Modern.az

Rəbiyyət Aslanova: “Azərbaycan ərəb və yaxud Afrika ölkəsi deyil” (MÜSAHİBƏ)

Rəbiyyət Aslanova: “Azərbaycan ərəb və yaxud Afrika ölkəsi deyil” (MÜSAHİBƏ)

2 Mart 2011, 17:51

Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova suallarımıza cavab verir.

- Rəbiyyət xanım, müxalifət təmsilçilərinin bir qisminin araya gəldiyi İctimai Palata özünün sonuncu toplantısında Azərbaycan iqtidarı qarşısında bir sıra tələblərlə çıxış edib. Yəni, bu qurum hökumətin istefaya göndərilməsi, o cümlədən parlamentin buraxılması, bir sıra konstitusion islahatların həyata keçirilməsi tələbini irəli sürüb. İctimai Palata bu tələblərə əməl olunmayacağı təqdirdə, martın 12-dən ölkədə kütləvi etiraz aksiyalarına başlanılacağını da bəyan edib. Siz bir YAP təmsilçisi olaraq, İctimai Palatanın məlum tələbləri ilə bağlı nə demək istərdiniz?

- İctimai Palata dağılmayıb, hələ yaşayır?.. Bu qurumun səsləndirdiyi iddialar, tələblər, ümumiyyətlə, heç cür ciddi qəbul edilə bilməz. Azərbaycanda keçirilən seçkilərlə əlaqədar məsələ bugünlərdə ATƏT Parlament Assambleyasının (PA) sonuncu qış sessiyasında geniş müzakirə edildi və orada 7 noyabr seçkilərinin bütün demokratik tələblərə uyğun keçirildiyi birmənalı elan olundu. Bu gün bütün beynəlxalq təşkilatlar, Azərbaycanda seçkiləri müşahidə edən hər bir kəs də bu seçkilərin normal, şəffaf, azad və ədalətli şəkildə keçirildiyini etiraf edirlər. Yəni, bunlar müxlafətin həmişə inandığı və ümid etdiyi beynəlxalq təşkilatlar, missiyalardır ki, artıq öz mövqelərini bu şəkildə ortaya qoyublar. Eyni zamanda, Azərbaycan xalqı 7 noyabrda öz iradəsini ortaya qoyub, seçmək, seçilmək hüququndan istifadə edərək, bu böyük kampaniyanı gerçəkləşdirib. İndi fantastik ümidlərlə yaşayan bir qrup İctimai Palata üzvləri hansısa tələbdə, iddiada bulunurlarsa, bu, Azərbaycan xalqının iradəsinə ziddir, onun ortaya qoyduğu seçim hüququna hörmətsizlikdir. Bu tələblər, iddialar heç bir halda gerçəkləşə, reallığa çevrilə bilməz, bunlar mümkün olan iş deyil. Açıq-aydın görünür ki, bu cür tələblərlə çıxış edən müxalifət nümayəndələrində artıq bir ideya qıtlığı var. Necə ola bilər ki, xalq öz seçimini edir, seçdiyi nümayəndələrini parlamentə göndərir, nəticədə parlament formalaşır və bu, beynəlxalq təşkilatlar, müşahidəçilər, ən əsası, Azərbaycan xalqı tərəfindən birmənalı qarşılanır, ancaq, bu, 3-4 nəfər tərəfindən qəbul edilmir? Azlıq çoxluğa tabedir. Bu, demokratik mərkəziyyət prinsipinin əsas məqamlarından biridir. Onlar çox söz deyə bilərlər. Bekarçılıqdır, başqa nə fikirləşə bilərlər? Bunların ortaya qoya biləcəyi rasional bir ideya yoxdur...

- Yəni, demək istəyirsiniz ki, heç kim onların arxasınca getməyəcək?

- Təbii ki, özləri kimi 3-5 adamdan başqa heç kim onların arxasınca getməyəcək. Xalq öz işində, gücündədir. Xalq mövcud reallığı, aparılan siyasəti çox normal qiymətləndirir. Bu başdan proqnoz verirəm, ayın 12-də də onların məlum çağırışları çox uğursuzluqla nəticələnəcək və ayın 13-də həmin o İctimai Palata başa düşəcək ki, onların siyasəti yalnız və yalnız iflasa məhkumdur...

- Ümumiyyətlə, necə hesab edirsiniz, son dövrlər ərəb dünyasında yaşanan proseslər onu yaşadan və ssenariləşdirən güclər tərəfindən Azərbaycanda da təkrarlana bilməz ki?

- “Ərəb dünyasında yaşananlar” fikrindən “ruhlanan” bu insanlara bir söz demək istərdim: Ərəb dünyasında olmadan, oradakı durumu görmədən, həmin məkandakı proseslərin mahiyyətini anlamadan “Ərəb dünyasında baş verənlər Azərbaycana da keçə bilər” ifadəsində, iddiasında  bulunmasınlar. Ərəb dünyasını içəridən görmək, oradakı prosesləri gözəl anlamaq, onun iqtisadi tənəzzülünü, siyasi çöküşünü görmək və bundan sonra başa düşmək lazımdır ki, o proseslər heç zaman bu tərəflərə gələ bilməz. Mən yaxınlarda ərəb ölkələrindən qayıtmışam. Eyni zamanda, bir müddət öncə də orada olmuşam və oradakı durumu görmüşəm, yaxından müşahidə etmişəm. Mən orada yaşanan səfaləti, çətinliyi, daxili parçalanma prosesini, partiyalar arasındakı mübarizəni görmüşəm. Demək istəyirəm ki, hansısa bir məkanda baş verən, yaşanan prosesləri təhlil edərkən, onunla yaxından tanış olmaq, onu anlamaq lazımdır. Mexaniki şəkildə “orada baş verənlərin bu regionda da baş verməsi mümkündür” tezisini ortaya atmaq heç cür uğurlu variant deyil. Yəni, hər bir hadisənin başqa bir ölkəyə, məkana sirayət etməsi üçün o hadisəni yaşadan sosial-iqtisadi, siyasi səbəblər olmalıdır və bu baxımdan, bu prosesləri mexaniki şəkildə bir yerdən başqa yerə keçirmək, ixrac etmək olmaz. Ona görə yaxşı olardı ki, Ərəb dünyasında yaşananlardan “ruhlananlar” ilk öncə bu məqamları düzgün qiymətləndirsinlər  və başa düşsünlər ki, Azərbaycan Yaxın Şərq, ərəb ölkəsi deyil. Onların iddiasınca, bu hadisə İngiltərədə də ola bilər, Fransada da, digərlərində də. Tamamilə səhv və yanlış mövqedir. Axı, bunlar tamamilə başqa-başqa məkanlar, mühitlər, iqtisadi, siyasi səviyyələrdir. Bunları qiymətləndirməyi bacarmaq lazımdır. Odur ki, onlar nə belə bir ümiddə olsunlar, nə də belə bir arzu da bulunsunlar. Nə Qərbdə, nə Şərqdə gedən proseslərin mahiyyətini anlamayan bu insanlar özləri üçün bir illüziya yaratmasınlar. Bir daha qeyd edirəm, Azərbaycan Yaxın Şərq, ərəb və yaxud Afrika ölkəsi deyil. Azərbaycan güclü, qüdrətli bir ölkədir və Azərbaycanın bugünkü durumu bu ölkədə hansısa bir xoşagəlməyən ssenarinin reallaşması üçün heç bir əsas vermir.

- Amma Azərbaycanın özünün də kifayət qədər problemləri var və bunlar elə dövlət rəhbərliyi səviyyəsində etiraf olunur...

- Əgər Azərbaycanda mövcud olan problemlər dövlət səviyyəsində etiraf olunursa, bu o deməkdir ki, siyasi iradə bu problemlərin aradan qaldırılması üçün çox ciddi tədbirlər görür. Demokratiyanın özəl prinsipi də odur ki, hər hansı bir nöqsanı görüb, onu aradan qaldırmaq üçün cəhd edəsən. Cəmiyyətin içərisində gedən proseslər həmişə rəvan axınla getmir. Bu inkişafın yüksəliş, eniş məqamları, çətinlikləri, insan psixologiyası, insan qafasında olan streotiplər var. Bu gün əgər biz korrupsiyadan və ona qarşı mübarizədən danışırıqsa, bu o deməkdir ki, Azərbaycan bu məsələdə çox ciddidir, qətidir və maraqlıdır. Bu, eyni zamanda, təkcə korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunların qəbulu deyil, həm də bu qanunların reallaşması üçün gerçək mexanizmin işlənilib hazırlanmasıdır ki, onunla da əlaqədar Korrupsiyaya Qarşı Mübarizə Üzrə Komissiya fəaliyyət göstərir. Qeyd edim ki, bu gün bu proses çox şəffaf aparılır. Azərbaycan vətəndaşına bir daha sübut olundu ki, dövlət başçısı bu məsələnin üzərində çox ciddi şəkildə dayanıb və onun həllinə çalışır. Bununla belə etiraf etməliyik ki, qafalarda olan məlum sterotiplərin dəyişməsi də çətin məsələdir. O rüşvətxor, korrupsioner məmur heç də bir anın içində dəyişə bilməz. Amma bununla yanaşı, bu sterotipləri də dəyişmək, qırmaq, dağıtmaq lazımdır. Hər şey şəffaf olmalıdır. Bir daha deyirəm, bu, çox çətin prosesdir, ancaq Azərbaycan cəmiyyəti bu prosesdən də keçəcək. Bəzən insanlara elə gəlir ki, bu, çox tez bir müddətdə başa çatmalıdır. Bu, belə deyil. Bu, adi bir kampaniya deyil. Bu, mütəmadi davam edən və edəcək bir prosesdir. Eyni zamanda, kimlərsə ümid edir ki, bu, bir kampaniyadır, tez müddətdə aradan keçib gedəcək, hər şey əvvəlki kimi olacaq, yox, hər şey əvvəlki kimi olmayacaq. “Bəlkə də qaytardılar” fikri artıq bitib. Biz dəyişməliyik, Azərbaycan insanı dəyişməlidir, imkan verməməlidir ki, kimlərsə korrupsiyaya meyl etsin. Hər kəsin məsuliyyəti var, elə korrupsiyaya yuvarlananın da, korrupsiya üçün şərait yaradanın da. Bütün bunlarla yanaşı mən inanıram ki, korrupsiyaya qarşı mübarizə istiqamətində dövlət rəhbərliyi səviyyəsində atılan addımların çox uğurlu nəticələri olacaq.

- Yeri gəlmişkən, İstimai Palata ilə, yaxud bütövlükdə radikal adlandırılan müxalif kəsimlə dialoqa gedilməsi necə, mümkündürmü?

- Dialoq çox gözəl bir ideyadır. Dialoq cəmiyyətin bünövrəsidir, əsasıdır. Dialoq “mən və sən” düşüncəsindən “biz” düşüncəsinə keçməkdir. Dialoq həmrəylikdir. Dialoq eyni bir problemin həllində ortaq məxrəcə gəlməkdir. Yeni Azərbaycan Partiyası (YAP) olaraq da biz həmişə digər partiyalara dialoq təklifində bulunmuşuq, hər zaman mövcud problemləri birgə çözmək, ən rasional ideyaları bölüşmək arzusunda olmuşuq, amma təəssüf ki, bunun qarşılığında tamamilə başqa mənzərə ilə qarşılaşmışıq. Mitinqlərə çağırış, dövlət başçısına, yüksək vəzifəli dövlət məmurlarına qarşı ağlagəlməz ittihamlar, hədyanlar və sair səsləndirilib, ortaya qoyulub. Bunu səsləndirən insanlar konkret olaraq bir təkliflə çıxış etməyiblər. Məgər mitinqə çıxmaqdır təklif? Hər halda fikirlər, ideyalar çoxdur. İqtidar tərəfdə də, müxalifət tərəfdə də kifayət sayda iqtisadçılar var, yaxşı olar ki, onlar bu və ya digər iqtisadi proqramın həllində bir araya gəlsinlər. İndiyə qədər görməmişəm, onlar desinlər ki, bizim filan məsələyə həsr olunmuş Dəyimi masamız var, gəlin, oturaq, fikirləşək ki, bu dövlətin sabahkı tərəqqisi üçün hansı addımı atsaq, yaxşı olar. Yaxud tərəfin fikri yaxşıdır, gəlin onu dəstəkləyək, bu tərəfin fikri yaxşıdır, gəlin onu dəstəkləyək. Təəssüflər olsun ki, onlar indiyə qədər bu yöndə rasional bir fikir, təklif səsləndirməyiblər. “Gəlin çıxaq meydana”, çıxdıq, bəs sonra? Deyəsən, hələ də 2003-cü ildə olanlar – pəncərə sındırmaq, maşın əzmək və sair, yadlarından çıxmayıb.  Bunlar artıq keçib gedib. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Ona görə rasional ideyalar, fikirlər fikirləşib ortaya qoymaq lazımdır. Bu zaman onlarla diskussiyalara da, dialoqa da getmək olar.


Kamil Həmzəoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi