Hazırda mövsümdən asılı olaraq hava-damcı yolu ilə yayılan xəstəliklər artmaqdadır. Bunlardan biri də daha çox azyaşlılarda müşahidə edilən suçiəyidir. Paytaxtdakı orta məktəb və bağçalarada isə azyaşlılar arasında suçiçəyinə yoluxma artıb.
Suçiçəyi xüsusilə yaz və payız aylarında 5-10 yaşlı uşaqlar arasında müşahidə edilən viruslu infeksiyadır. Mövsümi xarakter daşımasına səbəb virusun günəşin ultrabənövşəyi şüalara davamsız olmasıdır. Mütəxəssislərin sözlərinə görə, xəstə ilk səpkinin əmələ gəlməsindən 2-3 gün öncə və bütün səpkilərin qabığa çevrilməsinə qədər yoluxucudur. Keçirilmiş infeksiyadan sonra ömürlük immunitet yaranır.
Amma şəxsi təcrübəmdən çıxış edərək övladımın ikinci dəfə suçiçəyinə yoluxduğunu bildirmək istəyirəm. Mövzuyla bağlı K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev Modern.az-a deyib ki, suçiçəyinə yoluxan insan sağaldıqdan sonra onda bu xəstəliyə qarşı immunitet yaranır:
“Əslində həkimlərin özü də suçiçəyi diaqnozunu qoymaqda çətinlik çəkirlər. Ola bilər ki, həkim əvvəlki ya da indiki halda həkim səhv diaqnoz qoyub.
Mən şəxsən uşağın “immunitetinin zəif olması səbəbindən ikinci dəfə suçiçəyinə yoluxması” fikirlərinə inanmıram. Daha çox yanlış diaqnoza inanıram. Görünür hansı haldasa diaqnoz səhv qoyulub”.
Həkim Vaqif Qarayev isə saytımıza açıqlamasında bildirib ki, xəstəliyə qarşı ömürlük immunitet yaranmasını tibb deyir:
“Mən xəstəlik keçirənlərdə təkrar yoluxma görmüşəm. Doğrudur, çox təkrar yoluxma zamanı xəstəlik yüngül formada keçir. Amma fakt budur ki, mümkündür.
Hətta bəzi ölkələrdə suçiçəyinə qarşı peyvənd də aparılır”.
Pediatr qeyd edib ki, xəstəliyin ağır forması dedikdə, səpkinin çoxluğu infeksiyanın ağırlıq göstəricisi hesab olunmur.
Ağır hallarda qızdırma uzunmüddətli, intoksikasiya əlamətləri qaçılmaz olur”.
Gülşən RAUFQIZI