14 mart 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Gülmira Rzayeva Sinqapurda bu ölkənin Milli Universiteti nəzdində Enerji məsələlərinin Araşdırılması İnstitutunda “Azərbaycan və enerji təhlükəsizliyi problemləri: Xəzər Regionunun enerji məhsullarının ixracının geosiyasəti” adlı məruzə ilə çıxış edəcək.
Bu barədə Modern.az-a Strateji Araşdırmalar Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
SAM-ın əməkdaşı məruzəsində son zamanlar Azərbaycanın neft-qaz hasilatı və karbohidrogen ehtiyatlarının nəqli yollarının diversifikasiyası sahəsində həyata keçirtdiyi uğurlu siyasət, ölkəmizin iri neft və qaz layihələrində iştirakı, regional və qlobal enerji təhlükəsizliyi kimi məsələlərdə Azərbaycanın artan rolundan, həmçinin dünyanın enerji tələbatını ödəmək üçün hasilatın artırılması, əldə olunan məhsulların ixraca yönəldilməsi, nəqletmə, beynəlxalq və milli neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları, Xəzər dənizində hasil olunan qazın tranzit ölkələr vasitəsilə ixracının inkişafından bəhs edəcək. Modern.az