Modern.az

Ərəb inqilabları Azərbaycana nə qədər təsir edə bilər? (Baş redaktorlar cavab verir)

Ərəb inqilabları Azərbaycana nə qədər təsir edə bilər? (Baş redaktorlar cavab verir)

8 Mart 2011, 13:52

İki aydan artıqdır ki, ərəb dünyasında baş verən hadisələr dünya ictimaiyyətinin diqqət mərkəzindədir.Hər bir insan ərəb ölkələrində yaşananlar barədə son məlumatları öyrənmək istəyir. Təbii ki, belə olan halda media imdadımıza yetişir.

Dünya mediası ərəb ölkələrindəki inqilablar barədə yetəri qədər ictimaiyyəti məlumatlandırır. Bizim mətbuat və televizyalar da ərəb dünyası barədə informasiyaları dünya mətbuatından əldə edir. Bəs həmin inqilablarda ərəb mətbuatının rolu nə qədərdir? Onlar ictimaiyyətə necə təsir edirlər? Ölkələrində olan informasiyaları dünyaya çatdıra bilirlərmi? O hadisələrin Azərbaycana təsiri ola bilərmi? Modern.az saytı bu suallarla baş redaktorlara müraciət edib.

 

“Kaspi” qəzetinin baş reaktoru Natiq Məmmədli bildirib ki, ərəb ölkələrində baş verən hadisələr bəziləri üçün gözlənilməz olsa da, dünyadakı siyasi təhlillər göstərir ki, bu gözlənilən idi və bir qədər də əvvəl baş verdi.

“Xüsusi olaraq qeyd edim ki, burda ərəb mətbuatının rolu məsələsi o dərəcədə də nəzərə çarpmır. Çünki bunlar qapalı cəmiyyətlər, totalitar rejimlərdir. O ölkələrdə mətbuat da həmin rejimin mahiyyətinə uyğun ideologiyaya xidmət edir. Onların tirajı və oxunma səviyyəsi də çox azdır, insanların ictimai fəallığı da yüksək səviyyədə deyil”.

Baş redaktorun fikrincə, ərəb ölkələrində baş verən hadisələrdə iki faktorun rolu var.

““Əl-Cəzirə” televiziyasının effektiv xəbərlərinin və sosial şəbəkələrdən, internetdən geniş şəkildə istifadə edən insanların rolu danılmazdır. İnqlablar başlayanda birinci növbədə “Əl-Cəzirə”nin yayımı dayandırılmış, ikinci növbədə isə internetə çıxış imkanları məhdudlaşdırılmışdı. Yəni bunlar deməyə əsas verir ki, həmin rejimlər üçün əsas təhlükə məhz o iki mənbədən gəlirdi”.

Bu hadisələrin Azərbaycana keçməsi məsələsinə də münasibət bildirən N.Məmmədli qeyd edir ki, inqilabın Cənubi Qafqaz regionuna, keçmiş Sovet məkanına təsiri məsələsinə politoloqlar aydınlıq gətirə bilər.

“Mənim şəxsi düşüncəm isə ondan ibarətdir ki, ərəb ölkələrinin siyasi sistemi ilə Azərbaycan cəmiyyətinin, ümumiyyətlə Cənubi Qafqazın siyasi sitemi arasında prinsipial fərqlər var. Azərbaycan cəmiyyəti açıq demokratik cəmiyyətdir. Burada mətbuat istənilən formada fikrini bildirə bilir. Yəni söz azadlığı tam şəkildə təmin olunubdur.

Digər tərəfdən Azərbaycanda internetə və sosial şəbəkələrə hər hansı məhdudiyyət yoxdur, istənilən adam Facebook, Twitter-dən istifadə edə bilər, orda icmallar yaratmaqla fikirlərini,şərhlərini bölüşə bilər”- deyə N.Məmmədli əlavə edib.

N.Məmmədlinin fikirincə, inqilab ictimai hadisədir, bunu nə mətbuat, nə də oxucu edir. Onun aparıcı kütləsi xalqdır və ən əsası inqilabın baş verməsi üçün zəmin lazımdır.

“Mən hesab edirəm ki, Azərbaycan cəmiyyətində digər cənubi Qafqaz ölkələri və keçmiş Sovet məkanı ilə müqayisədə söz və fikir azadlığı istənilən səviyyədə təmin olunub və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də müəyyən addımlar atılıb. Ümumiyyətlə, belə hadisələrin baş verməsi üçün bizdə heç bir zəmin, səbəb-nəticə əlaqələri yoxdur”.

 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu hesab edir ki, ərəb mətbuatının həmin inqilbları işıqlandırmasında heç bir rolu yoxdur. Onun sözlərinə görə, sadəcə “Əl-Cəzirə”nin hadisələr vaxtı rolu böyük olub.

R.Arifoğlu onu da qeyd edib ki, Azərbaycan cəmiyyəti ilə ərəb cəmiyyəti arasında çox böyük oxşarlıqlar var.

“Azadlıqların məhdudlaşdırılması prosesi ərəb ölkələrində olduğu kimi, Azərbaycan da var. Həmin ölkələrdə gedən proseslər Azərbaycan cəmiyyətinə çatdırılır və bu inqilablar xalqın şüuruna təsir edib, yazarların yazısına, qəzetlərimizin mövzusuna daxil olur.

Bu baxımdan ərəb inqilabları artıq Bakıdadır. Amma Azərbaycan xalqının ayağa qalxması prosesi baş verəcəkmi, bunu demək hələ mümkün deyil, çünki siyasətdə yeganə kateqoriyadır ki, xalqı proqnozlaşdırmaq olmur. Buna görə bu sabah, iki gün sonra və ya iki il sonra ola bilər” - deyə R.Arifolu söyləyib.

 

 

“Mərkəz” qəzetinin baş redaktoru Nigar Almanqızı bildirib ki, müsəlman aləmində baş verən hadisələri yaxşı və pis “Əl-Cəzirə” kanalından başqa heç bir ərəb mətbuatı işıqlandırmır.

“Onun da arxasında, mən bildiyim qədər, ərəb ad və soyadı ilə yəhudi durur. Həmin kanal müəyyən hadisələri dünyaya çatdırmağa çalışır, amma onun ərəb-ümumiyyətlə müsəlman dünyasının xeyrinə bir iş etdiyini görmürəm.

Ərəb ölkələrinin də mətbuat orqanları kifayət qədər doğru düzgün informasiya çatdıra bilmir. Bunun da səbəbi mətbuatı idarə edən hökümətlərin onları hər zaman öz nəzarətində saxlamalarıdır”.

Baş redaktor hesab edir ki, həmin mətbuat orqanlarının bu hadislərdən sonra demokratik çıxış etməsini də gözləmək bir az doğru deyil:

“Uzun müddət birinin əmrləri ilə işləyən media müstəqil olduqdan sonra çaş-baş qalır. Ərəb mətbuatından çox, siravi vətəndaşlar sosial şəbəkələrlə orda baş verən hadisələri dünyaya çatdırırlar. Mən bunu onların verdiyi açıqlamalarda da görürəm. Mediadan daha çox vətəndaşlar bu məsələlərdə aktivdirlər”.

“İnqilabın bir ölkədən digərinə keçməsi ilə bağlı fikilər son günlər çox səsləndirilir” deyən N.Almanqızı Azərbaycanı ərəb ölkələri ilə müqayisə etməyin gülünc olduğunu bildirib.

“Azərbaycanda bu hadisələr 1988-ci ildə başladı, 1992-ci ildə tamamlandı və bir az da 1993-cu ilə kimi gəlib çıxdı. Respublikamzıda bu olaylara zəmin yoxdur. Bu gün mən istədiyim kimi fikir söyləyə, qəzetimiz iqtidaryönümlü olsa belə, istənilən məmuru tənqid edə bilərəm. Amma ərəb dünyasında bunu edə bilməzdilər”.

Nigar Almanqızı əminliklə bildirir ki, ərəb dünyasında baş verən hadisələr yavaş-yavaş İranda duracaq. Çünki orda da insan hüquqları tapdalanır”.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da hesab edir ki, ərəb ölkələrində baş verən hadisələri “Əl-Cəzirə” kanalı daha yaxşı yayımlaya bilib.

“Çünki ərəb ölkələrindən xəbərlərin böyük əksəriyyəti o kanalın məlumatları əsasında hazırlanırdı. Ümumiyyətlə, “Əl-Cəzirə” kanalı informasiyaların kənara çıxarılması və dünya malına çevrilməsi prosesində çox aktiv şəkildə iştirak edib. Demokratiyanın mühüm elementi azad mətbuatın varlığıdır. Biz bunu ərəb ölkələrində, o proseslərdə mətbuatın rolunda gördük”.

“Hər bir cəmiyyətin özünəməxsus strukturları formalaşıb” deyən A.Aşırlının sözlərinə görə, inqilab məsələsinə ehtiyatlı yanaşmaq lazımdır:

“Çünki inqilab həmişə yenilik gətirmir, qan, vəba gətirir. İnqilablar qurulmuşların dağılması prosesinin məntiqi nəticəsi olur. Mən arzulamıram ki, Azərbaycanda belə inqilabi proses baş versin. Təbii həm hakimiyyət, həm də müxalifətdə keyfiyyət dəyişikliyi baş verməlidir”.

Baş redaktor qeyd edib ki, əgər inqilablar qan, vəba, bəla ilə müşayiət olunacaqsa, bu Azərbaycana müsbət heç nə verəsi deyil. 

“Azərbaycanda proseslərin çox normal şəkildə cərəyan etməsinin tərəfdarıyam. Hesab edirəm ki, hakimiyyətin son vaxtlar atdğı addımlar kifayət qədər cəsarətli addımlardır. Biz çalışmalıyıq ki, inqilablarla yox, təkamül prosesi ilə cəmiyyətin müsbət mənada yenişələşməsinin tərəfdarı olaq”. 

Aytən ƏLİYEVA

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir