Modern.az

“Almaniya parlamenti ilə addımımızın ilk təməli qoyuldu” – MÜSAHİBƏ

“Almaniya parlamenti ilə addımımızın ilk təməli qoyuldu” – MÜSAHİBƏ

Hadisə

16 Noyabr 2016, 15:03

Almaniyada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyev Modern.az saytının suallarını cavablandırıb.

 

-Dünya Azərbaycanlıları Assambleyasının prezidentsiniz. Sizdən Diaspor fəaliyyətində hansısa inqilabi yeniliklər gözləyəkmi?

 

-Dünya Azərbaycanlıları Assmbleyasının fəaliyyyətinə göstərdiyiniz maraq üçün təşəkkür edirəm. Mətbuatın bu məsələləri qabartması çox vacib məsələdir. Çünki toplum məlumatları mətbuatdan alır, yaranacaq suallara cavabı məhz bu yolla cavab tapa bilir.

DAA zamanın tələbindən yaranmış bir təşkilatdır. Assambleya yarandığı gündən qarşısına qoyduğu ilk hədəf xaricdə ölkəmiz adına yenilikçi düşüncəni hakim düşüncəyə çevirməkdir. Formalaşmış, standart deyil, innovativ üsullardan, beynəlxalq təcrübəyə əsaslanan fəaliyyət ortaya qoymaqdır. Digər tərəfdən qeyd edim ki, Assambleya diaspora təşkilatı olaraq qeydiyyatdan keçməyib. Beynəlxalq ictimai təşkilat olaraq qeydiyyatdan keçib. Niyə beynəlxalq ictimai təşkilat olduğunu altını çizərək deyirəm? Diaspora təşkilatı ilə ictimai təşkilatın əsas fərqi bundan ibarətdir: diaspora təşkilatı yalnız bir xalqın və toplumun haqlarını qorumaq, o xalqın kültürünü və zənginliklərini təbliğ etməkdən ibarətdir. Yəni fəaliyyəti zamanı yalnız bir toplumla məhdudlaşmalı olur. Biz yalnız öz toplumumuzun zənginliklərini dünyanın müxtəlif ölkələrində təşviqatla məhdudlaşmayacağıq. Digər tərəfdən, istər almanlar olsun, istər amerikalılar, ingilislər, isveçlilər, yaponlar və digər xalqların zənginliklərini və müsbət tərəflərini, maraqlı adətlərini azərbaycanlılara təbliğ etməyi qarşıya məqsəd qoymuşuq.  Digər xalqlar və toplumlarla humanizm, dostluq və sülh içərisində əməkdaşlıq edərək həmrəyliyimizi ortaya qoyacağıq. Hesab edirəm ki, qeyd etdiklərimizin fonunda dünyaya daha çox açılmış olarıq. Bu cür fəaliyyət daha effektiv olar deyə düşünürəm.

 

-Təşkilatınızda regionlar üzrə kuratorluq edən vəzifələr var. Məsələn, Diaspora və lobbiçilik üzrə vitse-prezident, Yaponiya nümayəndəliyi, Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezident postu və sair. Bu qədər posta ehtiyac varmı? Varsa, nəticə nədir?

 

-Hesab edirəm ki, təşkilatımızın fəaliyyət sahəsi adından da bəlli olduğu kimi  o qədər genişdir ki, məhz qeyd etdiyiniz sturkturların yaradılması vacibdir. Digər tərəfdən biz bu məsələdə digər beynəlxalq təşkilatların da təcrübəsini əsas tuturuq. Fəaliyyətimizin effektiv təşkilində Dünya Yəhudilər Konqresinin təcrübəsini əsas götürürük. Bu gün dünyanın əsas güc mərkəzlərindən biri yəhudilərə məxsusdur. Onların bu sahədə yüz illərə dayanan təcrübəsi var.

Digər tərəfdən biz yalnız bununla kifayətlənmirik, ümumilikdə digər ölkələrin və xalqların da təşkilatlarının fəaliyyətlərini araşdırıb onların da təcrübəsini öyrənirik. Oturuşmuş təşkilatların təcrübəsini öyrənmək çox vacibdir.

 

-Almaniya Bundestaqına çıxışlarınız varmı? Varsa nələr gözləyək, yoxsa yenə nələr gözləyək?

 

-Almaniya Bundestaqına hələ ki, çıxışlarımız olmayıb. Ancaq gələcəkdə olacağını da istisna etmirəm. Assambleya yeni təşkilat olduğundan hazırda təşkilatlanma, strukturlaşma işləri gedir, yeni insanlar cəlb olunur. Fəaliyyətimizi fərdi, ümumi görüşlər vasitəsi, həm də eyni zamanda mətbuat vasitəsi ilə topluma çatdırmağa çalışırıq. Artıq yavaş-yavaş siyasi institutun əsas qollarından biri olan parlament institutu ilə əməkdaşlıq təməllərini atırıq. Həm Azərbaycan parlamenti, həm Alman Bundestaqı, həm də Avropa Parlamenti ilə iş birliyi içərisindəyik. Azərbaycan Milli Məclisinin üzvləri fəal olaraq tədbirlərimizə qatılır, öz düşüncələrini bizlərlə bölüşürlər. Alman parlamenti ilə də bu istiqamətdə addımımızın ilk təməli qoyuldu. Belə ki, biz Almaniya Federativ Respublikası, NRW əyalətininin millət vəkili Serap Gülərlə görüş keçirdik. Onun həyat yoldaşı əslən azərbaycanlıdır. Türkiyənin Qars bölgəsindəndir. Bu baxımdan onun özü üçün də bizim fəaliyyətimiz maraq daşıyırdı. Ona görə bundan sonra Serap xanımın fəaliyyətimizə fəal dəstəyinin ola biləcəyini düşünürəm.

 

-Almaniyadakı Azərbaycan səfirliyi sizə dəstək olurmu? Birgə fəaliyyət mexanizmi qura bilmişiniz yoxsa diaspora sahəsi də diplomatik korpusun dominantlığı ilə qüvvədədir?

 

-Rəsmi sənədləşmə ərəfəsində heç bir rəsmi və qeyri-rəsmi quruma əməkdaşlıq üçün müraciət etmədik. Rəsmi qeydiyyatdan keçdikdən sonra isə Azərbaycanın keçmiş səfiri cənab Pərviz Şahbazov diplomatik missiyasını bitirib geri dönürdü.Yeni səfirə isə görüş üçün rəsmi müraciət göndərmişik. Ümid edirəm onlarla qısa zamanda görüşüb əməkdaşıq perespektivlərini müzakirə edərik.

 

-Azərbaycanlıları problemi ilə bağlı hansı addımlar atacaqsınız? Deyək ki, kimsə gəlib və iş tapmaqda çətinlik çəkir. Siz nə yardımlar edə bilirsiniz?

 

-Assambleyanın məqsədləri böyükdür. Təbii ki, bunların içində Dağlıq Qarabağ məsələsi, ölkəmizin zəngin mədəniyyətini təbliğ etmək və sair. Bunlar qlobal məsələlərdir. Qaldı ki, həmvətənlilərimizin məişət problemlərinin həllinə, fərd olaraq imkanlarımız daxilində kömək etməyə çalışırıq.  Ancaq məsələ burasındadır ki, Avropada iş tapmaq üçün kiminsə kimdənsə xahiş etməsinə gərək yoxdur. Burada işləmək üçün tələb olunan prosedurları həyata keçirmək lazımdır: dil bilmək, yaşadığı ölkədə işləmək icazəsinin olması, sənət və ya ixtisas sahibi olmaq.

Bunlar olduqdan sonra kiminsə iş tapmasında heç bir problem yoxdur. Çox sadə formada iş problemini həll edə bilər. Ancaq təbii ki, biz bu məsələdə həmvətənlərimizə istiqamət verə bilərik.

 

Aqşin KƏRİMOV

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür