Modern.az

Cahangir Hacıyev müxalifətə keçməyib - AÇIQLAMA

Cahangir Hacıyev müxalifətə keçməyib - AÇIQLAMA

3 Dekabr 2016, 10:00

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin təcridaxanadan yaydığı ittiham dolu məktubun məğzi onun müxalifət cəbhəsinə keçdiyinə dair işartılar verməkdədir.

Onun hüquqlarını müdafiə edən Fəxrəddin Mehdiyev sabiq bankirin müxalifət cəbhəsinə keçməsi ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

“Məqaləsi onun iqtidar, yaxud müxalifət cəbhəsinə mənsub olmasının göstəricisi deyil”

 

O deyib ki, müvəkkili sadəcə barəsində səslənən ittihamlara cavab verib:

“Cahangir Hacıyev baş verənlərə aydınlıq gətirib. Eyni zamanda devalvasiya və iqtisadi problemlərə görə Maliyyə Nazirliyinin yol verdiyi nöqsanlarla bağlı mütəxəssis kimi mövqeyini ortaya qoyub. Məqalə özü müxalifyönlüdür və haqlı olaraq tənqidi məqalədir. Cahangir Hacıyev həmin məqalədə öz haqlı mövqeyini sərgiləyib. Müvəkkilim hələ işlədiyi dövrlərdə də öz tənqidi fikirlərini bildirib.

Onun indiki məqaləsi 2000-ci illərdə “Zerkalo” qəzetində çıxan məqalələr səpkisində olan bir yazıdır. Qeyri-neft sektorunun inkişafı ilə bağlı onun mövqeyi olub. İndi isə daha çox devalvasiya və iqtisadiyyatdakı təhlükə ilə bağlı öz fikirlərini bildirib. Bu da iqtidar, müxalifət düşərgəsinə mənsubiyyətilə bağlı deyil”.

 

Kreslodan kameraya...

 

Vəkil C.Hacıyevin səhhətində müəyyən problemlər olduğunu bildirib:

“Onun mədəsində və digər orqanlarında problemləri var. Bundan başqa onu Bakı İstintaq Təcridxanasında 6 nəfərlik kameraya yerləşdiriblər. Bu da müəyyən narahatlıq yaradıb”.

C.Hacıyevlə eyni kamerada saxlanılan şəxəslərin kimliyinə gəlincə, vəkil onların heç birinin tanınmış şəxs olmadığını deyib:

“Onlar adi adamlardır. Ümumilikdə Cahangir Hacıyevin saxlanma şəraitindən ciddi narazılığı yoxdur”.

 

Cahangir Hacıyev azadlıq ümidi ilə yaşayır

 

F.Mehdiyev “Cahangir Hacıyev cəzasının qalan hissəsini çəkmədən azadlığa çıxacağına ümid edirmi” sualına cavabında “ümid edir ki, məsələ ciddi və hərtərəfli araşdırılacaq. Ədalətli araşdırma olarsa, təbii olaraq Cahangir Hacıyev azadlığa çıxmalıdır. Onun əməlində cinayət tərkibi yoxdur. Bütün məsələlər mülki müstəvidə, mülki icraat qaydasında həll olunmalıdır. İş hərtərəfli araşdırılacağı təqdirdə onun belə ümidləri var”, - deyə bildirib.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunaraq 15 il azadlıqdan məhrum edilib. 

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir