Modern.az

Nazir: “Kvotanı qaldırsaq, imkanlı adamlar qaz və işıqdan aşağı qiymətlərlə istifadə edə bilər”

Nazir: “Kvotanı qaldırsaq, imkanlı adamlar qaz və işıqdan aşağı qiymətlərlə istifadə edə bilər”

Hadisə

2 Dekabr 2016, 14:05

Maliyyə naziri Samir Şərifov deputat Fəzail Ağamalının qaz və elektrik enerjisi üçün güzəştli kvotanın artırılması ilə bağlı təklifinə cavab verib.

Modern.az-ın xəbərinə görə, maliyyə naziri bildirib ki, Tarif Şurasının yeni qərarında əsas prinsip aşağı qiymətlərdən bütün təbəqələrin istifadə etməsi ilə bağlıdır:

“İmkanlı şəxslər limitdən artıq qaz və elektrik enerjisi istehlakına görə yeni tariflər üzrə ödəniş etməlidir. Əhali arasında imkanlı adamlar da var. Kvota artırılsa, belə çıxır ki, həmin adamlar da aşağı qiymətlərdən də istifadə edəcək. Tarif Şurasının qərarında əks olunduğu kimi, varlı adamlar daha çox qaz və elektrik enerjisi istehlak etdiyindən daha çox ödəməlidir. Əhalinin aztəminatlı təbəqəsinə gəlincə, artımın əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqəsinə təsirini azaltmaq üçün ünvanlı sosial yardım məbləğinin artırılması nəzərdə tutulur.

Tarif Şurasının yeni qərarı ilə artan daxilolmaların əksər hissəsi ünvanlı sosial yardımların artırılmasına yönəldiləcək. Hesab edirəm ki, bu yanaşma düzgündür. Çünki, tarif islahatının aparılması ilə əlaqədar əhalinin sosial həssas qruplarının müdafiəsi xüsusi önəm daşıyır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, kommunal xidmətlərin yüksək və keyfiyyətli göstərməsi üçün bu qurumların maliyyə durumu yaxşı olmalıdır. "Azərişıq" və "Azəriqaz"ın gəlirləri isə topladığı haqlardan asılıdır”.

 

Xatırladaq ki, Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli qərarı ilə əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün 1 kilovat-saata görə 7 qəpik, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.  Bu qərar 2016-cı il 1 dekabr tarixindən qüvvəyə minib.

Tarif Şurası təbii qazın satış qiymətini də artırıb. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün 1 kubmetr ə görə 10 qəpik, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.


Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar