Modern.az

Baş nazirin müavini Əli Həsənovdan gənclərə jest... (FOTOLAR)

Baş nazirin müavini Əli Həsənovdan gənclərə jest... (FOTOLAR)

Qarabağ

2 Mart 2011, 14:36

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyi və üzv təşkilatların nümayəndələri martın 2-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb.          

Modern.az-ın məlumatına görə, Əli Həsənov gənclərlə görüşdən məmnun olduğunu ifadə edib. Bildirib ki, Azərbaycanın aktiv qüvvəsi olan gənclərin qarşısında duran əsas məsələ Dağlıq Qarabağ problemidir. Dağlıq Qarabağ problemi, ermənilərin məkrli siyasəti, qaçqın və məcburi köçkünlər məsələsini önə çəkən baş nazirin müavini dövlətimizin bu istiqamətdə davamlı işlər apardığını bildirib. «Bu günə qədər məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər aparılır. 67 qəsəbə salınıb və burada məcburi köçkünlər yerləşdirilib. Bütün bunlar müvəqqəti yaşayış üçündür. Dövlətimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində bütün səylərini ortaya qoyub. Yəqin ki, məsələ tezliklə həll olunacaq».

Əli Həsənov aparılan dövlət siyasəti nəticəsində Azərbaycanda iqtisadi inkişafa nail olunduğunu vurğulayıb. “Ölkə prezidenti İlham Əliyevin siyasətinin nəticəsidir ki, bu gün gənclərimiz dövlət strukturlarında aktiv təmsil olunur”.

Gənclərlə görüşün və fikir mübadiləsinin aparılmasının vacib amil olduğunu diqqətə çatdıran ARGTMŞ-ın sədri, millət vəkili Fuad Muradov bu görüş üçün Əli Həsənova təşəkkürünü bildirib. O, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında gənclərin aktivlik nümayiş etdirdiyini vurğulayıb. Bildirib ki, Milli Şura bu gün dövlət gənclər siyasətinin həyata keçirilməsində aktiv rol oynayır. «Bizim bu gün bir problemimiz var ki, o da ərazi bütövlüyünün pozulmasıdır. Bu məsələdə biz bütün səylərimizi ortaya qoymalıyıq» deyən Fuad Muradov bildirib ki, artıq beynəlxalq səviyyədə Dağlıq Qarabağ məsələsinə münasibət müsbət istiqamətdə dəyişib.

Fuad Muradov Azərbaycan gənclərinin bu gün dünyaya inteqrasiyasını yüksək qiymətləndirərək qeyd edib ki, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında ciddi irəliləyişlər əldə edilib. «Təsadüfü deyil ki, bir neçə gün öncə Strasburqun mərkəzi meydanında Xocalıya ədalət tələbini irəli sürərək mitinq keçirdik. Artıq avropalılar bu faciəni ermənilərdən deyil bizdən eşidir».

   Milli Şuranın baş katibi Orxan Ərəbov çıxış edərək Şuranın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat verib. Eyni zamanda baş katib yaxın aylarda həyata keçiriləcək «Vətəni tanı» ümumrespublika kampaniyası haqqında da geniş danışıb.

Görüşdə həmçinin hökumət, dövlət və rəsmi qurumlarla aktiv gənclər arasında olan münasibətlər, dövlətin gənclərə göstərdiyi diqqət və qayğı, gənclərin dövlət strukturlarında təmsil olunması, Azərbaycanın ərazi bütövlüyü məsələsi, erməni təcavüzü nəticəsində öz yurd-yuvalarından qaçqın düşmüş insanlar barəsində fikir mübadiləsi aparılıb.   Baş nazirin müavini Əli Həsənov gəncləri maraqlandıran sualları cavablandırıb. Maraqlı diskussiya şəraitində keçən görüşdə Milli Şuraya üzv olan təşkilatların nümayəndələri Əli Həsənovun diqqətinə bəzi məsələləri də çatdırıblar.   Qeyd edək ki, Milli Şuranın təşkilatçılığı ilə bundan əvvəl Prezident Administrasiyası, Konstitusiya Məhkəməsi, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin rəhbərləri və digər dövlət qurumları ilə gənclərin görüşü keçirilib

      

 

 

 

 

 

 

 

 

 

 

                                                     Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi