Modern.az

105 FM – dəki müəlliflər

105 FM – dəki müəlliflər

Media

7 Mart 2011, 14:17

Bir zamanlar evlərimizin vazkeçilməzi olan hava radioları yəqin ki, yaşlı nəslin yaxşı yadında olar. Xüsusən də kənd yerlərində zəhmətkeşlərin mənalı istirahətlərinin əsas yardımçısı idi həmin  hava radioları. Nə qədər filmlərimizdə, teletamaşalarımızda həmin radioqəbuledicilərin səsini dinləmişik. Dinləmişik və həmin o qutunu icad edənin ruhuna rəhmət oxumuşuq. Indi isə nə Sovet var, nə də onun danışan qutusu. Amma Azərbaycan Radiosu bu gün də öz yayımını davam etdirir. Həm də burda diqqətdən qaçırılmamalı olan bir məqam özünü o saat biruzə verir: sehrli qutudan yayımlanan həmin tək hakimi – mütləq olan radio kanalla yanaşı indi ölkəmizdə xeyli özəl radiokanallar da qeydiyyatdan keçib və həmin o özəl radiokanallar öz dinləyicilərinin dəyişən zövqünə uyğun verilişlər hazırlamağa üstünlük verirlər. Bəs 105 fm tezliklərindən yayımlanan Azərbaycan Radiosunun hal – hazırda yayım siyasəti necədir? O, öz rəqiblərinin qarşısında duruş gətirə bilirmi?

Son vaxtlar Azərbaycan Radiosunda aparılan islahatlar o saat nəzərə çarpır. Xüsusən həmişə qulaq asmağa öyrəşdiyimiz “təriflərə sığmayan” verilişlərdən bir qədər fərqli formatlı, qeyri – adi verilişlər tez – tez eşidilir dövlət radiosunun efirindən. Yeniləşən dövlət radiosu əslində müstəqillikdən sonra yaranan özəl radiostansiyalara bir növ böyük qardaşlıq etməli, onlara öz təcrübəsindən nələrsə verməlidir. Amma dövlət radiosu hər nə qədər yeniləşsə də, bəzən o qədər primitiv yanlışlıqlar edir ki, adamın inanmağı gəlmir neçə illərin təcrübəsini özündə ehtiva edən Azərbaycan efir məkanının bir zamanlar hakimi – mütləqi olmuş Dövlət Radiosu belə yanlışlıqlar edə bilər. Konkret olaraq bəzən verilişlərdə baş alıb gedən sünilik, ssenarilərdəki bayağılıq adamı istər – istəməz düşünməyə vadar edir. Düşünün, harasa gedirsiniz və yolda radioyaya qulaq asmaq fikrinə düşdünüz. Və kanalları çevirə - çevirə gəlib dayanırsınız 105 fm – in üstündə. Bir uşağa veriblər mikrafonu. Və uşaq danışır. Diqqətlə qulaq asırsan ki, uşaq təxminən bunları deyir: “Mən filankəs filankəsov, n saylı məktəbin 5 – ci sinfində oxuyuram. Bu yaxınlarda mən Süleyman Rəhimovun “Mehman” povestini oxudum.” Və həmin 5 – ci sinif şagirdi başlayır əsəri xırda – xırda təhlil etməyə. Öz – özünə düşünürsən ki, axı beşinci sinif şagirdi Süleyman Rəhimovun “Mehman” əsərini necə oxuya bilər? Bu əsəri qələmə alan müəllifin dili və əsərin sujet xətti o qədər ağırdır ki, beşinci sinif şagirdi bu əsəri oxusa da bir şey anlayan deyil. Deyək ki, oxudu və anladı, bəs həmin beşinci sinif şagirdi bu əsəri necə təhlil edə bilər? Özü də böyüklərin dəsti – xətti ilə. Səbrlə və kamali - ədəblə gözləyirsən və beşinci sinif şagirdi birdən – birə sözlərinin sonunda ümumiyyətlə gül vurur: “Mən də böyüyəndə Milli Qəhrəmanımız Mübariz İbrahimov kimi qəhrəman olacağam və torpaqlarımızı düşmən tapdağından azad edəcəyəm.” Deyəcəksiniz ki, nə var ki bunda?! İstəməzsiniz ki, milli – mənəvi dəyərlərimizə sahib bir gəncliyimiz yetişsin?! Əlbəttə, istəyərik. Amma həmin yetişən orta məktəb şagirdləri özünəməxsus bir tərzdə bu fikirlərini dilə gətirsə, olmazmı? Olar... İlk baxışdan hiss olunur ki, Dövlət Radiosu hələ də klassik ssenariləşmədən canını qurtara bilməyib. Və bu da hiss olunur ki, hələ də orda islahatlar aparılarkən bəzi məqamlar gözdən qaçıb. Hər bir detala məmur xisləti ilə yanaşan radio rəhbərliyi məgər görmürmü ki, estetik baxımdan bu tip verilişlər onun imicinə xələl gətirir? Bir yandan Azərbaycan Dövlət radiosu yeniləşmə və müasirləşməni özünə əsas məfkurə kimi qəbul edir, digər bir yandan isə alışılmış fikirləri, artıq yeni yetişən nəsil üçün köhnələn dəyərləri təbliğ və təqdim etməkdən geri qalmır.

Ya da başqa bir məqam. Radio deyək ki, paytaxt teatrlarında gedən tamaşalarla tanış edir dinləyicilərini. Sırf beş – altı teatrın adı çəkilir və həmin teatrlarda oynanılan tamaşaların adları sadalanır. Amma di gəl ki, həmin anlarda adları çəkilməyən teatrlarda da maraqlı və səviyyəli tamaşalar oynanılır. Sujeti hazırlayan müxbir teatrların və tamaşaların adlarını elə sadalayır ki, dərhal sujetin tələm – tələsik hazırlandığının fərqinə varırsan.

Bunlar 105 fm – də ilk anda diqqətimizi çəkən çatışmamazlıqlar idi. Çoxları elə düşünə bilər ki, bizim Dövlət Radiosu ilə nə isə bir qəsdi – qərəzimiz var. Yox, əsla. Əksinə, bizlər də marağındayıq ki, Azərbaycanda sözün əsl mənasında sehirli qutunun bir zamanlar tək hakimi – mütləqi olmuş Dövlət Radiomuz daha da inkişaf etsin və yeni – yeni uğurlar qazansın. Amma, bəzən həmin dalğada elə verilişlər gedir ki, sadəcə və sadəcə oturub qara – qara düşünmək qalır adama.

Bu arada adamın Allahı var, son vaxtlar radioda aparılan islahatlardan sonra yaranan abu – hava müxtəlif müəllif layihələri ilə özünü göstərir. Həmin layihələri hazırlayan gənclər illərdən bəridir dəmir pərdələrə qapanmış radioya yeniliklər gətirmək üçün dəridən – qabıqdan çıxırlar. “Addım atdım”, “Bizimlə birgə”, “Biz gələcəyik”, “Kimsiz siz” kimi verilişlərin radioya gətirdiyi yeniliklər mübahisəolunmazdır. Lakin bildiyimiz qədəri ilə bu qocaman efir məkanında hələ də müəllif redaksiyası mövcud deyil. Və həmin müəllif proqramları ayrı – ayrı redaksiyaların tərkibində efirə gedir. Amma müəllif müəllif kimi fəaliyyətini davam etdirir. Soruşa bilərsiniz ki, əgər bu boyda Dövlət radiosunda müəllif redaksiyası yoxdursa bu müəlliflər necə veriliş hazırlayır? Ərz olunur qulluğunuza ki, həmin müəlliflər sırf adından çıxış etdikləri redaksiyada hələ də müxbir kimi təqdim olunurlar. Bu isə dünyada analoqu olmayan bir haldır. Biz kiməsə dərs keçmək fikrində deyilik, amma dünya jurnalistika tarixində sadəcə hansısa kiçik yazılar hazırlayan, konkret radioda isə müəyyən sujetləri hazırlayan şəxslərə müxbir deyildiyini radio rəhbərliyinə kiçicik bir xatırlatma kimi təqdim etmək istərdik. Indi siz deyin balaca bir sujeti hazırlayan müxbir hara, birdən-birə iki, üç yönümdə veriliş ya da verilişlərin aparıcısı olan şəxslər hara?!

Əgər hələ də kimlərsə bunu anlamayıblarsa, bir zamanların tək hakimi – mütləqi olan Azərbaycan Dövlət Radiosu sözsüz ki, indən sonra nə inkişaf edəcək, nə də irəliyə doğru bir addım atacaq.     

    

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır