Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirə keçirilib. Dövlətimizin başçısı əvvəlcə Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlə tanış olub.
Prezident İlham Əliyev müşavirəni açaraq ötən illərdə respublikamızın paytaxtında konkret proqramlar əsasında həyata keçirilən silsilə və kompleks tədbirləri təhlil edib.
Bakının meqapolisə çevrilməsinin prioritet məqsəd olduğunu vurğulayan dövlət başçısı ötən müddətdə paytaxtın yol-nəqliyyat infrastrukturunun, energetika şəbəkəsinin, təbii qaz təsərrüfatının, istilik sisteminin, kanalizasiya qurğularının, digər kommunal sahələrin təkmilləşdirilməsi üçün hərtərəfli tədbirlərin reallaşdırıldığını bildirib.
Bakıda böyük abadlıq və yaşıllaşdırma işlərinin görüldüyünü, mədəniyyət ocaqlarının əsaslı təmir olunduğunu, İçərişəhərin YUNESKO-nun dünya mədəni irs siyahısına salındığını vurğulayan Prezident İlham Əliyev paytaxtda Heydər Əliyev Mərkəzinin inşasının nəinki ölkəmizdə, o cümlədən beynəlxalq səviyyədə nadir layihələrdən olduğunu qeyd edbi.
Prezident İlham Əliyev Bakı şəhəri və ətraf qəsəbələrdə aparılan yenidənqurma tədbirlərinin bundan sonra daha da vüsət alacağını vurğuladı, bu məqsədlə xüsusi dövlət proqramı üzərində iş getdiyini, müşavirənin də məhz bu məqsədə xidmət etdiyini bildirib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxtın və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı əsasında ötən müddətdə həyata keçirilən silsilə tədbirləri diqqətə çatdırıb. Bakı və ətraf qəsəbələrdə reallaşdırılan kompleks yenidənqurma işlərində Heydər Əliyev Fondunun xidmətlərini xüsusi vurğulayan Hacıbala Abutalıbov mövcud problemlərdən də danışdı və həyata keçiriləcək növbəti tədbirlərlə bağlı təkliflərini irəli sürüb.
Sabunçu rayon İcra hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Rasim Ağayev, Qaradağ rayonu Lökbatan bələdiyyəsinin sədri Nizami Namazəliyev, Suraxanı rayon İcra hakimiyyəti başçısının Bülbülə qəsəbəsi üzrə nümayəndəsi Elçin Seyfullayev, Binəqədi bələdiyyəsinin sədri Fəzail Babayev və Xəzər rayonu Şağan qəsəbəsinin sakini Təvəkkül Səlimov ötən illərdə görülən tədbirlərdən danışdılar, sakinlərin arzu və təkliflərini diqqətə çatdırıblar.
Onlar Bakı və ətraf qəsəbələrin yenidən qurulmasında yaxından iştirakına görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya xüsusi minnətdarlıqlarını bildiriblər.
Prezident İlham Əliyev yekun nitqində müşavirədə irəli sürülən təkliflər də nəzərə alınmaqla, Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı hazırlanacaq yeni proqramda nəzərdə tutulacaq tədbirlərin 3 il ərzində icra olunması barədə tapşırıqlarını verib.
Dövlət başçısı elektrik enerjisi, qaz, içməli su təchizatı və kanalizasiya sistemlərinin müasirləşdirilməsi sahəsində işlərin bundan sonra daha da genişləndirilməsinin vacibliyini bildirib, qısa müddətdə qəsəbələrarası və qəsəbədaxili yolların müasir səviyyəyə çatdırılması barədə tapşırıqlarını verib.
Şəxsi evlərin qeydiyyata alınması ilə bağlı qaldırılan məsələyə münasibətini bildirən Prezident İlham Əliyev bu problemin heç bir mənfi hala yol verilmədən, konkret və şəffaf mexanizm əsasında tezliklə aradan qaldırılmasını tapşırıb. Dövlət başçısı ətraf qəsəbələrdə təhsil, səhiyyə və idman obyektlərinin tikintisinin genişləndirilməsinin, həmçinin mədəniyyət ocaqlarının və dini abidələrin yenidən qurulmasının davam etdirilməsinin zəruriliyini bildirib.
Ekoloji məsələlərin də xüsusi diqqət mərkəzində olduğu müşavirədə Prezident İlham Əliyev yaxın illərdə paytaxtda və ətraf qəsəbələrdə abadlıq və yaşıllaşdırma tədbirlərinin miqyasının əsaslı şəkildə artırılması, şəhərətrafı ərazilərdə meşə zolaqlarının salınması barədə də tapşırıqlarını verib, ölkəmizdə “Ağ şəhər” kimi beynəlxalq səviyyəli layihələrin reallaşdırılacağını bildirib.
Dövlət başçısı Bakının qəsəbələrində əhalinin məşğulluğunun artırılması və iqtisadiyyatın ənənəvi sahələrinin dirçəldilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün güzəştli kreditlərin verilməsi mexanizminin müəyyənləşdirilməsi, bu işlərə xarici investorların cəlb edilməsi və həmin tədbirlərdə Azərbaycan İnvestisiya Şirkətinin yaxından iştirakı ilə bağlı fikirlərini bildirib.
Prezident İlham Əliyev respublikamızda istehsal edilən məhsulların süni qiymət artımı ilə bağlı ciddi tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Müşavirənin yekununda dövlət başçısı Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının qısa müddətdə hazırlanmasını tapşırıb.
Modern.az