentin Ehtiyat Fondundan ayrılacaq, əsas hissəsi isə dövlət büdcəsində nəzərdə tutulmalıdır. Elə etməliyik ki, növbəti iki il ərzində Azərbaycanda əsas kənd yolları normal səviyyəyə cavab versin. Xüsusilə o yollar ki, bir neçə kəndi və böyük sayda əhalini birləşdirir. Deyə bilərəm ki, 2004-2010-cu illərdə ölkəmizdə 5 min 200 kilometr yollar çəkilibdir və bu proses, yenə də deyirəm, davam etdirilməlidir. Hələ görüləsi işlər çoxdur”.

“Hər bir kəndimiz qaz almalıdır”

Prezidentin sözlərinə görə, Azərbaycan hazırda alternativ enerji mənbələrinin tikintisi ilə məşğuldur, 2011-ci ildə həm su elektrik stansiyalarının tikintisi davam etdiriləcək, eyni zamanda, günəş batareyalarının quraşdırılması prosesi daha da sürətlə gedəcək.
“Bütün ölkədə qazlaşdırma prosesi gedir. Vəzifə qoyulubdur ki, bu il və gələn ilin sonuna qədər qazlaşdırma ilə bağlı bütün məsələlər öz həllini tapsın və ölkə əhalisinin 90-95 faizi təbii qazla təmin edilsin. Nəzərə alsaq ki, Azərbaycanda qazın qiyməti, elektrik enerjisinin qiyməti dövlət tərəfindən tənzimlənir, - qazın qiyməti qonşu ölkələrlə müqayisədə bir neçə dəfə aşağıdır və sabit olaraq qalacaqdır, - qazlaşdırma prosesi, eyni zamanda, böyük sosial məna daşıyır. Qeyd etməliyəm ki, qazlaşdırmaya qoyulan vəsait qazın istehlakından əldə olunan vəsaitə bərabər deyil, yəni qazlaşdırma prosesi biznes, ya da kommersiya xarakteri daşımır. Bu, sırf sosialyönümlü təşəbbüsdür. Biz bunu etməliyik. Çünki hər bir bölgəmiz, hər bir kəndimiz qaz almalıdır. Nəzərə alsaq ki, Azərbaycan bu gün qazı dünya bazarlarına ixrac edir, əlbəttə ki, ölkə daxilində maksimum dərəcədə təbii qazla təminat təşkil olunmalıdır.
İçməli su və kanalizasiya layihələri bu gün gündəliyimizdə duran məsələlərdən biridir. Çox vacib məsələdir. Nəzərə alsaq ki, qazlaşdırma sahəsində və elektrik enerjisi ilə təchizat sahəsində böyük uğurlar əldə olunub, mən ümid edirəm ki, bu sahədə də bu il biz ciddi dönüşü görəcəyik. Hazırda beynəlxalq maliyyə qurumları ilə aparılmış danışıqlar öz nəticələrini verməkdədir. Bəzi bölgələrdə içməli su, kanalizasiya layihələrinin icrası başlanmışdır, bəzi bölgələrdə hələ hazırlıq işləri gedir. Mən bütün rayonlarda olarkən birinci növbədə maraqlanıram ki, içməli su, kanalizasiya layihəsi necədir, başlanıbdır, yoxsa yox. Harada ki, ləngimələr var, oraya xüsusi diqqət göstərilməlidir və ən uzağı 2012-ci ilin sonuna qədər hər bir rayon mərkəzində bu layihələr başa çatmalıdır. Yaxşı olar ki, daha da tez başa çatsın. Çünki yenə də deyirəm, maliyyə məsələlərinin əksər hissəsi öz həllini tapıbdır. Sadəcə olaraq, gərək yerlərdə işlər bir az daha da çevik şəkildə təşkil olunsun”.

“İnhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmalıdır”

İlham Əliyevin sözlərinə görə, ərzaq təhlükəsizliyinin əsas sahəsi olan taxılçılıq inkişaf etdiriləcək: “Hesab edirəm ki, taxılçılıqla bərabər, biz üzümçülüyün inkişafına da xüsusi diqqət göstərməliyik”.

Prezident deyib ki, 2004-cü ildən başlayaraq, Azərbaycanda 900 mindən artıq yeni iş yeri açılıb. 2010-cu ilin yekunlarına görə, Azərbaycanda yoxsulluğun səviyyəsi 9,1 faiz təşkil edir.
“Əgər əvvəlki illərdəki 49-44 faizlə müqayisə etsək, bu, böyük nailiyyətdir. Ancaq 9,1 faiz də çoxdur”.

Dövlət başçısı deyib ki, kənd təsərrüfatına yararlı torpaqlardan təyinatı üzrə istifadə olunmalıdır.
“Mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr bu torpaqlardan səmərəli istifadəni təmin etməlidir. Bu sahədə qanun pozuntularına yol verənlər ciddi şəkildə cəzalandırılacaqlar. Kənd təsərrüfatı istehsalını stimullaşdırmaq üçün subsidiyalar verilir və bu prosedur sadələşdirilməlidir. Buna böyük ehtiyac var. Ərzaq təhlükəsizliyini təmin etməliyik və inhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Hazırda bu mübarizə lazımi səviyyədə deyil. Ərzaq təhlükəsizliyi ilə bağlı biz elə etməliyik ki, hazırda ölkəmizdə lazımi səviyyədə istehsal olunmayan ərzaq məhsullarının inkişafı üçün və yeni müəssisələrin yaradılması üçün əlavə tədbirlər görülsün. Mənə verilən bəzi rəqəmlər onu göstərir ki, bəzi məhsullarla özümüzü təmin edirik, amma bəzi hallarda daha çox idxaldan asılıyıq. Misal üçün, Azərbaycanda 93 faiz ət istehsal olunur, demək olar ki, burada vəziyyət yaxşıdır. Quş əti istehsalı artıbdır, hazırda özümüzü 80 faiz səviyyəsində təmin edirik. Süd və süd məhsullarının 85 faizi Azərbaycanda istehsal olunur. Amma bitki yağına, kərə yağına gəldikdə, daha çox idxaldan asılıyıq. Şəkərlə özümüzü 150 faiz təmin edirik, ixrac da edirik. Ona görə o sahələrdə ki, biz idxaldan asılı deyilik, orada qiymətin süni artımına qətiyyən yol vermək olmaz.
Ona görə mən giriş sözümdə qeyd etdim ki, neftin bahalaşması, istər-istəməz, bütün idxal olunan ərzaq mallarının bahalaşmasına gətirib çıxaracaqdır. Yəni bununla mübarizə aparmaq çətindir. Amma Azərbaycan daxilində istehsal olunan kənd təsərrüfatı, ərzaq məhsullarının süni şəkildə bahalaşması yolverilməzdir. Bunu edənlər məsuliyyətə cəlb olunmalıdır və İqtisadi İnkişaf Nazirliyi, digər qurumlar istehlak mallarının qiymətlərinə ciddi nəzarət etməlidir. Həm inzibati tədbirlər görməliyik, eyni zamanda, inhisarçılıqla mübarizə, bax, ən gözəl addım olacaqdır”.

“Korrupsiya və rüşvətxorluq böyük bəladır”

Prezident deyib ki, Azərbaycanın bütün sahələrində inkişafı görmək istəyiriksə, xoşagəlməz hallara qarşı mütləq ciddi mübarizə aparmalıyıq: “Korrupsiya və rüşvətxorluq böyük bəladır, böyük yaradır və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq təmin edilsin. Burada, əlbəttə ki, həm inzibati tədbirlər görülür və görüləcəkdir. Cəza tədbirləri görülür və görüləcəkdir. Eyni zamanda, biz struktur islahatlarını elə aparmalıyıq ki, korrupsiya, rüşvətxorluq tamamilə aradan götürülsün. Son müddət ərzində mənim tərəfimdən imzalanmış sərəncamlar bu məqsədi güdür. Yəni biz struktur islahatlarından, institusional metodlardan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizəni gücləndirmək üçün istifadə etməliyik. Ancaq əlbəttə ki, təkcə struktur islahatları aparmaqla biz istədiyimiz nəticəyə nail ola bilməyəcəyik. Ona görə bütün dövlət qurumları, bütün dövlət şirkətləri, yerli icra orqanları, mərkəzi icra orqanları bilməlidir ki, hər bir məmur öz işində elə işləməlidir ki, həmişə üzüağ olsun, alnıaçıq olsun.

“Mənə bütün bölgələrdən məktublar gəlir”

Prezident çıxışına belə davam edib:
- Mən yenə də demək istəyirəm ki, biz bu xoşagəlməz hallara qarşı ciddi mübarizənin birinci nəticələrini artıq görürük və ümid edirəm ki, yaxın zamanlarda daha da böyük nəticələri görəcəyik. Mən bir daha Azərbaycan ictimaiyyətinə müraciət etmək istəyirəm. Bir dəfə artıq müraciət etmişəm və bu müraciətin çox yaxşı nəticəsi olmuşdur. Mənə, Prezident Administrasiyasına bütün bölgələrdən məktublar gəlir - həm təşəkkür məktubları, həm də şikayət məktubları. Bu canlı bağlantı həmişə olub və olacaqdır. Biz hamımız çalışmalıyıq ki, Azərbaycan müasir dövlətə çevrilsin, ölkəmizə yaraşmayan, ölkəmizi geriyə aparan, onun inkişafını əngəlləyən xoşagəlməz hallar Azərbaycanda olmasın. Bizim gözəl imkanlarımız, gözəl perspektivlərimiz var - güclü dövlət, güclü iqtisadiyyat, güclü sosial siyasət, infrastruktur layihələri. Azərbaycanın iqtisadi inkişafı bu günə qədər dünyada heç bir başqa ölkədə təkrarlanmayıbdır. Qısa müddət ərzində, 7 ildə iqtisadiyyat 2,8 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 4,5 dəfə azalmış, 900 min iş yeri açılmışdır. Hər yerdə quruculuq, abadlıq, tikinti işləri gedir, Azərbaycan vətəndaşları sabitlik, təhlükəsizlik şəraitində yaşayırlar. Ən yaxşı kriminogen vəziyyət bizdədir. Azərbaycanda, 9 milyon əhalisi olan ölkədə gündə 30-35 cinayət baş verir. Bu, başqa ölkələrlə müqayisədə bir neçə dəfə azdır. Yəni təhlükəsizlik, sabitlik, rifahın yaxşılaşması var. Bununla bərabər, bizim cəmiyyətimizi içəridən sarsıdan xoşagəlməz hallar, rüşvətxorluq, əsassız tələblər var, bəzi hallarda insanları incidirlər, insanlara qarşı reketlik edirlər, əsassız tələblər irəli sürürlər. Axı, olmaz belə! Biz çalışırıq ki, insanlar yaxşı yaşasınlar. Biz Azərbaycanda 500 mindən artıq insana dövlət tərəfindən sosial yardım edirik. Yüz mindən artıq ailə hər ay dövlətdən 106 manat pul alır. Kimin imkanı yoxdursa, bu pulu ona veririk, o, yaşamalıdır. Hamı yaşamalıdır, yaxşı yaşamalıdır. Düzdür bu, insandan asılıdır. Azərbaycanda bütün imkanlar var. Kimin bacarığı var, biliyi var, imkanı var, daha da yaxşı yaşayır. Bu, hər yerdə belədir. Artıq bu məsələlərlə bağlı çox ciddi işlər gedir və gedəcəkdir. Hamı bunu bilməli və özü üçün nəticə çıxarmalıdır.

“…görüləsi işlər çoxdur…”

2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunduğunu qeyd edən ölkə başçısı təkcə Bakıda 5 beşulduzlu mehmanxana açılacağını deyib.
“Bu yaxınlarda mən Naftalan şəhərində iki gözəl müasir mehmanxananın açılışında iştirak etmişdim. İki gün bundan əvvəl Qusar rayonunda Şahdağ Qış-Yay Turizm Mərkəzinin tikintisi ilə tanış oldum. Orada da gözəl mehmanxanalar tikilir. Turizmin inkişafı üçün bizdə çox gözəl şərait var, gözəl imkanlar var. Hər bir bölgədə müasir hotellər, turizm kompleksləri tikilməlidir və tikilir. Hesab edirəm ki, 2011-ci ildə bu işlər çox sürətlə gedəcəkdir. Beləliklə, həm ölkə vətəndaşları, həm xaricdən gələn qonaqlar gözəl, çox yüksək səviyyəli xidmətlə təmin olunacaqlar.
Ölkəmizdə sənayeləşmə siyasəti aparılır və sənaye istehsalının inkişafı üçün əlavə tədbirlər görülməlidir. Ənənəvi olaraq, Azərbaycanın bir neçə sənaye mərkəzi olmuşdur. Hazırda o mərkəzlərdə yeni sənaye müəssisələri yaradılır və biz Azərbaycanda bir neçə şəhəri məhz güclü sənaye mərkəzlərinə çevirməliyik. İlk növbədə, mən Sumqayıtı nəzərdə tuturam. Sumqayıt vaxtilə neft kimyası sənayesi mərkəzi kimi yaradılmışdır. İndi neft kimyası sənayesi canlanır və orada işlər düzəlir, islahatlar aparılır. Bununla bərabər, Sumqayıt müasir sənaye şəhərinə çevrilir. Sumqayıt texnologiya parkı, digər müəssisələr tikilir. Ona görə Sumqayıt yeni, müasir sənaye şəhəri kimi formalaşır. Orada böyük torpaq sahələri var. Vaxtilə tikilmiş və indi işləməyən zavodlar var, peşəkar işçi qüvvəsi, dəmir yolu var, Bakıya yaxındır. Yəni Sumqayıt ölkəmizin sənaye mərkəzlərindən biri kimi inkişaf etməlidir.
Eyni zamanda, Gəncə şəhəri də sənaye mərkəzi kimi inkişaf etməlidir. Bakı şəhərinin Qaradağ rayonunda da müasir sənaye mərkəzi yaradılmalıdır. Şübhəsiz digər şəhərlərdə də sənaye istehsalı yaradılmalıdır və yaradılır. Amma məncə, əsas bu üç mərkəz yaradılmalıdır və biz bu məsələyə planlı və kompleks şəkildə yanaşmalıyıq.
Bu il “Turizm ili” elan edilib, amma o demək deyil ki, “Ekologiya ili” başa çatıbdır. “Ekologiya ili” hər il olmalıdır. Keçən il böyük işlər görülüb – ağaclar əkilib, neftlə çirklənmiş gölməçələr təmizlənib, içməli su layihələri icra edilmişdir. Baxmayaraq ki, bu il “Turizm ili”dir, ancaq “Ekologiya ili” bu il də davam etdirilməli və bütün yerli icra orqanları keçən il işlədikləri kimi, bu il də işləməlidirlər. Nəzərə alsaq ki, Azərbaycan ictimaiyyəti də bu məsələyə çox böyük həvəslə yanaşmışdır, bu iş davam etdiriləcəkdir.
Bir sözlə, görüləsi işlər çoxdur, proqramlar icra edilir. Ən əsası ondan ibarətdir ki, biz öz işimizi proqramlar əsasında qururuq. Hər bir sahə üçün, hər bir bölgə üçün, hər bir rayon üçün konkret proqramlar var və icra olunur. Biz vaxtaşırı belə geniş tərkibdə görüşürük, yaxud da ki, mən bölgələrdə olarkən görüşürük, məsələləri müzakirə edirik. Bu, daimi və canlı prosesdir və bizə imkan verir ki, məsələləri həll edək, problemləri araşdıraq, aydınlaşdıraq, təhlil edək, onların həlli yollarını müəyyən edək, maliyyə resurslarını, texniki imkanları, peşəkar kadrları cəlb edək və məqsədə çatmaq üçün bütün lazımi addımları ataq…”.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü