Modern.az

Sosial yardım mərkəzlərinin 10 rəhbəri, 40 əməkdaşı işdən çıxarılıb

Sosial yardım mərkəzlərinin 10 rəhbəri, 40 əməkdaşı işdən çıxarılıb

3 Noyabr 2009, 18:50

NAZİR MÜAVİNİ İLQAR RƏHİMOV: “GƏLƏN İL ÜNVANLI SOSİAL YARDIM 120 MANAT OLACAQ”

Ünvanlı sosial yardımların verilməsinin dayandırılması Milli Məclisdə də ciddi reaksiya ilə qarşılanıb. Deputat Vahid Əhmədov bunu yerlərdə əlaqədar orqanların insanların ünvanlı yardımlarını mənimsəməsi kimi qiymətləndirib. Məsələ ilə bağlı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Modern.az saytına müsahibə verib.

- İlqar müəllim, son vaxtlar ünvanlı sosial yardımların verilməsi dayandırılıb. Bunun səbəbi nədir?
- Ünvanli sosial yardımın mexanizmi çox mürəkkəbdir. 2006-cı ildən biz bunun tətbiqinə başlamışıq. Üç il ərzində buna nail olmaq çox böyük bir işdir. Eyni zamanda, bu müddət ərzində insanların daha operativ şəkildə ünvanlı yardıma yiyələnməsi üçün qanunvericiliyə mütəmadi dəyişikliklər edilib. Həm ünvanlı yardımın alınması müddəti uzadılıb, həm tələb olunan sənədlərin sayı azalıb, həm də kompüter şəbəkəsi yaradılıb, plastik kartların tətbiqinə nail olunub. Demək olar ki, şəffaflıqla bağlı bütün işlər görülüb. Bu gün ünvanlı yardım 1 milyon insanı əhatə edir. Bu xıdmətin həyata keçirilməsinə beş min insan cəlb olunub. İstisna etmirəm ki, lokal neqativ hallar ola bilər. Ancaq bununla bütün sistemin neqativ olduğunu demək olmaz. Nazirlik özü bu cür halların aradan qaldırılması istiqamətində işlər aparır. Ərizə, şikayətlərə kəskin reaksiya verilir. Son vaxtlar ərizə və şikayətlərin sayı azalıb. Qeyd edim ki, yardımın təyin olunmasından imtina olunan insanlar daha çox ərizə yazırlar. Bu sahədə neqativ hallara yol verənlər işdən çıxarılır, onlara töhmət verilir, kriminal hadisələr olanda hüquq-mühafizə orqanlarına müraciət olunur. Nazirlik bu sahədə  passiv mövqedə deyil. Ancaq bütövlükdə sistem çox səmərəlidir. Hazırda bu, Azərbaycanda aztəminatlı ailələr üçün ən səmərəli mexanizmdir.
Ünvanlı sosial yardımın tətbiqi ən kasıb ailələr arasında yoxsulluğun 20 % azalmasına səbəb olub.
Onu da qeyd edim ki, Dünya Bankı bizdən xəbərsiz ünvanlı yardımın monitorinqini keçirib. 7 min ailə bu monitorinqə cəlb olunub. Monitorinqin nəticələri onu göstərir ki, ünvanlı sosial yardım mexanzimi aztəminatlı ailələrin 90%-ni ünvanlı yardımla təmin edib. Bu, onlara belə bir nəticə çıxarmağa imkan verib ki, Azərbaycanda ünvanlı sosial yardım mexanizmi dünyada ən səmərəli mexanizmlərindən biridir.
Buna uyğun olaraq bizi bu ilin axırında Vaşinqtonda keçiriləcək ünvanlı sosial yardımın prezintasiyasına dəvət ediblər. Bizim şəbəkə ən əhatəli kompüter şəbəkəsidir. Yerlərdə aparılan hər bir əməliyyat dərhal mərkəzdə öz əksini tapır.
- Konkret olaraq bu sahədə olan qüsurlara görə neçə nəfər cəzalandırılıb?
- 2006-cı ildən başlayaraq ünvanlı sosial yardım mərkəzlərinin rəhbərlərindən 10-dan çoxu, inspektorlardan 40-a yaxını işdən azad edilib, çoxlu işçiyə töhmət verilib. Bu sistem insanlara yardım edən bir mexanzimdir və bunu daim nəzarətdə saxlayırıq.
- Gəncə şəhər Sosial Müdafiə Mərkəzi ünvanlı sosial yardımın dayandırılmasını maliyyə çatışmazlığı ilə əlaqələndirib. Nazirlik bunula bağlı hansı işləri görür?
- Maliyyə çatışmazlığından söhbət getmir. Üç illik  fəaliyyətimiz dövründə bazamıza 180 minə yaxın ailə toplanıb. Bunlar Azərbaycanda demək olar ki, ən yoxsul ailələrdir. Siyasətimiz ondan ibarət deyil ki, insanlara passiv səkildə yardım verək. Bu gün biz həmin 180 ailənin aktiv fəaliyyətə qaytarılması ücün də işlər görürük. Kiməsə is,  kiməsə ünvanlı yardım  və s.
Artıq avtomatlaşdırma işinin imitilaziyasiyası gedir. Bu da müyyən vaxt tələb edir. Buna gorə də bütün təyinatları dayandırmışıq.
Ancaq bu o demək deyil ki, ünvanlı sosial yardım ləğv olunub. Bir aydan sonra təyinatlara başlanılacaq. Hesab edirəm ki, yardım alan ailələrin sayı azalacaq. Bu müddət ərzində pensiyalar, əhalinin gəlirləri artıb, yeni iş yerləri açılıb. Bu da bizə imkan verir ki, ünvanlı yardım alanları bu mexanizmdən uzaqlaşdıraq və aktiv həyata qaytaraq.
Ünvanlı yardım texniki səbəblərə görə dayandırlıb. Həm ailələrin imitaliziyasiyası üzrə müəyyən qədər azalma olacaq, yəqin ki, kompüter şəbəkəmiz yeni ilə hazır olacaq. Güman ki, dekabrda yeni təyinatlara başlayacağıq.
- Apardığınız iş nə qədər ailəni ünvanlı yardımdan aktiv ışə cəlb edib?
Hazırda 150 min ailə ünvanlı yardım alır. Bu mexanizm çox canlı mexanzimdir, insanlar daxil olurlar və xaric olunurlar. Hesab edirəm ki, 2010-cu ildə dövriyyədə təxminən 140-150 min insan olacaq.
- Gələn il üçün ehtiyac meyarı da artırılıb. Bu mənada ünvanlı sosial yardım artacaqmı?
- Təbii, hər bir insanın ehtiyac meyarına uyğun olaraq məbləğin artırılması da olacaq. Gələn il bu rəqəm təqribən 110-120 manat olacaq.


Günay MUSAYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu