Modern.az

Yaş senzi, mühüm insanlar, ələnməkdə ədalət

Yaş senzi, mühüm insanlar, ələnməkdə ədalət

7 Dekabr 2016, 15:26

Vəfa Allahverdiyeva    

 

Ciddi və coxşaxəli islahatlara möhkəm basılan düymədən  belə görünür ki, “sosial dövlət” anlayışı tədricən bitir. Kapitalist münasibətlər sisteminin qəddar əlamətləri özünü hiss etdirməyə başlayır və bu gərgin adminstrativ proloqda radikal addımlar üzərindən verilən qərarlar, həqiqətən də hər kəsin çətin adaptasiya olunacağı prosesdir.

Bir tərəfdən müasir texnoloji inkişaf insanın rolunu heçə endirir, digər tərəfdən iqtisadi müşküllər insana qarşı laqeydlik, ondan imtina etmək zoru yaradır.

Mövcud çətin maliyyə dönəmi insanı görəvdən azad edir, onun dövlət, qeyri-dövlət strukturunda kəmiyyətini azaltmağı başlıca hədəfə çevirir.

Artıq islahat paketinə daxil qəti ixtisar addımları və onun ardını gətirəcək inandırıcı təkliflər var, bu təkliflər kimləri ələyəcək, kimləri qoruyacaq-bəlli deyil. Sadəcə, adil olmaq, anlayışlı davranmaqla qorunmalını qorumaq, yola salınmalını qapıya qədər ötürmək gərəkir.

Kimləri?..

...Açılmış bir çiçəyin qönçə olmaq şansı tamam bitdiyi kimi, insanın fəaliyyət müstəvisinə başdan qayıtması da zor təxəyyüldür.

O, anlamaq istəməsə də, bəlli bir vaxtdan sonra kiminsə yerini tutur: şöhrət, karyera təmtərağının son akkordları ilə razılaşmır.

Müdriklik çağı belələrinə yönəlik nəcib epitetkən, bu, qocalma mənasında kobud epitet kimi qəbul edilir. Cəmiyyət üçün çox mühüm insanların acı taleyi köhnəliklə yeniliyin mübarizəsində başlayır.

Bəzən demək olar ki, bütün sahələrdə görünən və görünməyən qarşıdurmalar, konfliktlər eyni səbəbə gedib çıxır: köhnə simalarla yenilərin, köhnə təfəkkürlə  yenilikçi düşüncənin mübarizəsinə.  

Dövlət qulluğu sahəsində yaşı 70-ə çatan məmurları gənc nəslin qarşısında sədd kimi göstərən uzun söz-söhbətlərin, başqa sözlə mühafizəkar-islahatçı ziddiyyətlərinin, Yazıçılar Birliyində Anarla aparılan uzunmüddətli intriqanın, Milli Akademik Dram Teatrının tez-tez dəyişən rəhbərliyinə rəğmən, hələ də bitməyən çiləsinin, səhiyyədə, təhsildə gedən qocalmış cərrahların, şöbə müdirlərinin,  pedaqoqların ixtisarı prosesinə hirsli və incik təpkinin  də, qısası, hamısının kökündə  bu mübarizənin əlamətləri var.   

Dövlət müvafiq qanunda təqaüd üçün yaş senzini nə qədər qaldırır-qaldırsın, bu sıralanmada elə kateqoriya var ki, onlar qanunun tələbini sevmir, bioloji həyatda sona çatan gününü görəvdə bitən günü ilə paralelləşdirir.

Əgər 80 yaşlı Artur Rəsizadə baş nazir kimi işə gec gəlmək saatında sərbəstlik ixtiyarı ola-ola, 8-in yarısından kabinetində tapılırsa, yaşı 80-a yaxın Anar evindən gec çıxmaq hünərinə sahibkən, iş masası başında erkəndən görünürsə, 60 yaşlı aktrisalar teatrda rol davası döyürlərsə, həkimlər cərrahiyyə masalarından qopmaq istəmirlərsə, bu, köhnə nəslin təqaüd durumuna etirazını aydın mənalandırır: nə mövqe hərisliyi, nə öz sahəsində hakimiyyəti qamarlamaq, nə şöhrət azarı.  Sadəcə, peşə sevgisi, zəhmətə alışqanlıq, işlə nəfəs almaq duyğusu-onları başqa ittihamlarla qırmayaq, yanaşmanın doğru tərəfi əslində budur!

 Ona görə də yaşlı bir məmura-o məmur ki, onun iqtisadi, siyasi-ictimai həyatda xüsusi rolu var, yaşlı bir sənətkara-o insana ki, hər zaman səhnələrdə parlaq ulduz olub,  qocalmış yaradıcı personaya-o mədəni-ictimai fiqura ki,  söz aləmində güclü nüfuz sahibinə çevrilib, öz sahəsində bitdiyini, lazımsızlığını hiss etdirirsən- ya təqaüdə göndərməklə, ya da yaş baxımından potensialına inamsız yanaşmaq, obrazlı desək, qırışan üzləri, solan gözləri, ağaran saçları gəncliyin enerjisinə, təravətinə dəyişməklə,-bu, artıq onları vaxtından qabaq “öldürmək” demək olur.

Çünki ev həyatının başlanması, dörd divar arasında ətalətə təbii məhkumedilmə kürsülərdə, auditoriyalarda, milyonların gözü qabağında uzanan ömrün düşməni kimi çıxış etməyə başlayır.

Amma nə etmək olar ki, bütün sənətlərin öz sahibinə, yüksək mərtəbəyə gətirib qoyduğu ünlü, dəyərli insanlara yaşlanma amili ilə əlaqəli qəribə bir amansızlığı var.

Əsas sual üzərinə belə uzun fikirlə gəlmək ona görədir ki, iqtisadi islahatların tələblərində bu nəsli hədəfləmək onlara qarşı düşmənçilik, nifrət niyyətli anlaşılmasın. Uzun zamana şahidlik göstərir ki, dövlət indiyədək belə adamları başının üstündə saxlayaraq, onlara qarşı nəcib addımlar atıb;  onları mənəvi sarsıntı səbəbi ilə vaxtından qabaq öldürməmək üçün hardasa, bir cavanın yolunu bağlayıb, perspektivinə göz yumub, yaşlılara öz sahələrində zəif fiziki gücü ilə belə qalmasına rüsxət verib və cəmiyyəti də bu ovqata kökləyib.  

Əgər ünlü birisi ölənə kimi millətin vəkili statusunda görünmək istəyibsə, onun bu istəyi tanınıb. Çıxıb getməyən, bu üzdən ətrafdakı qovğalara səbəb olanlara xidmətlərinə görə öz statusunda bir az da qalmaq güzəşti edilib.    

Lakin vaxt indi həminki vaxt deyil. Ayağını yorğanına görə uzatmağı öyrənməyə məhkum xalqın bir parçası olan bu güzəştli təbəqə də  vəziyyəti fərdi analiz edərək, nə dövlətdən, nə cəmiyyətdən iddialı və mərhəmətli baxışlarla  yerində bir az da qalmaq imtiyazını ummamalıdır.

İslahatların zəruriliyi ilə kimlərsə sıradan çıxmalıdır və çıxacaq. Bu dəfə də gəncliyi, orta yaş kateqorili insanları qurban vermək, onların yolunu kəsmək ağır, bağışlanmaz mənəvi suçdur və mövcud gerçəklik, həqiqi məntiq öz karyerasını, həyat şəraitini qurmuş, ailə düzənini maddi anlamda yoluna qoymuş, bir sözlə, hər şeyə nail olmasa da, çox-çox şeylər əldə etmiş insanlar üzərinə  böyüklük, vicdanlı olma tələbini qoyur.

Onsuz da iqtisadi bəla hamını küncə elə sıxıb ki, cəmiyyətin daha heç kəsə güzəşt limiti qalmayıb. Dövlətin qərarı isə belələrinə münasibətdə həmişə hiss etdirdiyi comərd xarakterinə görə naməlum qalır.  

Mütəxəssis sayının azaldılması prosesi təqaüd yaşına zamanı bir neçə  onilliklər qalan, eləcə də perspektivini açmaq ümidi ilə əmək fəaliyyətinə yeni  başlayan gənc nəslə ədalətsiz davranıb, təqaüd yaşı keçənləri, yaxud bu astanaya bir neçə il, ay, gün etibarı ilə yaxınlaşanları təkrar qoruyacaqsa, bu dəfə vəziyyəti ağır mənəvi proses kimi keçirən yenilikçi, cavan kəsim olacaq ki, digər kateqoriyanın depressiv durumunu, küskünlük və  kədərlənməsini hesablayarkən,  əks kateqoriyanın  mənəvi sarsıntıları haqqında düşünməmək ədalət tərəzisinin gözünü qəsdən əymək demək olardı.  

Bütün sahələr üçün yeni mühüm insanlar yaratmaq onları paslanan dəmirə çevirməklə əldə oluna bilməz. Düşünməklə itiləşən zəka, çalışmaqla güclənən bilək idarəetmənin və gələcək siyasi, elmi, iqtisadi, mədəni  uğurların başlıca ehtiyat deposudur.

Odur ki, iqtisadi ağırlıqdan doğan kadr islahatlarının ələnmə tələb etdiyi prosesdə mümkün ədalətli parametr yaş senzidir...   

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı