Modern.az

“Özəl sektorda həmkarlar ittifaqlarına ehtiyac var”

“Özəl sektorda həmkarlar ittifaqlarına ehtiyac var”

2 Dekabr 2016, 12:19

Həmkarlar İttifaqları ölkədə işçinin hüquqlarını müdafiə edən bir qurum olaraq bilinir. Həmkarlar İttifaqının olduğu qurumlarda işçilərin əmək normalarına və digər qaydalara riayət olunur. Amma özəl müəssisələrdə Həmkarlar İttifaqına çox az rast gəlinir. Həmkarlar İttifaqının fəaliyyətini daha da genişləndirmək üçün alternativ yaradıla bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, hansı idarə, qurumda  Həmkarlar İttifaqları varsa orada əməyin mühafizəsi ilə bağlı vəziyyət həmkarlar ittifaqları olmayan qurumlardan dəfələrlə yaxşıdır.

 

“ İstehsalatda baş verən hadisələr, əmək xəstəliklərinə daha çox həmkarlar ittifaqının olmadığı qurumlarda rast gəlinir. Mən demirəm ki, həmkarlar ittifaqı əla vəziyyətdədir. Harada ki, mövcuddur o qurumda minimum işçilərin hüquqları təmin olunur, əmək müqavilələri var, əmək müqavilələri elektron sistemdə qeydiyyatdan keçib, bəzən işçilər yardım da ala bilirlər. Həmkarlar ittifaqının özəl sektorda yaranmasına nail olmaq lazımdır. Həmkarlar ittifaqı özəl sektoru çox az əhatə edə bilib. Kütləvi İnformasiya Vasitələrində həmkarlar ittifaqı yaradılıb, rəhbəri də Müşfiq Ələsgərlidir. Amma çox az sayda  qəzet, sayt və digər KİV var ki, həmkarlar ittifaqı yaradıb, demək olar yoxdu.  İşə götürənlər həmkarlar ittifaqından çəkinir. İndiki problem Həmkarlar İttifaqının genişlənməsidir.  Həmkarlar ittifaqı genişlənərsə bütün işçilərin hüquqları müəyyən dərəcədə təmin olunar. Amma işsizliyin yüksək olduğu bir dövrdə həmkarlar ittifaqı çox da fəal ola bilməz”. 

 

Sahib Məmmədov bildirib ki, Həmkarlar ittifaqına alternativ yaratmağa gəldikdə isə, gərək əvvəl həmkarlar ittifaqı olsun ki, sonra ona alternativ haqqında düşünülsün.

“ Özəl sektorun əksəriyyətində həmkarlar ittifaqı yoxdur. Ona görə də ənənəvi həmkarlar ittifaqını yaratmaq lazımdır. Harada ki, həmkarlar ittifaqı var orada işçiyə münasibət fərqlidir”.

 

Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!