Ədliyyə Nazirliyi Penitensiar xidmətinin kadr korpusunun şəffaf prosedurlarla və aşkarlıq şəraitində yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hazırda vakant ştat vahidləri əsasən penitensiar müəssisələrin tərbiyə işinin təşkili, rejim sahələrində, Mühafizə alayının bölüklərindədir. Penitensiar xidmətə qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək istəyən və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən hüquqşünaslıq, hərbi, psixologiya, bədən tərbiyəsi və idman ixtisasları üzrə ali təhsilə malik Azərbaycan Respublikasının vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim edə bilərlər. Sənədlər Penitensiar xidmətin baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Nizami küçəsi, 114) bütün iş günləri qəbul edilir. Modern.az