Filip Qordon: “Coğrafi cəhətdən ruslar münaqişə zonasına daha yaxındır”
ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Filip Qordon son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın fəallaşmasına münasibətini açıqlayıb.
Bratislavada keçirilən forumda çıxış edən Qordon bəyan edib ki, Rusiya və ABŞ münaqişənin həll edilməsinin əsas prinsiplərini dəstəkləyir və Minsk Qrupu arasında əməkdaşlıq atmosferi hakimdir.
Rusiya prezidentinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərini tez-tez təşkil etməsi barədə suala Qordon maraqlı cavab verib. “Coğrafi cəhətdən ruslar münaqişə zonasına daha yaxındırlar. Vaşinqtondan fərqli olaraq Rusiya üçün Soçidə, Moskvada, Sankt-Peterburqda və Astanada görüşləri təşkil etmək daha asandır”.
“Biz hesab edirik Rusiya Qarabağ prosesində şəffaf şəkildə işləyir. Həmsədr ölkələr ümumi maraqlar baxımından çıxış edirlər. Bu Avropanın təhlükəsizlinin təmin edilməsidir”-deyə Qordon bildirib.
Xatırladaq ki, martın 5-də Azərbaycan və Ermənistanın dövlət başçıları Soçidə Rusiya prezidentinin vasitəçiliyi ilə görüşəcəklər. Bu, İlham Əliyevlə Serj Sərkisyanın 2011-ci ildə ilk görüşü olacaq.
Modern.az